Onlar hamıdan fərqləndi: İmtahanda maksimum bal toplayanlar...

saytların hazırlanması

Evə çatdırılma

Onlar hamıdan fərqləndi: İmtahanda maksimum bal toplayanlar...

Sosial

08 May 2026 17:37 175


Aprelin 12-də keçirilən buraxılış imtahanında maksimum bal toplayan şagirdlər təəssüratlarını “Yeni Sabah”la bölüşüb.

Akademik Z.Əliyeva adına liseyin rus bölməsinin şagirdi Elmir Ağamalının valideyni Günel Bünyadzadə bildirib ki, övladı ibtidai sinifdən əlaçı olub və məktəb müəllimlərindən çox razıdırlar:

“Özüm riyaziyyat müəlliməsiyəm. Məktəbdə müəllimlərlə yanaşı, ibtidai sinifdən uşaqlara riyaziyyatı sevdirməyə və öyrənmələrinə həmişə dəstək olmuşam. Məktəb müəllimləri də dərslərini çox yaxşı keçiblər. Onu tanıyanların hamısı indi mənə yazır ki, bunu gözləyirdik. Hətta ibtidai sinif müəlliməsi də mənə yazıb ki, “bunu Elmirdən gözləyirdik”. Dördpendirli pizza

Liseyin digər şagirdi Denis Tişakov saytımıza yüksək bal toplaması barədə danışıb:

“9-cu sinif imtahanına uzun müddət böyük əzmkarlıqla hazırlaşmışam. Hazırlıq prosesində əsasən öz üzərimdə çalışır, vaxtımı düzgün planlaşdırmağa və hər gün müntəzəm şəkildə dərs oxumağa diqqət edirdim. Əldə etdiyim nəticəni yalnız öz uğurum hesab etmirəm. Bu nəticədə məktəbimin, müəllimlərimin və ailəmin böyük əməyi var. Mənə hər zaman dəstək olduqları, motivasiya verdikləri və inandıqları üçün onlara təşəkkür edirəm. Xüsusilə məktəbimin mənə qazandırdığı bilik və möhkəm təməl bugünkü uğurlarımda çox böyük rol oynayıb. Mən uzun illərdir kompüter elmləri və proqramlaşdırma sahəsinə böyük maraq göstərirəm. Texnologiya ilə maraqlanmaq məni daim yeni biliklər öyrənməyə həvəsləndirib. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu uğur mənim üçün həm böyük motivasiya, həm də gələcək hədəflərimə doğru atılmış önəmli addım oldu”.

O, növbəti hədəflərindən də danışıb:

“Gələcəkdə əsas məqsədim informatika sahəsində özümü daha da inkişaf etdirmək, növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etməkdir. İnanıram ki, davamlı zəhmət, intizam və özünəinam insanı istədiyi məqsədə çatdırır”.

Liseyin daha bir şagirdi də eyni uğura imza atıb. Ramal Adıgözəlli sevincini bölüşərək qeyd edib ki, bütün şagirdlər kimi imtahan öncəsi böyük həyəcan hissi keçirib:

“Bundan öncə Bakı dövlət universiteti nəzdində gənc istedadlar liseyində təhsil almışam, yüksək nəticə ilə ora qəbul olaraq, BDU rektoru tərəfindən təltif edilmişəm və indi oxuduğum liseyə 1-ci yer ilə qəbul olmuşam.

Bu nəticəyə nail olmaq üçün uzun müddət ciddi şəkildə hazırlaşmış, çox zəhmət çəkmişəm. İmtahanın çətin keçməsinə baxmayaraq, məqsədyönlü olmağım, zəhmətkeşliyim və özümə olan inamım sayəsində qarşıma qoyduğum məqsədə çatdım. Açığı, 300 bal toplaya biləcəyimə inanırdım, lakin müəyyən qədər həyəcan və şübhə də var idi.

Buna baxmayaraq, valideynlərimin və müəllimlərimin mənə olan inamını doğrultmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bu uğurda ailəmə, müəllimlərimə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Aydan Gülalıyeva da yüksək bal toplayanlar sırasında yer alır. O, saytımıza açıqlamasında vurğulayıb ki, həmişə özünə güvənib:

İmtahanda bu balı gözləyirdim, özümə güvənirdim. Bu yolda mənə əvvəlcə valideynlərim, daha sonra müəllimlərim çox böyük dəstək veriblər. Liseydə təhsil aldığım üçün, repititor yanına getmirdim. Bu balı toplayacağıma inanırdım, nəticələrimə görə çox sevinirəm”.

Yüksək bal toplayanlardan biri də Bakı şəhərində yerləşən 103 saylı orta məktəbin şagirdi Nərgiz İsmayılzadədir. O, saytımıza açıqlamasında bildirib ki, imtahan nəticələrini ilk dəfə atasından öyrənib:

“Onun sevincini səsindən hiss etdim. Bildim ki, maksimum nəticə, 300 bal toplamışam. Çox sevindim və həyəcanlı idim. Ölkə birincilərindən olmaq qürurverici hissdir. İmtahan sualları elə də çətin deyildi. Hazırlıqlı olduğum üçün sualları rahatlıqla cavablandırırdım. Xüsusilə ingilis dili bölməsi mənə daha rahat gəldi. Gələcəkdə tibb sahəsini seçmək, cərrah olmaq istəyirəm. Əsas hədəfim Qarabağ Universitetində təhsil almaqdır. İmtahana hazırlaşan uşaqlara tövsiyəm odur ki, məqsədlərinə çatmaq üçün çox çalışsınlar, hər gün mütəmadi şəkildə dərs oxusunlar”.

102 saylı orta məktəbin şagirdi Həsən Məhərrəmli 300 bal toplamasının sevincini belə yaşayır:

“İlk olaraq bu sevinci ailəmlə və müəllimlərimlə paylaşdım. Nəticələri öyrənəndə çox həyəcanlandım və sevindim. Əziyyətimin qarşılığını almaq mənə böyük sevinc və motivasiya verdi. Açığı, bu nəticəni gözləyirdim, çünki il boyu planlı və ciddi hazırlaşmışdım. Əsasən də son 1 ay ərzində təkrara xüsusi diqqət edirdim. Ölkə birincilərindən olmaq həm qürurverici, həm də məsuliyyətli hisdir. Bu, insana daha çox motivasiya verir və çalışmağa həvəsləndirir. Suallar ümumilikdə proqram çərçivəsində idi və mən imtahan ərzində 3 saat vaxtın 1 saat yarımını riyaziyyat fənninə ayırmışdım. Çünki məncə, ən çətini riyaziyyat idi. Gələcəkdə İqtisadiyyat sahəsini seçmək istəyirəm. Məqsədim Bakı Ali Neft məktəbində təhsil alıb, peşəkar mütəxəssis olmaqdır. İmtahana hazırlaşanlar demək istəyirəm ki, özlərinə inansınlar və planlı şəkildə çalışsınlar. Ən vacibi davamlı olmaq və stresə qapılmamaqdır. Çətin mövzulara diqqət etsələr nəticə gözlənilən kimi olacaq”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!