Bakı-İrəvan danışıqları təhlükə altında: “Paşinyan uduzarsa...”

saytların hazırlanması

Evə çatdırılma

Bakı-İrəvan danışıqları təhlükə altında: “Paşinyan uduzarsa...”

Siyasət

25 Aprel 2026 09:52 229


“Hazırda Ermənistanın siyasi gündəmində fors-major vəziyyət hələ də qalmaqdadır. Müxalif qüvvəllər hər nə qədər fərqli istiqamətlər üzrə hərəkət etsə də, onların seçkinin nəticəsindən asılı olaraq, birləşmə ehtimalı aktualdır. Xüsusən, Samvel Karapetiyanın “Güclü Ermənistan”, Robert Koçaryanın “Ermənistan” blokları və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyasının hər hansı koalisiyaya getmək ehtimalı xeyli yüksəkdir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev deyib.  

Onun sözlərinə görə, seçkilərdə müxalifət qələbə qazanarsa, Əgər Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” Partiyası səslərin 50 faizdən çoxunu yığa bilsə, ən azından hökuməti qura biləcək. Əks halda sülh prosesində müəyyən qırılmalar baş verəcək:

“Müxalif partiyaların Azərbaycana qarşı ərazi iddiaları və Qarabağdan köçmüş ermənilərin status alaraq geri qayıtmasını tez-tez gündəmə gətirdiyi məlumdur. Bu, onu deməyə əsas verir ki, seçkilərdə müxalifət qələbə qazanarsa, sülh prosesində müəyyən qırılmalar baş verəcək. Çünki müxalifətin iddiaları Azərbaycan tərəfində qəbul edilə bilməz”.

Politoloq əlavə edib: “Hazırki şəraitdə Bakının İrəvandan əsas tələbi Ermənistanın Əsas Qanununda yer alan və Azərbaycana qarşı ərazi iddialarının olduğu hissələrin çıxarılmasıdır. Müxalifət qələbə qazancağı təqdirdə, Bakının bu istəyinə əməl olunmayacaq. Ermənistan müxalifəti konstitusiya məsələsini Paşinyan və onun partiyasına qarşı mütəmadi şəkildə təbliğat aləti kimi istifadə edir. Onlar bunu birbaşa Azərbaycanın tələbi kimi təbliğ edirlər. İnanmıram ki, müxalifət hakimiyyətə gələrsə, Ermənistanda hər hansı qanunvericilik islahatı aparılsın”.

F.Abdullayev qeyd edib ki, son zamanlar Paşinyanın reytinqi heç də ürəkaçan deyil:

“Təbii ki, seçkinin nəticəsi və qanunvericiliyin dəyişdirilib-dəyişdirilməməsi Ermənistanın daxili məsələsidir. Son qərarı erməni cəmiyyəti verəcək. Amma Paşinyanın reytinqi ürəkaçan deyil və konstitusion çoxluğu əldə etmək imkanları sual altındadır. O və ümumən “Vətəndaş müqaviləsi” Partiyası mütləq qələbə qazanarsa, Bakı və İrəvan arasında sülh danışıqları daha sürətlə davam edəcək”.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılır. Hazırkı Baş nazir Nikol Paşinyan seçkilərə "Real Ermənistan" konsepsiyası və sülh gündəmi ilə qatılır. Onun strategiyası Ermənistanın sərhədlərini müəyyənləşdirmək, Rusiya ilə asılılığı azaltmaq və Qərblə yaxınlaşmağa əsaslanır. Sorğulara görə, Paşinyanın partiyası hələ də 40% civarında səslə liderliyini qorusa da, bu dəfə təkbaşına hökumət qurmaq üçün lazımi mütləq çoxluğu qazanmaqda çətinlik çəkə bilər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!