“Camaatın belini qırırlar“  - Günel Ələkbərova
27 Fev 2021 13:30
1117

“Camaatın belini qırırlar“ - Günel Ələkbərova

Müğənni Günel Ələkbərovanın Yenisabah.az-a müsahibəsi:

- Günel xanım, karantin dövrünü necə keçirdiniz, nələr elədiniz?

- Hər kəs kimi evdə keçirdim. Hər yer bağlı idi, harasa getməyi də düşünmürdüm. Elə evdə oldum. Bir ildir iş də yoxdur, gedəsi yerimiz də.

- Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə veriləcəyidir. Sizcə, el şənliklərinə qoyulan qadağa aradan qaldırılmalıdırmı?

- Bu qədər müddət qadağa olmasına mən özüm də təəccüblənirəm. Bütün restoranlar, kafelər çalışır. Gecə 12-ə qədər fəaliyyət göstərirlər, bütün masalar da dolu olur, heç oturmağa yer tapmırlar. Başa düşmürəm, toydan fərqi nədir? Koronavirus ancaq bəy-gəlin olan yerəmi gəlib girir? Restoranlarda da musiqi var, hamı deyib, gülüb, oynayır, bircə bəylə-gəlin olmur. Restoranlar sanki toydur. Düşünürəm ki, virus bəylə gəlini görən kimi tez gəlir (gülür).

Avtobuslarda camaat bir-birinin üstündə gedir, xəstəlik olsa, elə olardı. “Mall”ları açmırlar, amma mağazalar hamısı açıqdır, girib alış-veriş edirlər. Balaca yerdə 10-15 nəfər paltar alır. Əksinə, ticarət mərkəzləri böyükdür açsalar, insanlar seyrək olacaq, ara məsafə də gözləniləcək. İnsanlar guya bu mağazalardan, avtobuslardan xəstəlik tutmur?! Restoranlar adam doludur, bunun pandemiyaya nə aidiyyatı var ki?

- Bir çox sənətçinin maddi vəziyyəti, xüsusilə indiki dövrdə aşağıdır. Sizdə vəziyyət necədir?

- Maddi vəziyyət çox pisdir, hamı necədirsə, mən də eləyəm. Bir ildir iş yoxdur. Məsəldə də deyildiyi kimi, palaza bürün, ellə sürün. Biz də rəsmən sürünürük. Bildiyiniz kimi, suyun da, ərzağın da qiyməti qalxıb. Nə iş var, nə də başqa gəlir yeri. Qazanc yerim olmasa da, almalı olduğum şeylər, banklara borclarım var. Azərbaycanda insanların çox evi, maşını bankda kreditdə girərək alır. Onlardan biri də mənəm. Yüzminlərlə insanın banklarla problemi var. Biz kredit götürəndə təbii ki, ayağımızı yorğanımıza görə uzatmışdıq. Hardan bilə bilərdik ki, iş olmayacaq, bir il evdə oturacağıq? Banklar bu vəziyyəti nəzərə almırlar. Son zamanlar nə qədər intihar xəbəri eşidirik, düşünürəm ki, bunların çoxunun kökündə maddi məsələlər dayanır. Banklar insanları çox sıxırlar, bu pandemiyanı vətəndaşlar gətirməyib. Dünyanın hər bir yerində güzəştlər olunub. Bizdə də etməli idilər, faizləri aşağı salmalı idilər, camatın belini qırmalı deyildilər...

- Bir müddət əvvəl kreditlə aldığınız evin aylıq borcunu ödəmək üçün həmkarınız Manaf Ağayevin yardım etməsi ilə bağlı məlumatlar yayılmışdı. M.Ağayev doğrudan sizin borcunuzu ödəyib?

- Belə xəbərlər yayılmışdı, bəli doğru idi, Manaf Ağayev mənə yardım etmək istəmişdi, amma mən qəbul etmədim. Çünki pandemiyadır, hər kəsin vəziyyəti bəllidir, ehtiyac yoxdur ki, kimsə yardım etsin. Öz problemimizi özümüz həll etməliyik. Allah hamının köməyi olsun.

- Bir neçə gün öncə aparıcı Zaur Kamal sizin haqqınızda “onu efirimə qoymaram” deyərək açıqlama verdi. Zaurla aranızdakı soyuq münasibətə səbəb nə olub?

- Mən onunla problem yaşamışam deməzdim. Çünki problem yaşamaq ciddi mövzudur, bu isə yox. Durduğu yerdə mənim kimləsə işim yoxdur. Ona qarşı sərt olmuşamsa, deməli nə vaxtsa mənə qarşı səhv edib, “çaşıb”. Mən nə pisliyi, nə də yaxşılığı heç zaman unutmuram. Həm pisliyin, həm də yaxşılığın bədəlini ödəməyi bacarıram. Mənim onunla aramda şəxsi qalmaqalım yoxdur. Bir ara veriliş aparırdı, mən də dəvət alıb onun verilişinə gedirdim. Amma mənə qarşı çox böyük səhv etdi, həmin hadisədən sonra mən həmin insanın verilişinə qatılmağı özümə qadağan etdim. Düşündüm ki, özünü apara bilməyən insanın aparıcılıq etdiyi verilişə necə qatılmaq olar? Bir insan ki, özünü apara bilmir, apardığı veriliş guya nə olacaq? İndi kim gedir özü bilər, amma mən istəmədim getmədim, bundan sonra da heç vaxt getmərəm.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər