Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem hər zaman gündəmdə olub. Bu istiqamətdə həm qanunlar, həm də idarəçiliklə bağlı son illər xeyli addımlar atılıb.
İndi media sahəsində fəaliyyət göstərmək, informasiya xidməti yaratmaq və bu xidməti həyata keçirmək kifayət qədər rahatdır. Ölkədə istər yazılı, istər digital, istərsə də onlayn media strukturlarının sayı yüzlərlədir. Bu sahədə böyük rəqabət mövcuddur. Bəs problemlər nədən ibarətdir? Biz müasir dünyanın aparıcı media qurumları ilə ayaqlaşa bilirikmi?
Mövzu haqda Yenisabah.az-a danışan media üzrə mütəxəssis Qulu Məhərrəmli hesab edir ki, plüralizm, fikir müxtəlifliyi medianın əsas missiyalarından biridir. pizza
O, vurğulayıb ki, bu işi yalnız heç kimdən, heç bir qurumdan və siyasi partiyadan asılı olmayan azad media normal şəkildə reallaşdıra bilər:
“MEDİA-nın yaradılmasında, onun nizamnaməsində göstərilən əsas məqsədlərdən biri də ölkədə söz və mətbuat azadlığının yaradılmasına dəstək verməkdir.
Hazırda bu yöndə proseslər davam edir. Məsələn, Şuşadakı forumda mənim diqqətimi cəlb edən ən ciddi nüans ondan ibarət idi ki, fikir və mövqe müxtəlifliyindən asılı olmayaraq, tərəflər çox gözəl təmsil olunurdu.
Orada mən müstəqil ekspertləri, az sayda olsa da, tənqidi medianın nümayəndələrini gördüm. Əlbəttə ki, çoxluq hakimiyyətə yaxın olan media qurumları idi və buna da təbii baxmaq lazımdır.
Amma önəmli olan müstəqil media və azad düşüncə seqmentini inkişaf etdirməkdir. Bunun üçün isə fəaliyyət sərbəstliyi, maddi resursların bərabər bölünməsi və reklam bazarının inkişaf etdirilməsi lazımdır. Bunlar çox önəmlidir”.

Ekspert onu da əlavə edib ki, burada hökumətdən asılı olan cəhətlər var:
“Yuxarıda dediklərim də hökumətdən asılı olan nüanslardır. Amma medianın özü üçün də gərəkli olan peşəkarlığın və peşə prinsiplərinin qorunması məsələsidir. Eləcə də bu missiyanın azad bir şəkildə reallaşdırılmasının mümkünlüyüdür. Yəni jurnalistlərin özündən asılı olan nüanslar da burada çoxluq təşkil edir.
Mənə elə gəlir ki, bu gün Azərbaycan mətbuatında hər halda internetin mövcudluğu ona imkan verir ki, biz böyük bir fikir palitrasını görə bilirik. Sosial şəbəkələr kimi yardımçı platformalar var və onu da nəzərə almaq lazımdır ki, bu, artıq ənənəvi media ilə yanaşı inkişaf edir və bir çox hallarda ona da təsir edir. Bu, bizim üçün məlumat mənbəyi olmaqla yanaşı, həm də mövzu mənbəyinə çevrilir ki, bu da müsbət tendensiyadır.
Lakin mənfi tendesiya isə ondan ibarətdir ki, bəzən bizim ənənəvi peşəkar mediamız sosial şəbəkələrin təsiri altında olur və demək olar ki, onun gündəmini təkrarlayır. Amma halbuki burada əsas məqsəd ondan ibarət olmalıdır ki, peşəkar media proseslərə yön verməlidir. Yön vermək üçün də peşəkar bacarıqlar, yüksək bilik, mühiti duymaq, prosesləri təhlil etmək, bacarıqlı kadrlara sahib olmaq – bunlar lazımdır. Ona görə də hələlik düşüncəm ondan ibarətdir ki, böyük, xüsusi uğurlar haqqında danışmaq çox tezdir”.
Q. Məhərrəmli bununla yanaşı hazırda mediada əvvəllər mövcud olmuş reketçiliyin kəskin şəkildə azalmasını da qeyd edib:
“Ciddi qarşıdurma, azad fikrə görə insanların təqib olunması, onlara qarşı kampaniya aparılması yoxdur və bu, müsbət tendensiyadır. O cümlədən insanlar müəyyən bir fikrin sahibi ola və onu əsaslandıra bilir. Ona görə də ictimai əxlaqa zidd olmayan fikirlər üçün heç kim, heç kimi qınaya bilməz.
Fikir plüralizmi bizdə şüurların, açıq düşüncənin inkişafı üçün bir tramplin rolunu oynamalıdır. Əvvəllər də belə olub, yəni müstəqillik dövründə biz rənglərin yalnız ağ və qaradan ibarət olması qənaətində deyilik. Fərqli fikirlər ola bilər və media da bu fikirlər üçün bir növ forumdur. Medianın əsas missiyalarından biri də sosial harmoniya yaratmaq, meydan verməkdir, o çoxluğu, plüralizmi əks etdirməkdir və hesab edirəm ki, bizim medianın buna hər zaman diqqət yetirməsi çox vacibdir”.
“Yeni Müsavat” Media Qurumunun rəhbəri Rauf Arifoğlu isə Şuşada keçirilən Beynəlxalq Media Forumuna toxunub:
“Şuşada keçirilən forumda medianın qlobal anlamdakı problemləri müzakirə olundu, bunlar keçidlər, konvergensiya məsələləri və s. idi. Həmin keçirilən forumun özü Azərbaycan mediasının vəziyyətinin göstəricisidir və bu vəziyyət o qədər də pis deyil. Yəni Güney Qafqazda Azərbaycan mediasının mövqeyi pis vəziyyətdə sayılmaz, əla da deyil, lakin yaxşı vəziyyət demək olar.
Bu fakt həm də 44 günlük Vətən Müharibəsi timsalında da özünü göstərdi. Azərbaycan mediası həm rusdilli, həm ingilisdilli, həm də digər istiqamətlərdən gələn çoxsaylı dezinformasiya hücumlarına davam gətirə bildi, sınaqdan çıxdı, Azərbaycan əhalisini o dezinformasiyalardan qoruya bildi. Bunların hamısı da Azərbaycan mediasının göstəriciləri sayıla bilər.

Doğrudur, müəyyən problemlərimiz var və o problemlərin bir neçəsini, hətta onlarcasını sadalamaq olar: Peşəkarlıq məsələsindən tutmuş, məhkəmə sisteminin təkmil olmaması, medianın məhkəmələr vasitəsilə cəzalandırılması, reklam haqqında qanunun işlək vəziyyətdə olmaması, reklam bazarının məhdud olması, mediaya vəsait qazanma imkanlarının məhdudlaşdırılması və s. problemlər var”.
R. Arifoğlu əlavə edib:
“Qaldı ki, plüralizmin mediada olması məsələsinə, əlbəttə ki, bu, var. Çünki plüralizm mediada olmasa, medianın özü olmaz. Bilirsiniz ki, biz hazırda sosial media ilə rəqabətdəyik. Azərbaycanın normal, ənənəvi mediası sosial media ilə rəqabətdədir. Əgər biz plüralist fəlsəfəyə önəm verməsək, onu bir sac ayağı kimi özümüzün iş prinsipinə otuzdurmasaq, bizi heç kim oxumaz, heç kim münasibət bəsləməz və heç kim də bizə baxmaz. Biz buna həm də məcburuq.
Bunun özünün isə bircə yaxşı keyfiyyəti var ki, hətta Azərbaycan hakimiyyəti istəsə belə, Azərbaycan mediasından plüralistik məqamı və eyni zamanda tənqidi yığışdıra bilməz. Əks halda mediaya gərək qalmaz və hər şey sosial medianın diktəsi altında olar.
Elə bütün bunları da biz Şuşa Media Forumunda müzakirə etdik. Gələcəyin mediasını, dünyada media və sosial media münasibətlərini, keçidləri müzakirə etdik”.
Sosial medianın ənənəvi mediaya olan təsirini minimallaşdırmaq üçün fikirlər söyləyən həmsöhbətimiz onu da söyləyib ki, sosial mediada məsuliyyət hissi yoxdur:
“Yaxşı, bəs necə etmək olar ki, sosial mediadan yararlanaq, lakin sosial medianın təsiri və məhdudlaşdırıcı dairəsinə düşməyək? Çünki sosial media operativdir, məsuliyyət hissi yoxdur. Biz xəbəri müəyyən bir mətnə çevirib, hansısa rəy alıb, onun məsuliyyət sığortalarını həll edənə kimi, sosial mediada bununla bağlı bir cümləlik xəbər gedir və bizim operativliyimiz və eksklüzivliyimiz sıradan çıxır. Bax, belə bir vəziyyətdə Azərbaycan mediası işləyir. İndiki gün üçün bizə artıq siyasi düşərgələr, hakimiyyət və müxalifət rəqib deyil, bizə artıq rəqib olan sosial mediadır və bu rəqabət də bizi yeni normalara sövq edir”.
“Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı isə deyib ki, əslində, jurnalistika əks fikirliliyin cəmiyyətə çatdırılması, faktların ümumiləşdirilməsi, təhlili və onun obyektiv şəkildə ekspertlərin rəyi ilə bərabər cəmiyyətin diqqətinə çatdırmaq, eləcə də cəmiyyətdə baş verən proseslərin müxtəlif istiqamətlərdə təhlilinə nail olmaqdır:
“Bu baxımdan, Azərbaycanda media plüralizmində problemlərimiz təbii ki, var. Tərəflərin mövqelərinin biri öyrənilir, o biri tərəfi isə yox. Bu şəkildə də yazılar saytlarda və qəzetlərdə dərc olunur. Əslində, bu, natamamlıq kompleksindən doğan bir yazı nümunələridir. Jurnalistika, dediyim kimi, müxtəlifliklərin üzərində qurulmalıdır və mahiyyətində tənqidçilik ruhu olmalıdır. Materialın cəmiyyətə təsiri sıfırın altıdır. Bu baxımdan, çox istərdik ki, cəmiyyətdə əksfikirlilik olsun və ona da hörmət edilsin”.
Akif Aşırlı burada “Əkinçi” ənənələrindən də söz açıb:

“Onu deyim ki, Qərb jurnalistikası ənənələrindən danışılır, lakin bizim milli mətbuatın başlanğıcı olan “Əkinçi” qəzetinin özündə də əksfikirliliyə hörmət vardı. Məsələn, Aşura mərasimlərinin keçirilməsi ilə bağlı bir məqalə var idisə, o məqalənin əksinə olan digər məqalələr də dərc olunurdu. Deməli, bizim klassik mətbuat ənənələrimizdə də bu, var.
Hesab edirəm ki, hər bir media quruluşunun strukturları fərqlidir və onların istiqamətləri müxtəlifdir. Ancaq bu müxtəliflik olsa, məzmun da zəngin olar. Bu baxımdan, media strukturları buna fikir və diqqət yönəltməlidirlər. Belə olmayacağı təqdirdə, ictimaiyyətdən dəstək ala bilməyəcəyik”.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız