Biz niyə dəliyə dönürük?

saytların hazırlanması

Evə çatdırılma

Biz niyə dəliyə dönürük?

Sosial

10 Sentyabr 2021 12:08 1772


Prospektdə uzun tıxacdır. Qarşıdakı maşının yerindən tərpənməsini gözləyirəm. Elə bu vaxt radar işə düşür: “düüd, düüd, düüd”.

Arxadakı avtomobilin sürücüsü məsafə gözləməyib. Maşını maşınımla “öpüşür”. Çox güman ki, arada millimetrlə məsafə qalıb. Bir az irəli gedirəm ki, radarın səsi dayansın. Cəmi 3 saniyə sonra yenidən: “düüd, düüd, düüd”. 

Güzgüdən arxaya baxıram. Kənardan səviyyəli görünən bir maşın və içində ortayaşlı sürücü. Kostyum geyindirib, qalstuk taxsan, vizual olaraq deputata oxşayar.  pizza hut

Bir az da maşını irəli sürürəm. Onsuz da tıxacda addım-addım irəliləmək mümkündür. Yenə də üç saniyə sonra eyni səs. Bu dəfə şüşəni aşağı endirib müşahidəmi davam etdirirəm. Adam maşını ilə bərabər bir yerdə dura bilmir. Səbrsizliyindən, qaz və tormuzu eyni anda basmasından, meyxana ritmli musiqini açıb yüksək səs verməsindən tam bir pisxopat olduğu hiss olunur. Gah sağdan, gah da soldan irəli soxulmağa cəhd edir, alınmır.

Yenə bir addım irəli gedirəm, üç saniyə sonra yenə radar işə düşür. Bu hal 8 dəfə təkrarlanır. Artıq bədənimdəki bütün qan beynimə yığılıb. Üz damarlarım şişib, gözlərim qızarıb, emosiyalar tavandadır. Gözümü yumuram, şüursuz olaraq qapını açıram, həmin sürücünün yaxasından yapışıb çölə çıxarıram. Bu vaxt çənəmə bir yumruq ilişdirir, mən də ona kəllə atıram. Qan su yerinə axır...

Stop!

Elə olmadı əslində. 

Həmin 15-20 dəqiqəlik müddət mənim üçün insan psixologiyasını öyrənmək baxımından təcrübə oldu. Həm müşahidə etdim, həm də düşündüm. Beynimi aldadaraq radarın “düüd” səsini musiqi kimi qəbul etməyə çalışdım. Bir sürücünün elementar yol hərəkəti qaydası olan ara məsafəsi saxlamağı neçə dəfə pozacağını saydım. Əgər uzun müddət olsa idi, yəqin ki, sayı itirəcəkdim. 

Əksər hallarda belə olmur axı. Bu gün cəmiyyətimizdə insanların nə qədər aqressiya ilə yükləndiyini hər gün görməkdəyik. Və əksər hallarda insanlar ən xırda məsələ üstündə bir-birinin yaxasından yapışa bilirlər. Ona görə də girişdə yazdığım situasiya bir çox halda birinci variantla yekunlaşır.

Uzağa getməyək. Məlum olur ki, general, Azərbaycanın Milli Qəhrəmanı adını almış Rövşən Əkbərov Elçin Əliyevi “Biz səfirliyə çatanda sən samovar dəmləyirdin” sözünə görə öldürüb. Təsəvvür edirsiniz?! Böyük bir korpusa komandanlıq edən adam adi bir sözə görə bir insan həyatına son qoyub. İnsan hansı qəbilənin təfəkküründə olmalıdır ki, belə bir cinayət törətsin. 

Hər gün ətrafımızda onlarla psixopat xarakterdə olan insanlarla qarşılaşırıq. Bu böyük narahatlıq yaradan haldır. İnsanın xarakteri uşaqlıqdan formalaşır və bütün ömrü boyu əgər özü istəməsə, həmin xarakteri dəyişə bilmir. Dünən Azərbaycanda boşanmalarla bağlı bir araşdırma materialı yaydıq. Psixoloq bildirir ki, boşanmış ailələrdə böyüyən uşaqlar bu və ya digər şəkildə travma alır. Nəticədə isə içlərində böyük aqressiya yığılır. Bu anbardakı kin, nifrət onun gələcək həyatını və ətrafını zəhərə döndərir.

Azərbaycanda çoxlu sayda psixoloqlar olsa da, təəssüf ki, psixoterapiya arzuolunan səviyyədə deyil. Bundan əlavə, hələ ölkəmizdə bu vaxta qədər ciddi bir araşdırmanın, elmi təcrübələrin aparılmasının şahidi olmamışan. Nə qədər ki bu sahəyə elm deyil, biznes kimi baxılacaq, elə belə də qalacaq. Bu tamam başqa söhbətin mövzusudur...

44 günlük savaşda bir-birinə kilidlənən insanlar pozitiv bir görüntü yaratmışdılar. Hətta müşahidələrimə görə, həmin vaxt ölkəmizdə qanun pozuntuları, kriminal cinayətlər də azalmışdı. Lakin sonradan öz təbii halımıza döndük. Empatiya hissinin yoxluğu bizi daim gərgin saxlayır. Elə bilirik ki, bu an nəsə pis bir hadisə baş verəcək. 

Bu hal cəmiyyət olaraq nəticədə bizi hansısa bir partlama halına gətirə bilərmi? Düşünmürən. Sadəcə həyatımızı narahat bir şəkildə başa vuracağıq. Lakin həyat o qədər uzun deyil axı. Və bu qısa həyatı kin, nifrət və aqressiya ilə yaşamağa dəyməz. Pozitiv, faydalı və ətrafımıza qarşı diqqətli olarıqsa, özümüzü başqalarının yerinə qoya biləriksə, beynimiz daha mühüm məslələrlə məşğul olar. 

Nə qədər neqativlərlə qarşılaşsaq da, ətrafımız gözəl insanlarla doludur. Onların qədrini bilək, sevgi ilə yanaşaq... Heç bir qarşılıq gözləmədən.

Bir də... Əgər əsəbləriniz dözmürsə, sadəcə radarı söndürün. Onda rahat olacaqsınız.

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Sürücülük vesiqesin necə elde ediblərse o sual düşündürür.Biz bax buna görə bu gundeyik.Qanun bilen,qanuna,özüne hörmət edən bele olmaz.Acsinlar gözlərini baxsınlar dünya ictimaiyyətinə.Bizde bunlar hele qalıblar 12 çi əsrdə duzelmiyecekde
    5 years ago