Sumqayıtda ana özünü və 3 övladını öldürməyə cəhd edib. Bu, dəhşətli hadisədir. İnsan hansı həddə gəlməlidir ki, özü heç, hətta öz canından əziz olan övladlarına qıymağa cəhd etsin?!
Elə bir adam olmaz ki, ömründə heç olmasa bir dəfə intihar etmək haqda düşünməsin. Bu insanın ən emosional, çarəsiz vəziyyətində ağlına gələn yeganə çıxış yolu olur. Başqa yol yoxdur. Onun həyatında çəkilmiş enişli-yoxuşlu, daşlı-kəsəkli yol bitib. Uçurumun qarşısındadır. Bura o özü gəlməyib. Ətrafı, bəlkə də həyatında özünə ən yaxın hesab etdiyi adamlar tərəfindən sürüklənərək gətirilib. Sonuncu addımı qalıb. O addımı heç atmaq istəmir. Lakin onu bu nöqtəyə gətirənlər amansızdır. İtələyirlər. Boşluğa burax özünü deyirlər. Və əlvida həyat, əlvida sevdiklərim...
Kiminsə intiharı əslində bir qətl hadisəsidir. Bu, bildiyimiz qətldən daha amansız cinayətdir. İnsanı özü-özünü öldürməyə məcbur etmək hissini sözlə ifadə etmək mümkünsüzdür. Azərbaycan Cinayət Məcəlləsində bununla bağlı maddə də var: Özünü öldürmək həddinə çatdırma. Bu maddədə kimisə özünü öldürmə həddinə çatdıran şəxs üçün 3 ildən 7 ilədək həbs nəzərdə tutulur. Cəza olduqca yüngüldür... Eyni zamanda mənə maraqlıdır. Ölkədə xeyli sayda intihar faktları mövcuddur. Heç kim kefindən intihar etmir. Onu mütləq bu həddə çatdıran şəxs və ya şəxslər var. Yaxşı, görəsən, indi ölkədə bu maddə ilə nə qədər adam cəza alıb? Varmı? Öz düşüncəmi desəm, bəlkə də yüzdə bir belə hal var, ya da yoxdur... Pepperoni pizza
O adamları o uçurumdan itələyənlər öz həyatlarını yaşayırlar. Hətta bəlkə də böyük bir qismi onun davranışına görə özünə qəsd edən şəxsdən qadasız-bəlasız qurtardıqları üçün şadlıq da edir. Həyat bu qədər amansızdır. Amma onlar anlamır ki, hər kəs bir gün öləcək. Anlamırlar ki, özünə qəsd edən adamlar əslində bu addımları ilə bu həyatda çəkdikləri üzüntüdən xilas olublar. Artıq onları heç kim incidə bilməyəcək. Heç kim onları harasa itələyə bilməyəcək. Onlar boşluqdadırlar. Bitdi...
İntihar problemdən qaçış deyil. Zəiflik heç deyil. Cəsarət də deyil. O an məsələsidir. O anı atlatdınmı, bir müddət sonra fərqli düşünəcəksən. Amma o an sənin ürəyində, beynində hər şey bitmiş şəkildədir. Duyğular ölüb. Sevdiklərin ölüb. Dəyər verdiklərin dəyərini itirib. Səni torpağın üstünə bağlayan heç nə qalmayıb. O an ən kiçik bir xoş söz belə səni sonuncu addımı atmaqdan qaytara bilər. Görünür, sonuncu addımı atanların heç birinin belə şansı olmayıb. Onları itələdikcə itələyiblər.
İntihar silahdır. Sonuncu silah. O anda seçim olmur. Yol dümdüzdür. Ya sonuncu addımı atırsan, ya da kimsə sənə əl uzadır, gəldiyin yolla da geri qayıdırsan. Geriyə isə yol həmişə var. Təki orada səni kimsə gözləsin. Vicdanı ilə, ürəyi ilə, duyğuları və insanlığı ilə...
Elnur Məmmədli
Telegram kanalımız