“Fətəli xan Xoyskinin tanımayacaqlar, amma Baləli desəniz...”

saytların hazırlanması

Evə çatdırılma

“Fətəli xan Xoyskinin tanımayacaqlar, amma Baləli desəniz...”

Sosial

07 May 2026 10:20 202


“Bu problem, ilk növbədə, müstəmləkə təfəkküründən qaynaqlanır. Frans Kafkanın "Qəsr" romanında olduğu kimi yerölçən belə özünün yerölçən olduğuna inanmır, mütləq saraydan bir rəy gəlməlidir ki, sən həqiqətən yerölçənsən. Bu, sovet totalitarizmindən və müstəmləkəçiliyindən qalan bir mirasdır. Təkcə bu da deyil, rusların burada qoyduğu bir çox ənənələr hələ də dəyişmir. Ümumiyyətlə, dövlətin xidmət siyasətində, məmur-xalq münasibətlərində və bir çox digər sahələrdə bu qalıqlar hələ də ciddi şəkildə qalmaqdadır”.

Bunu “Yeni Sabah”a açıqlamasında şair, yazıçı Şərif Ağayar bildirib.

O, millət vəkili Siyavuş Novruzovun Azərbaycanda bir sıra yer adlarının hələ də Sovet dövründən qalma adlarla istifadə olunmasına etirazına dəstək verib. Bildirək ki, S. Novruzov qeyd edib ki, bir çox şirkətlər müştərilərin onları rahat tapa bilməsi üçün köhnə adlardan istifadə edirlər: “Məsələn, reklam edilir ki, tədris kursu “Montin”də yerləşir. Halbuki bu adda yer yoxdur. Mən bunu yerli icra hakimiyyətindən maraqlanmışam. Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur”. Dördpendirli pizza

Ş. Ağayar köhnə adlardan istifadə olunmasını bir növ vərdiş olduğunu qeyd edib:  

“Bəs bu nəyin vərdişidir? Müstəmləkə düşüncəsinin... "Kreml belə deyibsə, deməli, doğrudur" kimi yanaşmaların məhsuludur. Bu, özünə və öz dilinə güvənməməyin nəticəsidir. Məsələ ilk baxışdan sadə görünə bilər, amma mahiyyətində çox ciddi və dərin problemlər yatır. Bunu araşdırsanız, çox dərin qatlara gedib çıxar. İnsanın hələ də düşüncə olaraq tam azad ola bilməməsi məhz bunun göstəricisidir.

Bu təfəkkür xüsusilə mədəniyyət sahəsində özünü daha qabarıq göstərir. Mən məhz həmin düşüncələrlə mübarizə apardığım üçün həyatımda kəskin çətinliklər yaşayıram.

Problem təkcə adlarda da deyil. Məsələn, məşhur adamların adına küçələr var, amma gənclərdən soruşun, görək onları tanıyırlarmı? Fətəli xan Xoyskinin kim olduğunu soruşsanız, bəlkə tanımayacaqlar, amma Baləli desəniz, hamı tanıyacaq. Bu, düşüncəmizin hələ də müstəmləkə dövründə qaldığının, öz taleyimizə biganəliyimizin və özümüzə inamsızlığımızın sübutudur. Görünür, bu vəziyyət kimlərəsə sərf edir. ​Əgər biz Azərbaycanı həqiqətən sevsəydik, bu gün Nərimanova "Montin" deməzdik. İndi bəziləri çıxış yolu kimi cərimələri təklif edir, amma mən inzibati metodların tərəfdarı deyiləm. Çünki cərimə çox vaxt vəziyyəti düzəltmək üçün deyil, sadəcə pul yığmaq üçün bir vasitəyə çevrilir. Bu problem "çürüyə-çürüyə", daxildən dəyişməlidir. Sadəcə adları dəyişməklə iş bitmir bu, xəstəliyin zahiri simptomudur. Qızılca xəstəliyində bədən səpir, siz o səpkiləri mazlasanız da, xəstəlik sağalmır. Əsaslı dəyişiklik orqanizmin özündə olmalıdır.

​Ən vacibi budur ki, mədəniyyət və yaradıcılıq istiqamətindəki Sovetdən qalma təşkilatlar ləğv edilməlidir. Azərbaycanın kino, teatr və ədəbiyyat sahələri tam müstəqil şəkildə yenidən təşkilatlanmalıdır. Baxın, biz ordu sistemində sovet modelindən qaçıb NATO sisteminə keçdik, müasir kadrlar yetişdirdik və bunun nəticəsini torpaqlarımızı azad edəndə gördük. Sizi əmin edirəm ki, Sovetdən qalan korrupsioner ordu sistemi ilə biz heç bir uğur qazana bilməzdik. Bu yanaşmanı bütün sahələrə şamil etməliyik. Müasir hərbçilərimiz artıq beynəlxalq terminlərlə danışırlar, çünki "kolxoz təfəkkürü"nün zamanı keçib. Lakin mədəniyyət sahəsində bu köhnəlik hələ də şiddətlə davam edir. Bəzi yaradıcı ittifaqların rəhbərləri 40 ildir vəzifədədir. Məsələn,  Fərhad Xəlilov, Anar Rzayev onlar getsə belə, yerinə gələnlər həmin düşüncəni davam etdirir.

​Ciddi islahatlar aparılmalı, Azərbaycan dili korpusu yaradılmalı və dilimiz güclü inkişaf etməlidir. Dilimiz rus, türk və digər inkişaf etmiş dünya dilləri ilə rəqabət apara biləcək səviyyəyə çatmalıdır. Bu gün keyfiyyətli publisistik məqalə yazan müəllif tapmaq çətinləşib. Dil inkişaf etməsə, "Razin" və "Montin" kimi ifadələrin qarşısında tab gətirə bilməz. Cənab Prezident dilimizin qorunması ilə bağlı bəyanat versə də, bir çox qurumlar sadəcə "hesabat xatirinə" tədbirlər keçirirlər. Bu, çox ciddi bir məsələdir və sadə yanaşmalarla həll olunan deyil. Dilimizin inkişafı azadlığımızın və müstəqilliyimizin təməlidir. Amma bu Siyavuş Novruzovun müzakirə edib axıra çıxa biləcəyi məsələ deyil”.

 Aytəkin Əzizqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!