Artıq tədris ili başa çatıb və bütün ümumtəhsil məktəblərində uşaqların yay tətili başlayıb. Bu müddət ərzində dayanmadan dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və yorğunluğu 2-3 ay haradasa dincəlməklə üstlərindən atmaq istəyirlər.
Lakin ölkəmizdə məktəblilərin yay düşərgələrinin təşkili uzun illərdir ki, problem olaraq qalır.
Demək olar ki, şagirdlər yay görmür, boş vaxt tapan kimi kompüter arxasında müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar. Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür. pizza sifarişi
2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi.
Müəyyən müddətdən sonra belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı.
Bu gün bu cür düşərgələr bəzi özəl şirkətlər tərəfindən təşkil olunur, amma özəl şirkətlərinin bunu nə dərəcədə uğurla həyata keçirə bildiyi sual doğurur. Mövcud olan düşərgələrin qiymətləri isə əhalinin geniş təbəqəsi üçün əlçatan deyil.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir:
“Düşünürəm ki, yay düşərgələri dövlətin hesabına olsa, yaxşı olar. Əlbəttə ki, uşaqların yayda dincəlməsi, eyni zamanda, şagirdlər arasında olan sosiallaşmanın zəifləməməsi üçün düşərgələrin çox böyük əhəmiyyəti var. Amma bu düşərgələr harada təşkil olunacaq, buna şərait varmı?
Bu cür yay məktəblərinin təşkilində qidaya, dərslərin təkrarlanmasına diqqət yetirmək lazımdır, şagirdlər üçün müəllimlərin ayrılması vacibdir. Bu sadə məsələ deyil. Bir az bundan əvvəl mənə bir məlumat veriblər, təhsil sistemindən kənarlaşdırılmış, əvvəllər yüksək vəzifə tutmuş bir şəxs məktəb direktorları ilə əlaqəyə girərək valideynlərdən 250 manat vəsait toplayıb və kütləvi yay məktəblərinin keçirilməsinə çalışır. O, əvvəllər özünün tabeçiliyində olan, vaxtilə direktor təyin etdiyi məktəblərə tapşırıq verib. Düşünürəm ki, bu yolverilməzdir və yalnız qazanc güdmək məqsədi daşıyır”.

Deputat qeyd edib ki, bu cür düşərgələr kommersiya məqsədi güdməməlidir:
“Yay məktəblərinin təşkil olunması heç bir qazanc güdməməlidir. Bu məktəblər bütün dünyada şagirdlərin bilikləri təkrarlaması, sosiallaşması, eyni zamanda əylənməsi üçün nəzərdə tutulub.
Sovet vaxtı 1 milyon uşağın cəlb olunduğu şagird düşərgələri var idi. Orada olan şagirdlər sonrakı mərhələdə də əlaqə saxlayır, bir-birlərinə məktub yazır, xatirələrini bölüşürdülər. Bu şagird psixologiyasında yaddaqalan hadisə olur.
Bu gün bizdə bu cür düşərgələrin təşkili üçün lazımi şərait də yoxdur. Bunun üçün xeyli layihələr də işlənib, amma heç birinin normal effekti olmayıb, onların hamısı yalnız qazanc əldə etmək məqsədi güdüb. Azərbaycanın istirahət üçün çox gözəl məkanları var, o məkanlarda şagird düşərgələri yaratmaq mümkündür. Dərs ilinin sonunda isə uşaqlardan dərsliklər yığılır, məncə müəyyən müddətdə bu dərsliklər şagirdlərdə qalmalıdır. Çünki onlar yayda öyrəndiklərini təkrar etməlidirlər.
Təhsil Nazirliyi cavab verməlidir ki, Azərbaycanda neçə şagird düşərgəsi var və şagirdlər orada yayı necə səmərəli keçirə bilərlər? Onlar çıxıb əhaliyə elan etməlidir ki, nə qədər düşərgələri, nə qədər vəsaitləri var. İsti yay günləri gəlir və bu məsələlərə mütləq aydınlıq gətirilməlidir”.
Uzun illər Respublika Uşaq Təşkilatının sədri olmuş sabiq deputat Gülər Əhmədova deyib ki, bu məsələyə illərdir laqeyd yanaşılır:
“Yay düşərgələri müstəqillik dövrümüzdən bəri artıq tikilməli idi. Azərbaycanda çoxdan valideynlər bundan istifadə etməyə başlamalı idilər. Ölkəmizdə bu məsələlərlə bağlı Həmkarlar İttifaqı çoxdan müəyyən işlər görməli idi. Zaman-zaman bunlar Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qarşısına qoyduğu məqsədlər olub.
Amma çox təəssüflə demək istəyirəm ki, 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb. Halbuki 90-cı illərdən bu hədəflər qoyulmuşdu. Mən bunu sadəcə laqeyd münasibət kimi qiymətləndirirəm. Çünki Azərbaycanın bunun üçün kifayət qədər maddi imkanı və düşərgələri təşkil etmək üçün yerlər var. Bu düşərgələri təşkil etmək o qədər də çətin deyil və buna ehtiyac çox böyükdür”.

Gülər Əhmədovanın sözlərinə görə, düşərgə problemi bağlı pedaqoji işçilər hərəkətə keçməli və müvafiq addımlar atmalıdırlar:
“Məktəb bitdikdən sonra uşaqların istirahəti üçün zaman və yer olmalıdır. Bu gün bu istirahət harada keçirilir? Məgər hamının imkanı var ki, övladını xaricə aparsın yaxud hamının rayonda qohumu varmı?
Respublika Uşaq Təşkilatının sədri olduğum zamanlarda həmişə bu cür düşərgələr təşkil edirdim. Əsasən qaçqın uşaqlar və şəhid ailələrinin övladları üçün təşkil edirdik. Bu gün də sözügedən məsələ hər bir ailə üçün çox aktualdır. Burada bir səbəb var: bu məsələ ilə məşğul olan pedaqoji işçilər yoxdur. Onlar bununla bağlı müəyyən addımlar atmalıdırlar. Amma uzun illərdir düşərgə məsələsi barədə heç bir addım atılmır”.
Əsmətxanım RZAZADƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız