Futbolun sadəcə 22 nəfərin bir topun arxasınca qaçdığı sadə bir oyun olmadığını ən çox sübut edən qarşılaşmalardan biri bu axşam yenidən yaşanır. Dünya Çempionatının yarımfinal mərhələsində İngiltərə və Argentina seçmələri mundialın finalında İspaniyaya rəqib olmaq üçün meydana çıxacaq. Bu iki komanda arasındakı qarşıdurma sadəcə taktika və fiziki gücün savaşı deyil; bu, Atlantik okeanın cənubunda, soyuq və küləkli Folklend adaları (argentinalıların dediyi kimi Malvin adaları) uğrunda tökülən qanların yaşıl meydana köçürülmüş mənəvi əks-sədasıdır.
"Yeni Sabah" xəbər verir ki, hər şey 1982-ci ilin yazında başladı. Argentinada hakimiyyətdə olan hərbi xunta daxili böhranı ört-basdır etmək və milli birliyi təmin etmək üçün Britaniyanın nəzarətində olan Folklend adalarını işğal etdi.
Böyük Britaniyanın baş naziri Marqaret Tetçer isə geri addım atmayaraq bölgəyə dərhal hərbi donanma göndərdi. Cəmi 74 gün davam edən, lakin hər iki tərəfdən yüzlərlə gənc əsgərin ölümü ilə nəticələnən bu qısa, amansız müharibə Böyük Britaniyanın qələbəsi və Argentinanın ağır məğlubiyyəti ilə başa çatdı. Argentinalılar üçün bu məğlubiyyət sadəcə torpaq itkisi deyil, dərin bir milli travma və qürur qırılması idi. Pepperoni pizza

Bu müharibədən cəmi 4 il sonra, 1986-cı ildə Meksikada keçirilən Dünya Çempionatının dörddəbir finalında bu iki ölkə üz-üzə gəldi. Meydanda hərbi geyimli əsgərlər yox idi, lakin hər iki tərəf üçün bu oyunun mahiyyəti futboldan qat-qat üstün idi.
Məhz həmin gün futbol tarixinin ən ikonik fiquru olan Dieqo Armando Maradona səhnəyə çıxdı. Maradona həmin oyunda vurduğu iki qolla təkcə İngiltərəni turnirdən kənarlaşdırmadı, həm də argentinalıların gözündə müharibənin mənəvi qisasını aldı.

Onun vurduğu ilk qol — qapıçı Piter Şiltonun başı üzərindən topu əli ilə tora göndərməsi və sonradan bunu "Tanrının əli" adlandırması — ingilislər üçün aşkar bir fırıldaq və ədalətsizlik idi. Lakin dərhal sonra vurduğu, demək olar ki, bütün İngiltərə komandasını təkbaşına keçərək qeydə aldığı "Əsrin qolu" onun dahi istedadının rəsmi nümayişi oldu.
Maradona illər sonra öz bioqrafiyasında etiraf edəcəkdi ki, oyundan əvvəl siyasətdən uzaq durmağa söz versələr də, hamısı Folklenddə həlak olan argentinalı gənclər üçün oynadıqlarını daxilən bilirdilər. Bu qələbə onlar üçün "bir növ intiqam" idi.
O vaxtdan bəri İngiltərə və Argentina arasında keçirilən hər bir qarşılaşma bu tarixi arxa planın kölgəsində oynanılır. 1998-ci ildə Devid Bekhemin qırmızı vərəqə alaraq faciə qəhrəmanına çevrilməsi, 2002-ci ildə isə eyni Bekhemin penalti qolu ilə qisası geri alması bu rəqabətin alovunu heç vaxt söndürməyib.
Bu axşamkı matç da istisna deyil. Yaşıl meydandakı hər bir mübarizə, hər bir fit səsi və tribunalardan yüksələn hər bir şüar 1982-ci ilin soyuq Atlantik küləklərindən və 1986-cı ilin Meksika günəşindən süzülüb gələn o böyük, tarixi dramın növbəti pərdəsidir.
Nazim Hacıyev
Telegram kanalımız