Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan iki hərbi hissənin ərazisinin və binalarının satışında iştirak etməkdə ittiham olunur.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə fevralın 7-də Milli məclisin iclasında S. Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi məsələsinin müzakirəsi zamanı baş prokuror Anna Vardapetyan bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin noyabrında Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə müəyyən məlumatlar daxil olub. Ararat rayonunun Armaş bələdiyyəsinin başçısının 2005-ci ilin iyulunda qəbul etdiyi qərarlarla ümumi sahəsi 2 hektara yaxın olan torpaq sahələri Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilib.
Seyran Ohanyan o vaxt müdafiə naziri kimi bu əraziləri və tikililəri kadastr və bazar qiymətlərindən xeyli aşağı qiymətə satmağı əmr edib. Lakin Torpaq Məcəlləsinin 60-cı maddəsi xüsusi təyinatlı ərazilərin satışını qadağan edir. Eyni zamanda, Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin bu obyektlərə ehtiyacının qalmaması ilə bağlı heç bir əsaslandırma təqdim edilməyib.
Buna baxmayaraq, Vardapetyanın qeyd etdiyi kimi, parlament fraksiyasının rəhbəri cinayət cəzasından yayına biləcək. “Seyran Ohanyan təqsirli bilinsə belə, təqib müddəti başa çatdığına görə cəzadan yayına biləcək”, - deyə baş prokuror deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, iddia müddəti bitdikdən sonra hökm real cəza təyin edilmədən çıxarılır. “Lakin biz təkcə cinayət işi ilə məhdudlaşmırıq. Belə hallarda, bir qayda olaraq, dövlət maraqlarının müdafiəsi üçün də iddia qaldırılır”, - deyə Anna Vardapetyan əlavə edib.
Bundan başqa, baş prokurorun da qeyd etdiyi kimi, qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi işlərində bəzən eyni şəxslər iştirak edirlər. “Seyran Ohanyan hər an günahını etiraf edə bilər. Belə olan halda onun toxunulmazlıqdan məhrum edilməsi zərurəti tamamilə aradan qalxacaq”, - deyə baş prokuror vurğulayıb.
Telegram kanalımız