Az heyvan saxlayan kəndlilərə də pul veriləcək? –   Mövcud qaydalar dəyişə bilər

saytların hazırlanması

Evə çatdırılma

Az heyvan saxlayan kəndlilərə də pul veriləcək? – Mövcud qaydalar dəyişə bilər

İqtisadiyyat

14 Noyabr 2026 13:29 418


Azərbaycanda heyvandarlıq sahəsində dövlət subsidiyalarından yararlanmaq üçün müəyyən edilmiş tələblərin kiçik və orta fermerlər üçün əlçatan olmadığı bildirilir.  Deputat Vasif Qafarov bu barədə Milli Məclisin iclasında müzakirə zamanı deyib. O bildirib ki, bunun əvəzinə kəndlini həvəsləndirən stimullaşdırıcı, pilləli sistem tətbiq olunmalıdır.

Bəs mövcud subsidiya mexanizmi nə dərəcədə ədalətlidir və bu qaydalar dəyişərsə, aqrar sektorda hansı dəyişikliklər baş verə bilər?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud qaydalar iri fermerlərə sərf edir, az sayda heyvan saxlayan kəndlilər isə subsidiyadan yararlana bilmir: Online alış-veriş

“Mövcud subsidiya mexanizminin əsas problemi ondan ibarətdir ki, dəstək imkanları daha çox iri təsərrüfatların tələblərinə uyğunlaşdırılır. Kiçik və orta fermerlərin isə kifayət qədər heyvanı və örüş sahəsi olmadığı üçün dövlət subsidiyalarından yararlanmaq imkanları məhdudlaşır. Halbuki kənd təsərrüfatında məşğul olan insanların əksəriyyəti kiçik ailə təsərrüfatlarıdır. Onların da istehsalda payı, məşğulluğun təmin edilməsində və ərzaq təhlükəsizliyində rolu var. Buna görə də subsidiya mexanizminin yalnız heyvan sayına və torpaq sahəsinə əsaslanması tam ədalətli yanaşma hesab edilə bilməz”.

Onun sözlərinə görə, pilləli subsidiya sistemi kəndlilərin qazancını və ət-süd istehsalını artıra bilər:

“Düşünürəm ki, burada ən düzgün yol pilləli subsidiya sisteminə keçməkdir. Fermerin təsərrüfatının ölçüsündən asılı olaraq dəstək məbləği və şərtləri fərqləndirilməlidir. Az sayda heyvan saxlayan kəndliyə də müəyyən həcmdə subsidiya verilməli, heyvan sayı artdıqca dövlət dəstəyinin həcmi də mütənasib şəkildə yüksəlməlidir. Bu, həm kiçik təsərrüfatların inkişafına, həm də fermerlərin heyvandarlığa marağının artmasına şərait yaradar. Belə dəyişikliklər ilk növbədə kənd yerlərində məşğulluğun qorunmasına, heyvan sayının və yerli ət-süd istehsalının artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, kiçik fermerlərin fəaliyyətini rəsmiləşdirmək və təsərrüfatlarını genişləndirmək üçün əlavə stimul yaranar. Ancaq subsidiya şərtləri yumşaldılarkən nəzarət mexanizmləri də güclü olmalıdır ki, dövlət vəsaitlərinin mənimsənilməsi, saxta heyvan qeydiyyatı və digər sui-istifadə halları baş verməsin. Əsas məqsəd subsidiyanı sadəcə böyük təsərrüfatlara verilən güzəşt deyil, bütün fermerlərin inkişafına xidmət edən iqtisadi alətə çevirmək olmalıdır”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!