“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

saytların hazırlanması

Evə çatdırılma

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

Sosial

30 Avqust 2026 16:54 98


Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusunda olduğu "Baytarlıq" ixtisasını (ingilis dilində) seçib.

Xaliqin bu seçimi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.

"Yeni Sabah" xəbər verir ki, fikirlərini "Qafqazinfo" ilə bölüşən Xaliq Zeynallı heyvanlara xüsusi marağının uşaqlıq illərindən yarandığını bildirib: Marqarita pizza

"Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil və bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim.

İxtisas seçimində ətrafımdakıların təzyiqi çox oldu. Ailəm və dostlarım bu sahənin perspektivli olmadığını düşünür, "Bu balla o ixtisasa getsən, gələcəkdə işsiz qala bilərsən", - deyirdilər. Amma mən öz dünyagörüşüm və ziyalı insanlarla söhbətlərim sayəsində başa düşürdüm ki, hər şey göründüyü kimi deyil. İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır".

O, sosial şəbəkələrdə yazılan fikirlər barədə də danışıb:

"Yazırlar ki, bu balla ATU və ya başqa nüfuzlu universitetlərdə oxuya bilərdim. Bəziləri isə başqa yerlərə qəbul ola bilmədiyim üçün Xəzər Universitetini seçdiyimi iddia edir. Yığdığım balla Azərbaycan Tibb Universiteti (ATU) da daxil olmaqla, bütün ali məktəblərdə qəbul ola biləcəyim ixtisaslar var idi. Məni tanıyanlar bilir ki, ən başından valideynlərimə və dostlarıma nə qədər bal toplasam da, Baytarlığın ardınca gedəcəyimi demişdim.

İxtisas seçimi zamanı ilk yerə ATU-nun "Tibb" ixtisasını yazmışdım. Bu da onunla bağlı idi ki, 9-cu sinifdə valideynlərimlə birinci yerə "Tibb" ixtisasını yazacağıma dair razılaşmışdıq. Düşünürdüm ki, marağım olsa, oxuyaram, olmasa da başqa universitetlərin "Baytarlıq" ixtisasına köçürülərəm, yaxud təhsilimi xaricdə davam etdirərəm.

Nəticədə 617 balla "Tibb" ixtisasına düşə bilmədim və çox da yaxşı oldu. Çünki tibb sahəsində uğur qazanacağıma inanmırdım. Bilirdim ki, irəlidəki illərdə yenə baytarlığa yönələcəyəm".

X.Zeynallı gələcək planlarından da söz açıb:

"Planlarım çoxdur, amma ən əsası kənd təsərrüfatı üzrə savadlı mütəxəssis olmaq istəyirəm. Çünki hazırda bu sahədə peşəkar kadrlar barmaqla sayılacaq qədər azdır. Bundan başqa, həm universitet illərində, həm də sonrakı fəaliyyətimdə ekzotik heyvanları araşdırmaq niyyətindəyəm".

O, ailəsinin əvvəlcə bu seçimlə razılaşmadığını qeyd edib:

"Ailəm "Tibb" ixtisasına yiyələnməyimi istəyirdi və bu məsələdə mənimlə razılaşmırdılar. Lakin maddi baxımdan həmişə dəstək olublar. Mən yüksək balla baytar olmaq istəyirdim. Onlarla danışıb razı salsam da, başqa insanlarla söhbətdən sonra yenə öz fikirlərinə qayıdırdılar. Bu müzakirə 3-4 il davam etdi.

Sonda isə yüksək balla istədiyim ixtisasa qəbul olaraq arzumu gerçəkləşdirdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!