Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Ayasofya məscidinin yeraltı hissəsində aparılan araşdırmalarla bağlı maraqlı açıqlama verib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Ayasofyanın yeraltında yerləşən tarixi tunellər, su kanalları, zirzəmilər və müxtəlif məqsədlərlə istifadə olunmuş məkanlarda genişmiqyaslı təmizləmə və tədqiqat işləri aparılır.
İndiyədək həmin ərazilərdən təxminən 3 min ton lil və tikinti qalıqları çıxarılıb. Nəticədə əvvəllər daxil olmaq mümkün olmayan sahələrin araşdırılmasına şərait yaranıb. İşlər davam etdikcə yeni məkanlar da aşkar edilir. Dördpendirli pizza
Mehmet Nuri Ersoy bildirib ki, yeraltı tikililər İstanbulun tarixi su təchizatı və infrastruktur sistemi haqqında mühüm məlumatlar verir. Burada yağış sularının axıdılması və suyun paylanması üçün nəzərdə tutulmuş sistemlər araşdırılır. Bəzi tunellər insanların rahat hərəkət edə biləcəyi ölçüdədir.
Araşdırmalar zamanı Ayasofyanın şimal-şərq hissəsində yerləşən, dörd otaqdan ibarət yeraltı məzarlıqda – hipogeydə də tədqiqatlar aparılır. Bu işlərin Ayasofyadan daha qədim dövrlərə aid tarixi izlərin öyrənilməsinə kömək etdiyi bildirilir.
Nazir qeyd edib ki, Ayasofyanın yeraltı hissəsi ən azı yerüstü memarlığı qədər maraqlıdır. Hazırda bu ərazilərin tarixi xüsusiyyətləri, funksiyaları və bir-biri ilə əlaqələri araşdırılır.
Ersoy yaxın vaxtlarda yeraltı məkanların əvvəlcə jurnalistlərə təqdim olunacağını bildirib. Daha sonra mühafizə, təhlükəsizlik və ziyarətçilər üçün zəruri infrastruktur işləri başa çatdırılan uyğun bölmələrin ictimaiyyətə açılması planlaşdırılır.
Bununla yanaşı, Ayasofyadakı bərpa və möhkəmləndirmə işləri də davam edir. Nazir bildirib ki, xüsusilə əsas günbəz və daşıyıcı konstruksiyaların gücləndirilməsinə diqqət yetirilir. Bütün müdaxilələr elmi heyətin və mühafizə qurumlarının qərarları əsasında həyata keçirilir.
Mehmet Nuri Ersoy Ayasofyanın ibadət və ziyarət üçün açıq saxlanılması ilə yanaşı, tarixi görkəminin və memarlıq xüsusiyyətlərinin qorunmasının əsas məqsəd olduğunu vurğulayıb.
Telegram kanalımız