Sosioloq Əhməd Qəşəmoğlunun “Yeni Sabah”a müsahibəsi:
- Son zamanlar Azərbaycanda demoqrafik artım ilə bağlı yüksək impulslar özünü göstərir. Bunun mənfi və müsbət tərəfləri nədir?
- Biz çalışmalıyıq ki, demoqrafik proseslərdə hadisələr elə davam etsin ki, ölkədə əhali artımı mənfi indeksə keçməsin. Çünki bu artım olmayanda, yəni ölkədə demoqrafik baxımdan dəyişikliklər baş verəndə istər-istəməz ölkəyə köçüb gələnlər də baş verir. Bunu Avropa ölkələrinin misalında aydın görmək olar. Oraya gedənlər bunu aydın sezir. pizza mizza
Məsələn, Almaniyada bir çox şəhərlər var ki, küçəyə çıxanda bilmirsən ki, Almaniyadasan, yoxsa Türkiyədə. Yaxud Fransada küçəyə çıxanda bilmirsən ki, hansısa ərəb ölkəsindəsən, yoxsa Fransada. Belə dəyişiklər baş verir və bu da ölkənin taleyində çox böyük dəyişikliklərə səbəb ola bilər. İndi də görürük ki, etnik qarşıdurmalar yaratmaqla dünyada nələr baş verir.
Ona görə də çalışmalıyıq ki, əhali artımı müəyyən qədər olsun. Bunun çox olması da təhlükəlidir. Çünki çox olanda ölkənin resursları həmin əhalini təmin etməyə çatmır.
Həm də ki, çox olanda başqa ölkələrin və beynəlxalq qüvvələrin diqqətində olursan. Onlar çalışır ki, yer üzündə əhalinin sayı az olsun. Ona görə də əhali artımının çox olması, ümumiyyətlə, planet üçün təhlükəli sayılır.
İstər BMT, istərsə də digər təşkilatlar istəmir ki, hansısa ölkələrdə əhali artımı çox olsun. Belə olanda mənfi tədbirlər görülür. Müharibədən tutmuş xoşagəlməz başqa məsələlərə qədər. Ona görə də biz elə etməliyik ki, əhali artımı müəyyən qədər olsun və orta həcmi qoruya bilək.
- Yəni bu artıma aidiyyəti dövlət qurumları tərəfindən nəzarət olunmalıdır?
- Bütün elmi-sosioloji nəzəriyyələrdən gəldiyimiz nəticələr budur ki, bu proseslərə hökmən nəzarət olmalıdır. Əhalinin günü-gündən azaldığı, çoxaldığı, cəmiyyətin mürəkkəbləşdiyi, habelə ictimai-siyasi proseslərin şaxələndiyi bir vaxtda hadisələri başdan-başa buraxmaq olmaz. Bu işlərə nəzarət elmi bazada olmalıdır.
Həm də bu hansısa bir mühafizə orqanı, yaxud əmrverici bir təşkilatın nəzarəti altında deyil, elmi mərkəzlərin nəzarəti altında olmalıdır. Həmin elmi mərkəzlərin təhlilləri dövlətə və parlamentə təqdim olunur. Onlar da həmin elmi mərkəzlərin tövsiyələri əsasında öz işlərini qururlar.
Buna hökmən böyük ehtiyac var və bu da bugünkü cəmiyyətin tələbidir.
- Dünyanın bir çox ölkələri artıq qocalır. Yaponiya, Çin, Avropa və ABŞ-da bu tendensiya özünü büruzə verir. Azərbaycandakı durum necədir? Biz qoca, yoxsa cavan ölkəyik?
- Biz hələlik təhlükəli sərhəddə deyilik. Həmin o qocalan ölkələrdə bir vaxtlar uşaqların doğulmasına nəzarət oldu və o ölkələr qocaldı. Qocalanda da ortaya xeyli sosial-iqtisadi problemlər çıxır. Çünki ölkədə işçi qüvvəsi azalır.
Məsələn, Almaniya o vaxtı niyə öz qapılarını açdı və Türkiyədən böyük bir axın oraya getdi? Çünki İkinci Dünya müharibəsindən sonra istehsal sahələri açılmışdı, amma işçi qüvvəsi yox idi. Sərhədləri açdı və türklər ölkəyə gəldi.
Bu gün Almaniyada 5 milyondan artıq türk var. Almaniyada Manheym şəhərinin hamısı demək olar ki, hamısı türkdür. O boyda şəhərdə 5 məscid saydım. Yaxud Köln şəhərinin yarısı türklərdir. Qərbi Almaniyada belə yerlərə çox rast gəlmək olur.
Ölkə qocalanda isə 2 məsələ gündəmə gəlir: ya xarici işçi qüvvəsinin hesabına qapını açmalısan ki, başqa etnik mənsubiyyət gəlsin. İkincisi isə vergi ödəyicisi azalanda pensiyalar, təhsil və başqa sosial sahələrin inkişafı da məhdudlaşır. Ona görə də imkan vermək olmaz ki, ölkədə əhali qocalsın və hamı dönüb olsun təqaüdçü və o təqaüdü də verməyə pul çatmasın.
Bunların hamısı elmi baza ilə təsdiqlənməlidir. Arxada çox ciddi və müasir dövrün tələblərinə uyğun həqiqi elmi mərkəzlər işləməlidir. Bu gün elmi mərkəzlər qurmaq günümüzün ən aktual məsələlərindən biridir.
Bu gün cəmiyyətdə belə xoşagəlməz hadisələr niyə baş verir? Niyə biz həyəcan təbili çalırıq? Çünki ölkədə gedən proseslərə elmin köməyi ilə nəzarət etmirik. Bu gün hay-həşir salırlar ki, cəhalət və xurafat artıb. Elm lazımi şəkildə inkişaf etməyəndə ölkədə cəhalət artacaq. İndi deyirik ki, gənclərimizin bəziləri xarici ölkələrdəki dini liderlərin arxasınca gedir. Mən də həmişə sual edirəm ki, bəlkə ölkəmizdə sağlam dini mərkəz olsun və hamı onun ətrafında birləşsin?
- Bəzi Avropa ölkələrində özünü iqtisadi və yüksək təhsillə təmin edən insanlar demoqrafik vəziyyətə təsir göstərirlər. Bu da ölkənin qocalmasına gətirib çıxarır. Siz də söylədiniz ki, cəhalət olmamalıdır və təhsili daha da inkişaf etdirməliyik. Orta məxrəci ölkəmizdə necə tətbiq etməliyik?
- Həmişə yüksək təhsil görmüş ailələrdə çox da uşaq olmur. Biz elə bir şərait yaratmalıyıq ki, adətən, hər ailədə orta hesabla 3 uşaq olsun. Bu, mənim 30 ildir təbliğ etdiyim ailə modelidir. Çünki 1 və 2 uşaq olanda ailə azalır və evdəki uşaqlar uşaq mühiti görmədən böyüyürlər. 2 uşaq olanda isə bir-birilə dalaşa-dalaşa böyüyürlər. 3 olanda isə evdə uşaq mühiti yaranır.
Dövlətin də borcudur ki, 3 uşaqlı ailə modeli ölkədə yayılsın. Burada dövlətin öhdəsinə vəzifələr düşür, valideynlərin də. Çünki uşaq təkcə valideynin deyil, o uşaq həm də dövlətindir. Lazım gələndə onun ordusu, elmi işçisi və fəhləsidir. Ona görə də orta məxrəci tapmaq üçün hökmən və hökmən elmi mərkəzlərə ehtiyac var. Belə mərkəzlər olandan sonra elmi təhlillər ilə orta məxrəci tapıb təhlil edəcəyik ki, Sosial Müdafiə Fondunun borcu filan şeyi etməkdir. Yaxud təhsil sistemi və valideynin də borcu filan şeylərdir.
Bu məsələlərə diqqət dəyişməlidir. Sosial məsələlərə münasibət elmi əsaslarla qurulmalıdır.
- Demoqrafik artımda bəzən urbanizasiya problemləri də olur və bu, Bakıda özünü aydın şəkildə büruzə verir. Qarşısını necə almalıyıq?
- Bunun da qarşısını almaq üçün dövlət yenə elmə dəstək verməlidir. Elmi əsaslarla məsələ aydın qurulmalıdır. Məsələn, aidiyyəti qurumlar düşünməlidir ki, aqrar sektoru inkişaf etdirmək lazımdır ki, əhali əlində olan torpaqdan faydalansın. Onda da əhali axışıb Bakıya dolmayacaq, kəndlərimizin özündə normal inkişaf gedəcək. Ona görə də çalışmaq lazımdır ki, kəndli, ancaq torpağında məhsul istehsal etməklə məşğul olsun.
Bir tərəfdən, kredit, bir digər tərəfdən, gübrə və texnika axtara-axtara sonra bazar axtarmasın. Biz onun qapısından məhsulu almalıyıq. Mən 1992-ci ildə rəhmətlik Elçin Səlcuqa bu barədə müsahibə vermişəm. 30 ildən artıq vaxt keçib, amma məni hələ də eşidən yoxdur. Mən onda da demişdim ki, kəndlini şəhərlidən ayırmaq lazımdır ki, öz yerində məşğul olsun.
O vaxtı təklfilərimdən biri də Bərdəni sürətlə inkişaf etdirmək idi. Əgər bunu etsəydik, ətrafındakı aqrar sektor da sürətlə inkişaf edəcək idi.
- Azərbaycanda ailə planması qaydasındadırmı?
- Rəhmətlik nənəmin sözü var idi: deyirdi ki, “oğul, yaralı yerimi kəsmə”. Ölkədə ailə planlaması qaydasında olsa idi, bu problemlər ortaya çıxmaz. Niyə qaydasında deyil? Cəmiyyətdə nə qədər proses gedirsə-getsin, ailənin əbədi və əzəli funksiyaları var. 1000 il qabaq da o funksiya var idi, 100 il qabaq da, 20 il qabaq da... Biz elmi əsaslarla elə etməliyik ki, dəyişən cəmiyyətdə elə ailələrimiz olsun ki, ailə əbədi-əzəli funksiyalarını yerinə yetirsin.
Biz isə bunun əvəzində başlayırıq Fransa, Belçika, Çini təhlil etməyə. Biz öz cəmiyyətimizi axıra kimi təhlil edib buradan irəli gələn tələblər baxımından ailə planlamasını qurmalıyıq. Çalışmalıyıq ki, o ailədə doğulan uşaqlar keyfiyyətli böyüsün. Bu gün psixoloji korreksiya mərkəzlərinə yolunuz düşsə, görəcəksiniz ki, nə qədər körpə uşaq gətiriblər, hamısında da psixi pozğunluq var. Müalicəsi də baha.
Bizim ən böyük bəlamız bu gün elmin nəyə lazım olduğunu, nə cür elmdən faydalanmağı bilməməyimizdir.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız