Bakı metropolitenində xətlərin ayrılması layihəsinin icrası dövründə qatarların hərəkət sxemində dəyişikliklər ediləcək.
Yeni Sabah xəbər verir ki, tikinti müddətində "28 May–Nizami" mənzilində qatarların hərəkəti tam dayandırılacaq. Sərnişinlərin daşınmasını təmin etmək məqsədilə "20 Yanvar", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik" və "Koroğlu" stansiyaları arasında 6 ekspres marşrut təşkil olunacaq.
Qırmızı xətt üzrə qatarlar "İçərişəhər–Əhmədli" marşrutu ilə 2 dəqiqə 30 saniyə intervalla hərəkət edəcək. "Əhmədli–Həzi Aslanov" sahəsində isə mövcud məkik hərəkət intervalı saxlanılacaq. pizza
Yaşıl xətt üzrə qatarlar "Dərnəgül–Nizami" marşrutu ilə 3 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək. "Cəfər Cabbarlı–Xətai" sahəsində qatarların hərəkət intervalında isə dəyişiklik olmayacaq.
Bənövşəyi xətt üzrə "Xocəsən–8 Noyabr" istiqamətində qatarlar 8 dəqiqə intervalla işləyəcək.
Məlumata görə, tikinti işləri başa çatdıqdan sonra Yaşıl xətt "Dərnəgül" stansiyasından "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasınadək müstəqil fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində Y-15 stansiyasına qədər infrastrukturun tamamlanmasının ardından Yaşıl xətt üzrə qatarların hərəkət intervalının təxminən 2 dəqiqəyədək endirilməsi planlaşdırılır.
Aytac Əliyeva
Telegram kanalımız