Çernobıla getmək təhlükəsizdirmi? - Adil Qəribovdan açıqlama

Çernobıla getmək təhlükəsizdirmi? -
İyul 18, 2019
Oxunma sayı: 136

"Çernobil" serialından sonra insanların həmin əraziyə olan marağı artdı. Bu maraq o həddə çatıb ki, bəzi tur şirkətləri Azərbaycandan da Çernobıla turlar təşkil etməyə başlayıblar. Nəzərə alsaq ki, dəhşətli partlayışın üzərində sadəcə 33 il keçib, ora getmək həqiqətən də təhlükəsizdirmi?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri Adil Qəribov həmin zonalarda ölçü həyata keçirildiyini deyib:

”Bunun ümumi qaydası var. Radiasiyanın yüksək olduğu ərazilərə insanlar buraxılmır və o ərazilər ölü zonalar adlandırılır. 32 ildir ki, yarımparçalanma prosesi gedir. Artıq radiasiyanın gücü zəifləyib. Ona görə də artıq insanlar ora gedib-gələ bilirlər. Bizdə də qışqır-bağır hərə bir söz deyir. Yaşıllardır, göylərdir, bilmirəm. Onların çıxartmadığı oyun yoxdur”. 

Onun sözlərinə görə beynəlxalq qurumlar da bu məsələyə nəzarət edir:

“Heç vaxt, heç bir beynəlxalq qurum icazə verməz ki, hər hansı təhlükəli zonaya insanları daxil etsinlər. İcazə verilən ərazilər radiasiya təhlükəsi olmayan və təmamilə nəzarətdə olan ərazilərdir. Ukraynada kifayət qədər mütəxəssis var. Bizim onlarla kontaktımız var. Hazırda da mənim iki əməkdaşım Ukraynadadır. Orada monitorinq cihazları qurulub. Mütəmadi olaraq monitorinq keçirilir. Avtomatik olaraq oraya nəzarət olunur”. 

Sədr nüvə reaktorunun yaratdığı fəsadın heç vaxt aradan qalxmayacağını bildirib:

“Heç bir fəsad tam olaraq aradan qalxmır. Bizim gəzdiyimiz torpaqda da radiasiya var. Söhbət onun səviyyəsindən gedir. İonlaşdırıcı şüalar və nüvə şüalarının insanlara təsiri üzrə beynəlxalq komitənin xüsusi tədqiqat mərkəzi bildirir ki, bu şüaların hər 3 ildən bir dozası aşağı düşür. Yəni hər 3 ildən bir insan orqanizminə təsiri azalır. Təmamilə radiasiyasız olan mühitdə insan yaşaya bilməz. Çünki orqanizmdəki proseslərin gedişi üçün stimullaşdırıcı faktorlardan biri də nüvə şüaları, ionlaşdırıcı şüalardır.  

Ekspert tez-tez gündəmə gətirilən Ermənistandakı Atom Elektrik Stansiyası ilə bağlı fikirlərini də bölüşüb. O, bu stansiyanın Azərbaycan üçün heç bir təhlükə kəsb etmədiyini deyib:

“Ermənistandakı Metsamor AES-də heç bir hadisə baş verməyəcək. O reaktor ki 8 bala dözdü, heç nə olmayacaq. Sadəcə olaraq bunu başa düşmürlər. Bu məsələ o nöqteyi nəzərdən qaldırılır ki, Yaponiyadakı kimi hansısa kataklizm ola bilər. Qorxulu heç nə yoxdur. İnsanlar təşvişə düşməməlidirlər. Bu gün o reaktoru gətirib Bakıda da qurmaq olar, heç bir qorxusu yoxdur. Ermənistan reaktorunun bütün işlərinə Rosatom nəzarət edir, onun tərəfindən icra olunur. Əgər reaktor partlasa, bizə heç nə olmayacaq, elə özlərinə olacaq nə olacaqsa. Bunu şişirtmək lazım deyil”. 

O, bu mövzuda danışarkən diqqətli olmağı məsləhət görüb:

“Bəzi insanlar var ki, onların nə radiatordan, nə nüvədən başları çıxır. Heç reaktor sözünü bilmirlər, ağızlarına gələni danışırlar. İstənilən məqaləni MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) həmin gün dərc etdirir. Sonra da düşünürlər ki, bunların doğrudan da mütəxəssisi yoxdur, bunlar nə gündədirlər. Bunun üçün də bəzi şeyləri gözləmək lazımdır. Biz tək deyilik. Qloballaşmış dünyada bütün addımlarımız analiz olunur”.

Elnarə İlham