Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, ölkədə tətbiq edilən inzibati cərimələrin yuxarı həddi qanunvericiliklə dəqiq müəyyən edilib. Bununla belə, xətanın ağırlıq dərəcəsindən və onu törədən şəxsin statusundan asılı olaraq cərimə məbləğləri kəskin fərqlənir.
“Yeni Sabah”ın araşdırmasına görə, mövcud qanunvericilikdə ən yüksək cərimə məbləğləri, onların tətbiqinə səbəb olan hallar və mexanizmlər aşağıdakı kimi müəyyən edilir.
Cərimələrin maksimum yuxarı hədləri pizza
İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən, sabit manat məbləği ilə müəyyən edilən inzibati cərimələrin yuxarı həddi şəxslərin kateqoriyasından asılı olaraq dəyişir. Hüquqi şəxslər üçün maksimum cərimə 50 000 manat, vəzifəli şəxslər üçün 10 000 manat, fiziki şəxslər üçün isə 5 000 manat təşkil edir.
Qanunvericiliyə görə, sabit məbləğlə müəyyən edilən inzibati cərimələr hüquqi şəxslər üçün 50 min manatlıq həddi aşa bilməz.
Maksimum — 50 000 manatlıq cərimə tətbiq edilən hallar
Məcəllənin Xüsusi hissəsində maksimum cərimə məbləği olan 50 000 manat əsasən dövlətin maliyyə təhlükəsizliyinə və əhalinin bioloji təhlükəsizliyinə təhdid yaradan ağır pozuntulara görə nəzərdə tutulur.
Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində maliyyə monitorinqi tələblərinin, daxili nəzarət sistemlərinin və risklərin idarə olunması qaydalarının kobud şəkildə pozulmasına görə hüquqi şəxslərə 50 000 manat cərimə tətbiq edilə bilər.
Digər yüksək cərimə nəzərdə tutulan hal isə genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) qanunsuz dövriyyəsidir. Elmi tədqiqat, sınaq və ya sərgilənmə məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin və ya bitki materiallarının qeydiyyatsız dövriyyəsi və istifadəsinə görə hüquqi şəxslər 50 000 manatadək cərimələnə bilər.
Yüksək cərimələrin tətbiq olunduğu digər sahələr
Maksimum həddə yaxın, 30 000 manatdan 40 000 manatadək olan yüksək cərimələr əsasən ətraf mühitin mühafizəsi və rəqabət qanunvericiliyinin pozulması ilə bağlı hallarda özünü göstərir.
Xəzər dənizinin və ətraf mühitin çirkləndirilməsinə görə də iri məbləğdə cərimələr nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində suyun, havanın və ya torpağın icazə verilən hədlərdən artıq çirkləndirilməsi, eləcə də tullantıların qanunsuz axıdılması ilə bağlı pozuntulara görə hüquqi şəxslər 35 000–40 000 manat məbləğində cərimələnə bilər.
Antiinhisar və rəqabət qanunvericiliyinin pozulması da yüksək maliyyə sanksiyalarına səbəb ola bilər. Bazarda üstün mövqedən sui-istifadə, süni qiymət artımı və qanunsuz qiymət razılaşmaları kimi pozuntulara görə qanunvericilikdə müvafiq cərimələr nəzərdə tutulur.
Vurulmuş zərərə görə tətbiq edilən mütənasib cərimələr
Sabit məbləğlərlə yanaşı, Azərbaycan qanunvericiliyində mütənasib cərimə mexanizmi də mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 25.6-cı maddəsinə əsasən, xəta nəticəsində vurulmuş ziyanın və ya əldə edilmiş qanunsuz gəlirin məbləği ilə hesablanan cərimələr həmin ziyanın və ya gəlirin 10 mislinədək müəyyən edilə bilər.
Xüsusilə böyük həcmli gömrük, vergi, valyuta tənzimlənməsi və ya əmlak pozuntularında vurulmuş ziyanın məbləği yüksək olduqda, bu mexanizm əsasında hesablanan yekun cərimə 50 min manatlıq sabit yuxarı həddi də keçə bilər.
Nazim Hacıyev
Telegram kanalımız