Prezident İlham Əliyev YAP-ın qurultayında çıxışı zamanı son günlər baş verən hadisələrə konkret mesajlarla qiymət verdi.
- Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir.
- Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın. pizza mizza
Əliyev ad çəkməsə də, bu mesajların ünvanı bəllidir. Əslində bu qiymətləndirmə ən yüksək səviyyədə daha əvvəldən verilməli idi, xüsusilə silahların alınması məsələsində. Çünki rəsmi Bakı susduqca, Qarabağ zəfərindən özlərinə pay çıxaranlar oldu. Eyni zamanda, silahları sanki pay veriblərmiş kimi mövqelər irəli sürdü. Həqiqət isə ortadadır: Qarabağı Azərbaycan əsgəri azad edib, müxtəlif ölkələrdən – Türkiyədən, İsraildən, Rusiyadan, Avropadan alınan silahların pulu heç bir güzəşt olmadan ödənilib. Bu faktlar təkcə bu gün yox, həm də tarix üçün dilə gətirilməlidir.
Asif Nərimanlı
Telegram kanalımız