Laçının işğaldan azad edilməsindən 4 il ötür.
"Yeni Sabah" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat qeyd edib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra 2020-ci il dekabrın 1-də Laçın rayonu, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilib. Prezidentin imzaladığı sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur. pizza sifarişi
V.Bayramov bildirib ki, bərpa və yenidənqurma mərhələsinə qədəm qoyan Laçında iqtisadiyyatın inkişafı və reinteqrasiya prosesi artıq başlayıb. Onun sözlərinə görə, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən ümumi investisiyanın həcmi 5 milyard manatdan çox olub. Bunun 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb.
Deputatın sözlərinə görə, Laçın rayonunda illik məhsulun ümumi istehsalı artıq 1 milyard manatı ötüb. İşğaldan azad olunandan sonra rayonun iqtisadiyyatı 25 dəfə böyüyüb.
Belə ki, 2020-ci ildə Laçın rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 42 milyon manat olduğu halda, hazırda bu göstərici 1 milyard manatı keçib.
Məhsul buraxılışında ən böyük pay tikinti sektorunun payına düşüb. Bu sahədə 899 milyon manatlıq məhsul istehsal olunub. İntensiv bərpa və yenidənqurma işləri tikinti sektorunda ciddi canlanma yaradıb.
Bununla yanaşı, Laçında sənaye üzrə illik məhsul istehsalı 65 milyon manat, kənd təsərrüfatı üzrə isə 49 milyon manat təşkil edib.
Deputat vurğulayıb ki, işğal nəticəsində dağıdılan və uzun illər baxımsız vəziyyətdə qalan Laçın artıq regionun əsas iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir.
Aytac Əliyeva
Telegram kanalımız