“Onları cərimələməkdənsə, müalicə etmək lazımdır“ - Psixoloqdan ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

“Onları cərimələməkdənsə, müalicə etmək lazımdır“ - Psixoloqdan ŞƏRH

Sosial

12 İyul 2021 15:27 1313


Ötən gün “Pantural” ləqəbli bloger Tural Səfərov öz “Instagram” səhifəsində canlı yayım açaraq kişi cinsinin nümayəndələrini qadınlara qarşı zorakılığa səsləyib. O açıq geyimə üstünlük verən xanımların ünvanına ağır sözlər, təhqiredici ifadələr işlədərək onların bu cür xoşagəlməz davranışlara layiq olduğunu bildirib. Bu yanaşma isə cəmiyyətdə haqlı narazılıq doğurub. İnsanlar Tural Səfərov kimi şəxslərin qadınların həyatı üçün təhlükə törətdiyini vurğulayıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm qeyd edib ki, zorakılığa çağırış edən bu kimi insanların çoxunda uşaqlıqdan psixi travma olur:

“Necə geyinmək hər bir insanın öz qərarıdır. İnkişaf etmiş dövlətlərdə bu sahədə irəliləyiş çoxdur. Loru dildə desək, paltarsız gəzsən belə, kimsə fikir vermir. Belə hal normaldırmı? Normal deyil. Biz onu tənqid etməliyikmı? Xeyr. Bu haqqı bizə kimsə vermir. Zorakılığa meyillilik və zorakı çağırış edən insanların çoxunda uşaqlıqdan psixi travma olur. Normal olmayan ailələrdə uşaqlar çox qapalı mühitdə böyüyür. Belə insanlar hesab edir ki, onların dünyanın mərkəzində yerləşiblər, hər kəs onlarla hesablaşmalı və onlar kimi yaşamalıdır. Belə insanların çoxu cahil olur. Cahillik isə qapalılıq, sabit fikirlilik, zorakılıq doğurur”. pizza hut

Psixoloq çıxış yolunun təhsildə olduğunu diqqətə çatdırıb:

“Təhsil insanda dünyagörüş, dözümlülük, tolerantlıq formalaşdırır. Mən təhsil dedikdə burada universitetə 4 il gedib-gələn insanları nəzərdə tutmuram. Oxuduqlarını anlayan, sərbəst fikri olan, insanlara qarşı dözümlü davrana bilən, yararlı, mərhəmət hissinə sahib olan insanlar nəzərdə tuturam. Zorakılıq cəhalət göstəricisidir və qəbuledilməzdir”.

Vüsalə Rüstəm vurğulayıb ki, cəmiyyət belə tiplərə qarşı mübarizə apara bilməz:

“Belələri ilə tək mübarizə yolu indiki halda qanuni yoldur. Amma zorakılığa səsləyən insanlar cəmiyyətdə az deyil. Belə insanlar daha ağır cinayətlər törətməmiş onlara psixoloq və psixiatr köməyi göstərilməlidir. Yəni həbs və cərimədənsə hansısa mərkəzə təhkim oluna və müalicə kursu keçə bilərlər. Bəlkə də, bu yolla illərlə yığılmış nifrəti, kini yox edib cəmiyyətə normal insan qazandırmaq olar”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!