16 Avqust - 06:05
O, SSRİ tarixində səfir olmuş ilk və sonuncu azərbaycanlıdı…

O, SSRİ tarixində səfir olmuş ilk və sonuncu azərbaycanlıdı…

Yazar

12 Mart 2019 21:59 1728


“Yeni Sabah” yazıçı Vahid Qazinin Əbdürrəhman Vəzirovla bağlı bir sıra qaranlıq məqamlara işıq tutan “Tamamlanmış yarımçıq portret” başlıqlı yazısının ikinci hissəsini təqdim edir:

Əvvəli BURADA

Bir dostumuz bu kitabla bağlı mənim feysbuk paylaşmama belə şərh yazmışdı: “Vəzirov xarakterinə görə tipik bir komsomolçu olaraq qaldı, dövlət adamı səviyyəsinə qalxa bilmədi. Azərbaycana rəhbərlik etdiyi dövrdə o, özünü yuxarıdan verilən hər bir tapşırığı böyük canfəşanlıqla yerinə yetirməyə hazır olan bir komsomolçu kimi apardı”.

Özü isə düşdüyü vəziyyəti belə aydınladır: “Amerikanın SSRİ-dəki səfiri 1989-cu ilin noyabrında Bakiya gəldi və mən onu qəbul etdim. Cek Metlok “İmperiyanın ölümü” kitabında yazır: “Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa əlaqəsi yox idi. Vəzirov, bəlkə də, bir çıxış yolu tapa bilərdi, lakin o, sərbəst hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi və vətənində qaynayan siyasi ehtiraslar arasında sıxışıb qalmışdı”.

ABŞ səfirinin kitabından gətirdiyi bu sitatı Vəzirovun etirafı kimi də qəbul etmək olar.

Metlok sıradan diplomat deyildi, 1961-ci ildən fasilələrlə SSRİ-də işləmiş, imperiyanı can verən anınadək yaxından izləmiş, gözlənilən dövlət çevrilişi barədə əvvəlcədən Qorbaçovu xəbərdar etmiş biridi. Görünən odur ki, Azərbaycanda baş verən prosesləri xırdalıqlarınacan bildiyindən belə dəqiq diaqnoz qoyub.

Vəzirov kitabın bir yerində Norveç rəssamı Munkun “Çığırtı” əsərindən yazır. Körpü üstündə dəhşət bürümüş adam bütün gücüylə çığırır. Tənhalıq insanın qorxusudur!

Mənə elə gəlir ki, o, Azərbaycanda birinci katib işlədiyi dövrdəki halını o tablodakı insanın durumuna bənzədir. 

”SSRİ-nin dağılmasını şəxsi faciəm bildim”

Vəzirov kommunist partiyasına 1952-ci ilin dekabrında daxil olub. İndiyədək də o ideyaya sadiqdir. Baxın, bəşər qarşısında cinayətlərinə görə adı faşizmlə qoşa çəkilən bir idelogiya haqda nələr yazır.

”Kommunizm idrakın yaratdığı ən yüksək ideyadır… Gələcəyə inam sovet sisteminin başlıca sərvəti idi… SSRİ bənzərsiz ölkə idi. Onu böyük sevgi və nostalgiya ilə anıram. SSRİ-nin dağılmasını şəxsi faciəm bildim. Bəlkə də xoşbəxt keçmişə inam sadəlövhlükdü, amma hər halda o, indiki inamsızlıqdan qat-qat yaxşıdı… Partiya biletimi saxlayıram. O mənim üçün çox qiymətlidir”.

Kitabın “Komsomol – sevgim mənim” bölümündə rəhbərlik etdiyi təşkilatın on minlərlə gənci Uzaq Şərq, Sibir çöllərində işə təşviq etməsi elə şövqlə tərənnüm olunur ki, adam həvəsə gəlir. Unudursan, elə bilirsən, söhbət bir vaxtlar rus çarlarının, Stalin repressiyasının sürüb məhv etdiyi milyonların çürüdüyü şaxtalı Tayqa meşələrindən yox, sanki, yunan mifologiyasında təsvir olunan cənnətməkan Eliziumdan gedir.

Sonra necə oldu o yerlərə işləməyə gedən komsomolçular? Onların sonrakı acı taleyindən, faciəli həyatlarından bəhs edən neçə sənədli film var. Kitabda bu haqda heç nə deyilmir.

Kitabın 93-cü səhifəsində Vəzirovun ilin-əsrin bu vədəsində Moskvanın işğalçı hərəkətinə loyal yanaşmasına məəttəl qalırsan. Krımda olarkən 1854-1855-ci illərdə Sevastopolun (həm də türklərdən) müdafiəsi, 7 may 1944-cü ildə yarımadanın faşistlərdən azad edilməsi şərəfinə ucaldılan abidələri ziyarətindən (18 may 1944-cü ildə yerli krım-tatar xalqının sürgünündən heç nə) ağız dolusu danışır, komsomolun bayrağını “Moskva” adlı ilk sovet helokopterdaşıyan gəmisinə təqdim etməsindən fəxrlə yazır.

Və onun portretində təzad boyasını tündləşdirən bir cümlə: “Bu kitab yazılan günlərdə Sevastopol uğurla Rusiyanın tərkibinə keçdi”.

Onun sovet rejiminə sadiqliyi haqda yazdıqlarını oxuduqca gözüm önündə Svetlana Aleskiyeviçin “Sekond hənd zamanı” kitabındakı sovetin süqutunu həzm etməyib özünü öldürən marşal Axromeyev obrazı canlanır. Düzdü, sovetin çöküşündən sonra Vəzirov özünə qəsd etmədi, amma inandığı idellara sadiq qaldı, bir günün içində kommunistdən demokrata çevrilənlərdən olmadı.

Vəzirovu yaxşı tanıyan yazıçı Rüstəm İbrahimbəyov onun haqqında daha dəqiq belə yazır: “Onun dövlətçiliyə sadiqliyi hər hansı milli, hətta qohumluq bağlılığı belə əvəz edir”.

Özü isə bunu deyir: “Həyat xalqa! Şərəf heç kimə!”

 “Mənim başım rusca danışır, ürəyimsə azərbaycanca”

Vəzirov uşaq vaxtı Qarabağda gördüyü adamları, yerləri, kəhrizlərəcən, Bakı məhlələrində oynadığı oyunları xırda detallarınacan təsvir edir. Oxuduqca görürsən ki, uşaqlıq xatirələrindən gələn milli duyumları diridi.

Qarabağ xanının vəziri olmuş ulu babasından fəxarətlə söz açır, yeddi arxa dönən səcərəsindən xəbəri var.

1958-ci ildə komsomolun birinci katibiykən Novruz bayramının dövlət səviyyəsində keçirilməsini ilk dəfə o təklif edib. Şıxəli Qurbanovun müəmmalı ölümündən sonra yenə qadağan olunan bayram, bir də 1988-ci ildə Vəzirovun gösrətişiylə qeyd edilir.

Qalırsan belə, o, kosmopolitdi, yoxsa xalqdan uzaq düşmüş milli duyğulu adam?

Vəzirov SSRİ səviyyəsində yüksək vəzifəyə qalxmış ilk azərbaycanlıdı. 1959-cu ildə SSRİ gənclər təşkilatının – ölkə komsomolunun katibi seçilib. Bu vəzifədə işlədiyi 10 il ərzində Moskvadan Kamçatkayacan nüfuz qazanıb, siyasi elitada “sən” deyə müraciət etdiyi xeyli adamın hörmətini qazanıb.

1970-ci ildə ona respublikada bir neçə yüksək vəzifə təklif edilib, sonunda Kirovabad (Gəncə) partiya komitəsinin birinci katibi təyin olunub. Yaşlı gəncəlilərin yaddaşında qeyri-ordinar davranışı, tez-tez “dom ofitserə tansa getməyi”, xalqla canlı təması, “Moskvaya təyyarə reys açması”, rüşvətsiz fəaliyyətiylə qalıb.

1976-cı ildə Vəzirov SSRİ-nin Kəlküttədəki baş konsulu təyin edilir. Sonrakı illərdə isə Nepalda, Pakistanda səfir işləyir. O, SSRİ tarixində səfir olmuş ilk və sonuncu azərbaycanlıdı.

Elə bu sadalananlar milli eksiklopediyada onun haqqında üç-beş kəlmə yazmağa haqq vermir ki?

Vəzirov kitabında bu suala cavab olası maraqlı bir misal gətirir.

Venetsiyada Dojlar Sarayında sıra ilə respublikanın 76 dojunun (rəhbərinin) portreti asılıb. Onlar formal hakim idilər, hər şeyi senat həll edirdi. Respublika tarixində tək bir doj – Marino Falyer təkbaşına hakimiyyətə yiyələnmək istəyir. Bu cinayətə başıyla cavab verir. İndi onun portreti olası yer qara rənglənib, üstündən bu sözlər yazılıb: “Burada Marino Falyerin adı vardı, törətdiyi cinayətə görə boynu vurulub”.

İtaliya tarixi Falyerə qiymətini verib, amma silib atmayıb.

Dediyim odur ki, sivil toplumlar irsə, ənənəyə sadiq qalırlar, xalqın həyatında pis, yaxud yaxşı rol oynamasından asılı olmayaraq, hər kəsə tarix rəfində yer ayırırlar. Bizim kimi hər gələn özündən əvvəlkinin üstündən xətt çəkmir.

***

Bu yazıda qəsdim bir dostumuzun mənə yazdığı kimi Vəzirovu “reabilitasiya etmək” deyil. Onun buna ehtiyacı da yoxdu. Tarixin hadisələrə, şəxslərə obyektiv baxılacaq çağında yazan yazacaq onu. Mənim bildiyimsə, odur ki, nə qədər bizim siyasət meydanımız müəllifin işarə verdiyi “əliyevçilərin və cəbhəçilərin” ixtiyarındadı, Vəzirov, onun rəhbərlik etdiyi və ondan sonrakı dövr yarımçıq dəyərləndirilmiş halda da qalacaq. Çünki Vəzirov da, o dövrün başqa hakimiyyət sahibləri də hər iki siyasi qövmün ortaq “günah keçisi”dilər.

Bu yazı sözü gedən dövrə, o dövrün qəhrəmanlarına qiymət vermək cəhdi kimi qəbul oluna bilməz. Olsa-olsa araşdırmaçılara yön verər.

Vəzirova münasibətimə qalanda isə mənim qənaətimcə o, xalqına sidq ürəkdən, özü də  zövq alaraq xidmət etmək istəyən, onun rifaha çatmasına can atan, eyni zamanda güclü tayfa klanı ilə baş edə bilməyən, bir də zaman baxımından şansı gətirməyən, xalqa özünü anlada, sonacan tanıda bilməyən bir qədər kədərli tarixi simadı.

Sonda onu deyim ki, Vəzirovun bu kitabında bir xeyli suallara cavab tapdım. Amma cavab tapmadığım suallar da oldu, odur ki, portreti yarımçıq tamamlayası oldum.

Son

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!