Paytaxt Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin həmsədrliyi ilə V Enerji Forumu baş tutub.
“Yeni Sabah” xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata əsasən, iki qardaş ölkə arasında enerji sahəsindəki münasibətlərin strateji müttəfiqlik mərhələsinə yüksəldiyi diqqətə çatdırılıb. Tədbirdə İğdır-Naxçıvan qaz boru kəmərinin istismara verilməsi, “Abşeron” və “Şəfəq-Asiman” yataqları üzrə əldə olunan razılaşmalar, eləcə də SOCAR-ın Türkiyədə 870 MVt gücündə elektrik stansiyasını aktivinə qatması tərəfdaşlığın əsas uğurları sırasına daxil edilib.
Rəsmi məlumatlara görə, indiyəqədər Azərbaycanın mövcud nəqliyyat infrastrukturu ilə Türkiyə və qlobal bazarlara ümumilikdə 561 milyon ton neft və 196 milyard kubmetr təbii qaz nəql olunub. Türkiyə bazarına çatdırılan Azərbaycan qazının həcmi 130 milyard kubmetrə çatıb ki, bunun da 40 milyard kubmetrlik hissəsi TANAP boru kəmərinin payına düşür. Bu ilin ilk 8 ayında Türkiyəyə 6.2 milyard kubmetr, Türkiyə tranziti ilə Avropaya 7.5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı təchiz edilib. pizza
Forumda gələcək əməkdaşlığın ana xətti kimi Xəzər dənizi və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialının Azərbaycan və Türkiyə üzərindən Avropaya ötürülməsini nəzərdə tutan yaşıl enerji dəhlizlərinin qurulması seçilib. Bununla yanaşı, energetikada rəqəmsallaşma və süni intellektin tətbiqi, eləcə də Azərbaycanın COP31 tədbirinə ev sahibliyi etməsində Türkiyəyə verdiyi dəstək vurğulanıb, yekunda nazirlər tərəfindən rəsmi Protokol imzalanıb.
Telegram kanalımız