Son illər paytaxtın xüsusilə də mərkəzi hissələrində fəaliyyət göstərən bəzi restoranlarda xoşagəlməz, qanuna zidd hallar müşahidə edilir. Belə ki, ya təqdim olunan menyu, ya da sonda gətirilən hesab ancaq rus dilində olur.
Yenisabah.az xəbər verir ki, belə restoranlardan biri də “Lviv Chocolate”in Nərimanov filialıdır. Ötən gün şokolad evində olan əməkdaşımız hesab gəldikdə ilk əvvəl ofsiantdan hesabın rus dilində təqdim etməsinin səbəbini soruşub. Şəxs vəziyyəti izah edə bilmədikdə isə məsələyə qurumun meneceri ilə aydınlıq gətirməyə çalışıb. Menecerin sözlərinə görə, şokolad evinin sahibi Ukrayna vətəndaşı olduğu üçün burada belə bir qayda tətbiq edilib. Lakin irad olduğu təqdirdə bu rəhbərliyə bildirilir və buna uyğun addımlar atılır. Tərəflər arasında yaşanan qısa dialoqu təqdim edirik:
- Salam, hesabın nə üçün rus dilində təqdim edildiyini öyrənə bilərəm? pizza hut
- Çünki buranın sahibi Ukrayna vətəndaşıdır.
- Bir Azərbaycan vətəndaşı olaraq mən rus dilini bilməyə bilərəm, həmçinin digər vətəndaşlarımız, bu o deməkdir ki, restorana ancaq rus dilini bilənlər gəlsin?
- Nəsə problem olacağı təqdirdə bizə müraciət edə bilərsiniz, biz izah edərik.
- Mən getdiyim yerdə kimisə hər dəqiqə narahat etmək istəmirəm. Məsələ də rus dilini bilib-bilməmək deyil. Sadəcə reallıq odur ki, qurumun rəhbəri biznesini Azərbaycanda qurub və Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Əgər xarici qonaqlar nəzərə alınırsa, düşünürəm ki, həm menyu, həm hesab ingilis dilində də ola bilərdi. Həmçinin qanuna uyğun olaraq onları hər üç dildə, yəni əvvəl Azərbaycan, sonra rus və ingilis dilində yerləşdirsəniz, mən irad bildirməzdim.
- Sizi çox yaxşı anlayıram, iradınızı rəhbərliyə bildirəcəm və nəzərə alınacaq.
Qeyd edək ki, dil haqqında qanuna görə, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Telegram kanalımız