“Əgər Fransa görürsə ki, Paşinyan Şuşaya sərbəst gedib-gələ bilir...” 
01 İyn 2020 15:42
285

“Əgər Fransa görürsə ki, Paşinyan Şuşaya sərbəst gedib-gələ bilir...” 

İyunun 1-dən BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayan Fransa bu vəzifədə öz fəaliyyətinin prioritetlərini açıqlayıb. Prioritetlər sırasında Afrikada təhlükəsizlik, İranın nüvə proqramı ilə bağlı beynəlxalq razılaşmanın aqibəti, Suriya tənzimlənməsi, silahlı münaqişələrdə qaçqınların və uşaqların vəziyyəti məsələləri öz yerini tapıb. 

Maraqlıdır ki, Fransanın BMT Təhlükəsizlik Şurasının sədri kimi prioritetləri sıyahısına Avrasiya məkanında ən ağrılı problemlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi, onun nizama salınmasında irəliləyişə nail olunması daxil edilməyib. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Dağlıq Qarabaq tənzimlənməsinə görə məsuliyyət daşıyan beynəlxalq tərəflərdən biridir.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycan tərəfi bu məslədə faəl olmadığı təqdirdə beynəlxalq güclər də problemə biganə yanaşacaq. 

“2016-cı ildə baş verən aprel döyüşlərində münaqişənin nizama salınması ilə bağlı hərəkətlənmə başlamışdı? Nə üçün? Çünki Azərbaycan özü hərəkətə keçmişdi. Biz yerimizdə saydıqca beynəlxalq güclər də təbii ki, Qarabağ mövzusuna həvəssiz yanaşacaq diqqətlərini Suriya və başqa məsələlərin həllinə yönəldəcəklər. Doğrudur, Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsdər ölkəsindən biridir. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllinə məsuliyyət daşıyan tərəfdir. 

Amma bu heç nəyi həll etmir. Əgər Fransa görürsə, Nikol Paşinyan Şuşaya sərbəst gedib-gələ bilir, orada qondarma rejimin yeni “prezidentinin” andiçmə mərasimi keçirilirsə, və Azərbaycan seyrçi mövqedə dayanırsa, nə etməlidir ki? Bir daha deyirəm, biz məsələni gündəmə gətirməyincə, ciddi şəkildə hərəkətə keçməyincə, belə olacaq”, - deyə politoloq əlavə edib.

Siyası şərhçi Azər Rəşidoğlu isə hesab edir ki, Fransa Cənubi Qafqazda yalnız bir strateji müttəfiq tanıyır – Ermənistan. “Bu fikrin tərəfdarları hesab edirdilər ki, belə olan təqdirdə Parisin Qafqazdakı siyasəti yalnız bu maraqlar üzərində qurulacaq. Lakin unutmaq olmaz ki, bu gün regionda əsas söz sahibi hələ də Moskva olaraq qalır. İqtisadi cəhətdən əsas layihələrdə isə Qərb aktivlik qazanıb və bu üstünlüyünü əldən vermək istəmir. Belə olan təqdirdə Fransa BMT Təhlükəsizlik Şurasında sədrliyi Qarabağ məsələsi ilə bağlı və Azərbaycanın əleyhinə böyük dəyişikliklər gözlənilmir.

Lakin reallıqlar və Fransanın öz mənafeyi tələb edəcək ki, bu ölkə ilə Azərbaycanın münasibətləri inkişaf etsin. Bu baxımdan, Paris-Bakı münasibətlərində yeni mərhələnin başlayacağını da ehtimal edə bilərik”, - deyə Azər Rəşidoğlu bildirib.

 

Oxşar xəbərlər