“Kənd təsərrüfatı bütün dünyada subsidiyalar və dövlət dəstəyi hesabına fəaliyyət göstərir. Bu, təkcə Azərbaycana aid deyil. Azərbaycanda da subsidiyaların verilməsinin səbəbi kənd təsərrüfatında mövcud olan çətinliklərdir. Su təminatı ilə bağlı problemlərimiz var, torpaqların şoranlaşması müşahidə olunur və digər ciddi çətinliklər mövcuddur”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azpolitika.info-ya müsahibəsində keçmiş millət vəkili Vahid Əhmədov deyib.
O, bildirib ki, indi iri fermer təsərrüfatları və aqroparklar yaradılır, dövlət diqqətini daha çox həmin təsərrüfatlara yönəldir. Lakin adi vətəndaşın həyətyanı sahəsində və ya bir neçə hektar torpağında istehsal etdiyi məhsullara da diqqət yetirmək lazımdır: Bakıda online alış-veriş
“Bu yaxınlarda torpaq sahələrinin birləşdirilməsi ilə bağlı təkliflər səsləndirildi. Mən hesab edirəm ki, bu, yaxşı ideyadır. Ancaq torpaqların birləşdirilməsi üçün düzgün mexanizm hazırlanmalıdır. Məsələn, beş nəfər könüllü şəkildə birləşərək ortaq təsərrüfat yaratmaq istəyirsə, bunun üçün əlverişli şərait olmalıdır. Bu proses insanlarda yenidən kolxoz və sovxoz sisteminin yaradıldığı təəssüratı yaratmamalıdır.
Bütün tədbirlər elə təşkil olunmalıdır ki, həm dövlətə, həm də insanlara fayda versin. Yoxsa onsuz da çətinliklə yaşayan, zəhmət çəkərək bir parça çörək qazanan insanlara əlavə vergi yükü qoymaq nə dərəcədə doğrudur? Mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmasına ehtiyac var”.
V. Əhmədov hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün, ilk növbədə, Antiinhisar və İstehlak Bazarına Nəzarət qurumları öz işlərini ciddi şəkildə qumralıdırlar:
“Subyektiv qiymət artımına yol verilməməlidir. Obyektiv qiymət artımını müəyyən mənada başa düşmək olar. Dünya bazarında qiymətlər yüksəlirsə, bu, Azərbaycana da təsir edəcək. Lakin subyektiv, əsassız qiymət artımı da kifayət qədər geniş yayılıb, bunun qarşısı alınmalıdır.
Mən mağazalarda, marketlərdə və ticarət mərkəzlərində qiymətlərin sürətlə artdığını müşahidə edirəm. İnsanların hazırkı əməkhaqqı və pensiya səviyyəsi ilə bu qiymətlərə uyğun yaşaması çox çətindir. İndi pensiyaların 7-10 faiz artırılmasından danışılır. İnflyasiyanın isə 5-6 faiz olduğu bildirilir. Lakin reallıqda insanların gündəlik xərcləri bundan daha çox arta bilər.
Mən dəfələrlə demişəm ki, Azərbaycanda statistikanın fəaliyyətinə və istifadə olunan metodologiyaya yenidən baxılmalıdır. Qiymət artımının hesablanması metodikası dəyişdirilməlidir. Bundan başqa, istehlak bazarına nəzarət gücləndirilməlidir. Müvafiq qurumlar bazarlara gedərək qiymətləri yoxlamalı, əsassız bahalaşmanın qarşısını almalıdırlar.
İkincisi, dövlətin müəyyən ehtiyat fondları olmalıdır. Bazarda qiymət artımı baş verəndə dövlət ehtiyatlarından istifadə etməklə zəruri məhsulları bazara çıxarmaq və qiymətlərin daha da yüksəlməsinin qarşısını almaq mümkündür. Dövlət bu məsələlərə müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək. Ona görə də bu, çox ciddi məsələdir”.
Telegram kanalımız