Səhər yuxudan duran kimi bu əlamətlər varsa, diqqətli olun

saytların hazırlanması

Evə çatdırılma

Səhər yuxudan duran kimi bu əlamətlər varsa, diqqətli olun

Sağlamlıq

18 Oktyabr 2026 13:42 65


Səhər yuxudan oyandıqdan sonra əllərdə və ayaqlarda ağrı, şişkinlik və yarım saatdan çox davam edən tutulma hissi varsa, bunu adi yorğunluq hesab etməyin. Bu əlamətlər oynaqlarda iltihabla müşayiət olunan xəstəliklərdən xəbər verə bilər.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli revmatoloq, dosent Aslıhan Avanoğlu Gülər oynaqların iltihabı ilə müşayiət olunan artritin təkcə yaşlılarda deyil, gənclərdə və uşaqlarda da yarana bildiyini bildirib. Həkimin sözlərinə görə, xüsusilə iltihablı artrit zamanı xəstəliyin vaxtında aşkarlanmaması və müalicənin gecikməsi oynaqlarda qalıcı zədələrə və hərəkət məhdudiyyətinə səbəb ola bilər. Həkim qeyd edib ki, artrit oynaqlarda iltihaba səbəb olan müxtəlif xəstəlikləri əhatə edir. Hər oynaq ağrısı artrit demək deyil. Lakin bəzi əlamətlərə xüsusi diqqət yetirmək lazımdır.

Ən çox rast gəlinən əlamətlər oynaq ağrısı, şişkinlik, həssaslıq və hərəkət məhdudiyyətidir. İltihablı artrit zamanı isə səhərlər daha çox hiss edilən və hərəkət etdikcə azalan tutulma mühüm göstərici sayılır. Dominos pizza

Xüsusilə aşağıdakı əlamətlər varsa, həkimə müraciət etmək tövsiyə olunur:

Səhərlər yarım saatdan çox davam edən oynaq tutulması;

Əl və ayaqlardakı kiçik oynaqlarda şişkinlik;

İstirahət zamanı da davam edən ağrılar;

Hərəkət etməkdə çətinlik.

Bu əlamətlər təkbaşına xəstəliyin dəqiq müəyyənləşdirilməsi üçün kifayət etməsə də, revmatoloq müayinəsinə ehtiyac yarada bilər.

Həkim bildirib ki, artritin yalnız yaşlı insanlarda yarandığını düşünmək xəstəliyin vaxtında aşkarlanmasına mane ola bilər. Onun sözlərinə görə, revmatoid artrit və psoriatik artrit kimi xəstəliklər gənclərdə və orta yaşlı insanlarda da müşahidə olunur. Uzun müddət davam edən oynaq ağrılarını yaşlanmanın təbii nəticəsi kimi qəbul etmək düzgün deyil. Xüsusilə səhər tutulması, oynaq şişkinliyi və hərəkət məhdudiyyəti birlikdə müşahidə olunursa, iltihablı revmatik xəstəliklərin olub-olmadığı araşdırılmalıdır.

İltihablı artrit immun sisteminin fəaliyyəti ilə əlaqəli mexanizmlər nəticəsində yarana bilər. Genetik meyillilik, siqaret çəkmək və bəzi ətraf mühit amilləri də xəstəliyin yaranmasında rol oynaya bilər.

O, vurğulayıb ki, revmatoid artrit kimi uzunmüddətli xəstəliklərdə iltihabın nəzarətə alınmaması oynaq qığırdağında və sümük toxumasında geri dönməyən zədələrə səbəb ola bilər. Buna görə də xəstəliyin erkən aşkarlanması və müalicəyə vaxtında başlanması vacibdir. Artritin müalicəsi xəstəliyin növünə və ağırlıq dərəcəsinə görə müəyyənləşdirilir. Revmatoid artrit və psoriatik artrit zamanı məqsəd yalnız ağrını azaltmaq deyil, həm də iltihabı nəzarətdə saxlamaqdır.

Bunun üçün xəstəliyin gedişinə təsir edən dərmanlardan, bioloji müalicə üsullarından və uyğun xəstələrdə hədəfli dərmanlardan istifadə edilə bilər. Müalicə xəstənin vəziyyətinə, xəstəliyin fəallığına və digər sağlamlıq problemlərinə uyğun seçilir. Vaxtında başlanan düzgün müalicə qalıcı oynaq zədələri riskini azalda bilər.

Həkim oynaq sağlamlığını qorumaq üçün müntəzəm fiziki fəaliyyətlə məşğul olmağın, sağlam bədən çəkisini saxlamağın və siqaretdən uzaq durmağın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bir oynaqda qəfil başlayan şiddətli ağrı və şişkinlik daha ciddi vəziyyətin əlaməti ola bilər. Əgər oynaqda qızartı və istilik artımı da varsa, bu, oynaq infeksiyasından xəbər verə bilər və təcili tibbi müayinə tələb edir. Uzun müddət davam edən və ya təkrarlanan oynaq ağrılarının səbəbi mütləq araşdırılmalıdır. Belə ağrıları yaşlanmanın adi nəticəsi hesab etmək müalicə oluna bilən xəstəliklərin gec aşkarlanmasına gətirib çıxara bilər. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!