Əxlaqsız təklif

saytların hazırlanması

Evə çatdırılma

Əxlaqsız təklif

Sosial

13 Dekabr 2021 13:10 10930


Bəlkə də dünyada yeganə cəmiyyətik ki, sevişməyə “əxlaqsızlıq” adı qoymuşuq. Təsəvvür edin, hər bir insan övladının ehtiyacı olan bu təbii hiss və hər bir insanın həyatı boyu dəfələrlə yaşadığı bu gözəl duyğu “əxlaqsızlıq” deyə təqdim olunur. Görəsən, dünyanın başqa hansı coğrafiyasında belə analogiya var?!

Səhv etmirəmsə, sovet dönəmində “məişət pozğunu” deyilən termin vardı və bu, tamamilə başqa məna ifadə edirdi. Həmin dövrdə “məişət pozğunları”nın necə cəzalandırıldığını bilmirəm, bununla bağlı cəza növünun olub-olmamasından da xəbərsizəm. Belə başa düşürəm ki, ümumiyyətlə, başa düşmədiyim çox şey var və “əxlaqsızlığın” nə demək olduğunu da bilmirəm. 

Çünki mənim düşüncəmə görə rüşvət almaq və ya vermək daha böyük əxlaqsızlıqdır, nəinki sevişmək. Hələ gənc oğlanın gənc qıza çay içmək təklifində əxlaqsızlıq gizləndiyini hiss etməyəcək qədər hissiyyatsızam. Sən demə, bu da “əxlaqsız təklif” kateqoriyasından imiş. Dünyadan xəbərim yoxdur. pizza

Hər şey ondan başladı ki, sosial şəbəkədə bir xanım video paylaşdı. Videoda taksi sürücüsü həmin xanımı çay içməyə dəvət edirdi. Xanım isə onun videosunu çəkərək ifşa etdi, ictimai qınağa tuş gətirdi. Ardınca həmin taksi sürücüsünün səsi polis bölməsindən gəldi. Daxili İşlər Nazirliyi sürücünün fotosunu, videosunu çəkib paylaşdı. Həm də qeyd olundu ki, sürücü məsuliyyətə cəlb olunub. Məsuliyyətin nədən ibarət olduğu açıqlanmamışdı. 

Bir neçə gün sonra daha 5 gənc taksi sürücüsünü yan-yana düzüb fotosunu çəkib yaydılar. Onlar da “əxlaqsız təklif” etmiş və buna görə də məsuliyyətə cəlb olunmuşdular.

Bizə maraqlı gəldi ki, bu məsuliyyətə cəlb olunmaq nədən ibarətdir. Hüquqda, qanunvericilikdə bu haqda nə nəzərdə tutulur. Vəkil Əsabəli Mustafayevdən soruşduq. Təcrübəli vəkil bu mövzuda hansısa hüquqi pozuntu tapmağın çətin olduğunu dedi.  Bildirdi ki, əgər sürücü çay içmək təklifini etik çərçivədə, zor tətbiq etmədən, təhqir olmadan edibsə, burada yalnız mənəvi qınaq ola bilər. Ancaq hüquqi müstəvidə ictimai yerdə söyüş söyməklə, zor tətbiq etməklə, qarşı tərəfi qorxutmaqla belə bir təklif edilməyibsə, pozuntu yoxdur: “Burada inzibati xəta yaxud cinayət məsuliyyəti yaradan hal yoxdur”.

Bu nümunə başqa bir ölkədə baş versə idi, qadına təklifdə bulunan gəncin foto və videosu polis tərəfindən yayılardısa nə baş verərdi? Bütün məsələləri qoyuram bir kənara, həmin fotosu yayılan şəxs güman ki, bundan heç bir mənəvi sarsıntı keçirməzdi. Amma bizdə təfəkkür fərqlidir axı. Təsəvvüür edin, həmin taksi sürücüsünün vəziyyətini: Ailədə və yaxud ailələrarası böyük skandal başlayır. Adam ağır depressiyaya düşür, el-oba içində biabır olduğunu düşünür, utanc hədəfinə çevirilir, heç kim onun taksisinə minmir və sair... 

Səbəbsə odur ki, o bir xanıma çay içmək, daha dəqiq ifadə etsək, tanış olmağı təklif edib. Sən Allah “hamının anası, bacısı var” söhbətini bir kənara qoyun. Hamının anası və bacısını bir gün bir gənc görüb, bəyənib, tanışlıq təklif edib və daha sonra uzun bir həyat yolunu birgə addımlayıblar. Tutaq ki, sabah yenə də bir xanım polisə müraciət etdi ki, oğlan ona sevgisini təklif edib, evlənmək istədiyini deyib və qız bu təklifə görə ondan şikayətçidir. O zaman nə olacaq?! Bəyəm bu məsuliyyət yaratmırmı? Axı məntiq aşağı-yuxarı eynidir... 

Yadıma bir müddət əvvəl baş vermiş hadisə düşdü. Sosial şəbəkədə adı, ünvanı bəlli olan şəxs məni təhqir etmişdi. Bu, qanunla məsuliyyət yaradan haldır. Polisə rəsmi müraciət etdim. Polis də mənə rəsmi məsləhət verdi ki, məhkəməyə müraciət edim.

Məncə təhqir kimisə çay içməyə dəvət etməklə müqayisədə daha böyük əxlaqsızlıqdır axı...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!