30 Sentyabr - 00:17
Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“

Sosial

01 Avqust 2022 13:52 864


Təhsil eksperti Kamran Əsədov keçmiş Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki qohumbazlıq siyasətindən gileylənib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb:

“Dostumun dostu, qohumumun qohumu, tanışımın tanışı?!

Bakı Şəhəri üzrə Təhsil İdarəsində qohumluq, tanışlıq və dostluq zəminindəki təyinatlar barəsində ona görə təkrar danışmağa dəyməz. Zatən Təhsil Nazirliyi strukturu bütünlüklə bu sindromdan əziyyət çəkdiyi barədə ətraflı yazmışdıq.

Bir dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadənin özəl kursdan birbaşa təhsilin keyfiyyətinə cavabdeh sahəyə rəhbər təyin edilməsini qınadıq. O və keçmiş kurs yoldaşları gəlib paylaşmanın şərh hissəsinə bizi qərəzli olmaqda ittiham etdilər. Biz hələ onun məhz BŞTİ müdiri ilə qohum olması barədə bir kəlmə yazmadıq, o isə özünü təhsil üzrə böyük mütəxəssis olduğunu yazıb bizi borclu da çıxartdı”.

Ekspert əlavə edib:

“Xəyalə Əhmədzadə ailə münasibətləri zəminində nazirliyə tabe məktəbə direktor və bir müddət sonra Bakı kimi şəhərin təhsil idarəetmə orqanına müdir müavini gətirilib. Heç kim şübhə etmir ki, təyinat zamanı müsahibə mərhələsi mənzillərində həyata keçirilən bu şəxs tezliklə BŞTİ müdiri təyin ediləcək. Bu azmış kimi onun təhsilə bağlılığı məlum olmayan qardaşı da artıq nazirin müşaviri postuna təyin edilib. O da heç kimə sirr deyil ki, nazirin müşaviri postu hərbiləşmiş qurumlardakı sərəncamda olmaq kimi bir şeydir. Yəni ya adamı yüksək vəzifəyə gətirmək üçün bir müddət müşavir saxlamaqla ona təhsil işçisi imici qayırırlar, ya da ki, adama heç bir vəzifə vermək istəməyəndə müşavir adlandırıb, adamı bu vəzifə ilə yola verirlər. Lakin bu təyinatlarda şübhəsiz ki, bu bacı-qardaşın daha yüksək vəzifələrə gətirilməsi hədəflənir”.

“Ümumtəhsil sahəsində heç bir fəaliyyəti olmayan, yalnız icra hakimiyyəti sistemində çalışan Günay Qurbanova birdən-birə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdir təyin edilib. İşi, sənəti sosial şəbəkə hesabında belə öz selfilərini və deputat ərinin fotosessiyalarını qoymaq olan bu adamı birdən-birə təhsili inkişaf etdirmək kimi ciddi vəzifəyə təyin etməyin arxasında nə dura bilər?

Göründüyü kimi, artıq qohum, dost və tanışlarını bitirib, dostlarının dostlarını, qohumlarının qohumlarını və tanışlarının tanışlarını vəzifəyə gətirilər... Vallah buna da etiraz etməzdik. Heç olmazsa, belələrini mühüm əhəmiyyətli vəzifələrə gətirib xalqın genefondunu məhv etməyin!”, - deyə K. Əsədov yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!