Onların keçmiş əlaqələri üzə çıxdı – Sərdar Kərimovla İnsanov necə dost olub?

Onların keçmiş əlaqələri üzə çıxdı –
May 13, 2019
Oxunma sayı: 5151

Kənd Təsərrüfatı Naziri İnam Kərimovun “Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı” sözlərindən sonra onunla bağlı maraqlı informasiya yayılıb. “Yeni Sabah” xəbər verir ki, hurriyyet.org-un yaydığı xəbərdə bildirilir ki, əslində, İnam Kərimovun belə bir mövqe sərgiləməsinə səbəb onun Əli İnsanovla keçmiş münasibətlərini gizlətmək məqsədi daşıyıb.

Sayt bildirir ki, İ. Kərimov İnsanova o qədər də yad adam deyil. İndiki nazirin əmisi Sərdar Kərimov Əli İnsanovun ən yaxın dostlarından olub.  İnsanov səhiyyə naziri təyin olunanda mərhum Sərdar Kərimovu nazirliyə gətirir və bir müddətdən sonra ona özünün birincü müavini vəzifəsini həvalə edir. 

1999-cu ildən ömrünün sonuna qədər nazirin I müavin işləyən Sərdar Kərimovun gənc yaşda vəfatından sonra belə, yaxın dostunun kabinetini heç kimə verməyən Əli İnsanovun Kərimovlar ailəsinin yüksəlməsində mühüm rol oynadığı bildirilir.

İnam Kərimovun xaricdə təhsil aldığı illər də mərhum əmisinin nazir müavini olduğu dövrlərə təsadüf edir. Bu iddia nazirin bioqrafiyasında da öz əksini tapıb: “1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb”.

Nəzərə alsaq ki, Sərdar Kərimovun ulduzu da məhz həmin illərdə parlamış; 1998-ci ilə qədər nazirliyin kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi işləmiş, 1999-cu ildən ömrünün sonuna -2003-ci ilə qədər isə Əli İnsanovun I müavini olmuşdur, İnam Kərimovun yüksəlişində indi bostanına daş atdığı şəxsin müstəsna rolu olduğu ortaya çıxır: “Görünür, gənc nazir özü barədə yarana biləcək qənaətləri alt-üst etmək üçün keçmişinə qarşı çıxmaq məcburiyyətində qalıb. Başqa sözlə desək, Əli İnsanovla bütün körpülərini yandırdığını nümayiş etdirmək istəyib. Bu həm də indiki hakimiyyətə sədaqət nümayişidir”.