İş saatlarının səmərəli təşkili, iş gününün müddəti və əməkdaşların iş yükü məsələsi yenidən gündəmə gəlib.
Ənənəvi iş rejimində əsas diqqət işçinin müəyyən olunmuş saatlarda iş yerində olmasına yönəldilsə də, müasir yanaşmada görülən işin keyfiyyəti və əldə olunan nəticələr daha çox əhəmiyyət daşıyır. Bu baxımdan, iş gününün qısaldılması, iş saatlarından daha səmərəli istifadə və çevik iş rejiminin tətbiqi məsələləri müzakirə olunur.
Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bu məsələni diqqətə çəkərək iş saatlarından səmərəli istifadə hesabına iş gününün müddətinin azaldılmasını və daha çevik iş rejiminə keçidin təşviq edilməsini təklif edib. Toyuqlu pizza
Razi Nurullayev qeyd edib ki, iş yerlərində əsas diqqət əməkdaşların işə gəlmə və işdən çıxma saatlarına deyil, gün ərzində əldə etdikləri nəticələrə yönəldilməlidir. İşin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə daha tez gəlib, daha tez çıxmasına şərait yaradılmalıdır. Onun fikrincə, bütün sahələrdə vahid iş saatlarının tətbiqi məqsədəuyğun deyil.
Bu metodun hansı sahələrdə tətbiq oluna biləcəyi, hansı fəaliyyət istiqamətlərində daha effektiv nəticə verəcəyi və iş gününün qısaldılmasının əmək məhsuldarlığına necə təsir göstərəcəyi maraq doğurur. Eyni zamanda, çevik iş rejiminin tətbiqinin işçilərin fəaliyyətinə, işin keyfiyyətinə və ümumi əmək səmərəliliyinə hansı nəticələr verəcəyi müzakirə mövzusudur.
İş saatlarının azaldılması məhsuldarlığa necə təsir edə bilər? Bu, Azərbaycanın real iqtisadi imkanlarına uyğundurmu?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Anar İsayev bildirilib ki, Azərbaycanda iş saatlarının azaldılması məsələsinə iqtisadi və sosial baxımdan kompleks yanaşmaq lazımdır:
“Burada əsas məqsəd sadəcə iş vaxtını azaltmaq deyil, əmək məhsuldarlığını yüksəltməklə işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq və iqtisadi artımı qorumaqdır. İş vaxtının azaldılması düzgün təşkil olunarsa, bu, əmək məhsuldarlığını artıra bilər. Uzun iş saatları yorğunluq, diqqətin azalması və işdə səhvlərin çoxalması ilə nəticələnə bilər.
Daha qısa iş günü isə işçilərin motivasiyasını, sağlamlığını və işə konsentrasiyasını yaxşılaşdırar. Lakin burada mühüm bir məqam var ki, iş saatlarının azaldılması öz-özlüyündə məhsuldarlığın artması demək deyil. Əgər iş vaxtı azaldılır, amma texnologiya, idarəetmə və iş prosesləri dəyişmirsə, istehsalın həcmi azala və məhsulun maya dəyəri arta bilər. Məsələn, həftəlik iş vaxtı 40 saatdan 36 saata endirilərsə, bu, iş vaxtının 10 faiz azalması deməkdir. Eyni istehsal həcmini qorumaq üçün saatlıq məhsuldarlıq təxminən 11,1 faiz artmalıdır. Əks halda, müəssisə əlavə işçi cəlb etməli və ya istehsal həcminin azalması ilə üzləşməlidir”.
Onun sözlərinə görə, Azərbaycanda iş saatlarının azaldılması mümkündür, lakin bütün iqtisadiyyat üzrə eyni vaxtda tətbiqi məqsədəuyğun olmazdı:
“Çünki ölkədə əmək məhsuldarlığı, müəssisələrin maliyyə imkanları və işçi qüvvəsinə tələbat sahələr üzrə fərqlənir. Bir tərəfdən, rəqəmsallaşma, elektron xidmətlər və avtomatlaşdırma bəzi sahələrdə eyni işi daha qısa müddətdə görməyə imkan verir. Digər tərəfdən, kiçik və orta biznesdə əmək xərclərinin artması, kadr çatışmazlığı və xidmətlərin fasiləsiz təmin edilməsi kimi problemlər mövcuddur. Buna görə də Azərbaycan üçün daha real yanaşma əvvəlcə ayrı-ayrı sahələrdə pilot layihələr həyata keçirmək, nəticələri ölçmək və uğurlu modelləri mərhələli şəkildə genişləndirməkdir”.
İqtisadçı “lk növbədə hansı sahələrdə iş saatlarını azaltmaq olar?” sualını belə cavablandırıb:
“Birinci, dövlət idarəçiliyi və inzibati xidmətlər. Elektron sənəd dövriyyəsi, rəqəmsal imza və təkrarlanan hesabatların azaldılması hesabına iş proseslərini optimallaşdırmaq mümkündür. Bəzi qurumlarda daha çevik iş qrafiki tətbiq edilə bilər. Bununla belə, vətəndaşlara xidmətin keyfiyyəti və əlçatanlığı qorunmalıdır. İkinci, informasiya texnologiyaları və rəqəmsal xidmətlər. Proqramlaşdırma, məlumatların təhlili və bir sıra rəqəmsal xidmətlərdə işin nəticəsini saatlarla deyil, görülmüş işin keyfiyyəti və həcmi ilə qiymətləndirmək mümkündür.
Bu sahə qısaldılmış iş həftəsinin sınaqdan keçirilməsi üçün əlverişli istiqamətlərdəndir. Üçüncü, bank və maliyyə sektorudur. Elektron bankçılıq, avtomatlaşdırılmış əməliyyatlar və rəqəmsal müştəri xidmətləri bir sıra işlərə sərf olunan vaxtı azalda bilər. Lakin müştəri xidmətlərinin və təhlükəsizlik nəzarətinin fasiləsizliyi təmin edilməlidir.
Dördüncü, təhsil və elmi fəaliyyətdir. Müəllimlərin inzibati yükünün azaldılması, hesabatların sadələşdirilməsi və rəqəmsal vasitələrdən istifadə iş vaxtının daha səmərəli təşkilinə kömək edə bilər. Burada dərs saatlarının mexaniki azaldılmasından deyil, iş yükünün optimallaşdırılmasından danışmaq daha doğrudur.
Beşinci, sənaye və emal müəssisələridir. Avtomatlaşdırma, müasir avadanlıqlar və istehsal proseslərinin təkmilləşdirilməsi iş vaxtının azaldılması üçün imkan yarada bilər. Ancaq fasiləsiz işləyən müəssisələrdə növbələr elə qurulmalıdır ki, ümumi istehsal dayanmasın. Səhiyyə, nəqliyyat, ticarət, kənd təsərrüfatı və kommunal xidmətlərdə də iş vaxtının optimallaşdırılması mümkündür. Lakin bu sahələrdə kadr çatışmazlığı, növbəli iş və xidmətə fasiləsiz ehtiyac nəzərə alınmalıdır”.
Ekspert qeyd edib ki, ilk mərhələdə bütün ölkədə dörd günlük iş həftəsinə keçməkdənsə, bəzi müəssisələrdə həftəlik iş vaxtının 40 saatdan 36 saata endirilməsini sınaqdan keçirmək daha məqsədəuyğundur:
“Azərbaycan üçün iş saatlarının azaldılması iqtisadi cəhətdən mümkün hədəfdir, lakin bu proses əmək məhsuldarlığının artması ilə müşayiət olunmalıdır. Əks halda, əmək xərclərinin yüksəlməsi, qiymətlərə təzyiq və istehsalın azalması riski yarada bilər. Ona görə də Azərbaycan əvvəlcə iş vaxtını deyil, iş vaxtından istifadənin səmərəliliyini dəyişməlidir. Rəqəmsallaşma, avtomatlaşdırma və idarəetmənin təkmilləşdirilməsi nəticəsində eyni işi daha qısa müddətdə görmək mümkün olduqda, iş saatlarının azaldılması həm iqtisadi səmərəliliyə, həm də insanların sosial rifahına xidmət edə bilər”.
Telegram kanalımız