Gələcəyimizlə bağlı xəbərdarlıq:   20 il sonra nə olacaq?!

saytların hazırlanması

Evə çatdırılma

Gələcəyimizlə bağlı xəbərdarlıq: 20 il sonra nə olacaq?!

Sosial

03 İyun 2026 17:45 220


Azərbaycanda son illərdə doğum göstəricilərində ciddi azalma müşahidə olunur. Son 20 ilin rəqəmləri də bunu təsdiq edir. Əgər 2005-ci ildə ölkədə 141 min 901 uşaq dünyaya gəlmişdisə, 2025-ci ildə bu say 95 875-ə düşüb.

Cari ilin ilk beş ayında isə cəmi 34 470 uşaq anadan olub. Bununla belə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hesab edir ki, mövcud rəqəmlər hələlik risk yaratmır.

Bəs doğum sayındakı azalmanın əsas səbəbləri nədir və bu tendensiya gələcəkdə Azərbaycan üçün demoqrafik problemə çevrilə bilərmi? Sosioloqların bu barədə müxtəlif fikirləri var. Dominos pizza

Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkəsində, xüsusilə də Avropada dövlətlərində doğum göstəricilərinin ildən-ilə azalması müşahidə olunur:

“Bu proses bəzi ölkələr istisna olmaqla, qlobal tendensiyaya çevrilib. Bir çoxları bunu sosial və iqtisadi amillərlə əlaqələndirsə də, müşahidələr göstərir ki, sosial rifah səviyyəsi daha yüksək olan ölkələrdə də ailə üzvlərinin sayının azalması və azuşaqlı ailələrin çoxalması bu tendensiyanı sürətləndirən əsas amillərdəndir. Uşaqların doğulmasına təsir edən mühüm faktorlar arasında ailələrin daha az sayda övlad sahibi olmağa üstünlük verməsi xüsusi yer tutur. Bu səbəbdən azuşaqlı ailələrin statistikada daha geniş yer tutması məsələsi aktuallaşır və müəyyən narahatlıqlar yaradır. Eyni zamanda, bəzi ölkələrdə ümumiyyətlə uşaq sahibi olmaqdan imtina edən ailələrin sayı artır. Digər ölkələrdə isə tam imtina olmasa da, ailələr bir və ya iki uşaqla kifayətlənirlər ki, bu da ümumi doğum statistikasına ciddi təsir göstərir”.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın səsləndirdiyi fikirləri də şərh edib. Alim deyib ki, 2011, 2014, 2017, 2019 və 2022-ci illərin göstəricilərini müqayisə etmək lazımdır. Onun fikrincə, bu, Azərbaycandakı real vəziyyəti bilmək üçün vacibdir: “Bahar Muradovanın sözlərində müəyyən həqiqət payı var. O da hesab edir ki, mövcud vəziyyət hələlik ciddi risk yaratmır. Sosioloq kimi mən də bu yanaşma ilə müəyyən mənada razıyam. Çünki son 10-15 ilin statistikası göstərir ki, doğum göstəriciləri bəzi illərdə azalır, bəzi illərdə isə artır. Əgər azalma hər il ardıcıl və kəskin şəkildə davam etsəydi, bunu ciddi təhlükə kimi qiymətləndirmək olardı. Lakin müşahidələr göstərir ki, müəyyən dövrlərdə azalma qeydə alınsa da, sonrakı illərdə artım baş verir və bu proses müəyyən balans yaradır. Yəni doğum göstəricilərindəki dəyişikliklərə uzunmüddətli perspektivdən baxdıqda, hazırkı mərhələdə ciddi riskdən daha çox nisbi sabitlik müşahidə olunur. Bu baxımdan vəziyyət hələlik demoqrafik təhlükə kimi qiymətləndirilmir. Digər vacib məqam isə ondan ibarətdir ki, Azərbaycanda ailə quran cütlüklərin böyük əksəriyyəti övlad sahibi olmaq istəyir. Bu, ölkəmiz üçün müsbət göstəricidir və doğum səviyyəsinin tamamilə kəskin azalmasının qarşısını alan əsas amillərdən biri hesab olunur”.

Sosioloq Nailə İsmayılova saytımıza açıqlamasında deyib ki, son 10-12 ildə Azərbaycanda doğum göstəricilərində ciddi azalma müşahidə olunur:

“Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu illərin əvvəllərində ölkədə hər il 170 mindən çox uşaq dünyaya gəlirdisə, 2024-cü ildə bu rəqəm 102 minə qədər enib. Bu, təxminən 40 faizdən çox azalma deməkdir. Bəzi mütəxəssislər bu vəziyyəti demoqrafik təhlükə hesab etdiyi halda, digərləri bunu inkişaf etmiş cəmiyyətlər üçün xarakterik olan təbii proses kimi qiymətləndirirlər”.

Ekspert bildirib ki, statistik göstəricilər doğum sayında azalmanın davamlı xarakter daşıdığını göstərir:

“Əgər əvvəllər Azərbaycanda hər min nəfərə düşən doğum sayı daha yüksək idisə, son illərdə bu göstərici də aşağı düşüb. 2024-cü ildə ölkədə 102 310 körpə doğulub və hər min nəfərə düşən doğum göstəricisi 10-a enib. Bununla yanaşı, ölkədə hələ də təbii artım mövcuddur. Yəni doğulanların sayı ölənlərin sayından çoxdur. 2024-cü ildə 58 909 ölüm hadisəsi qeydə alınıb və nəticədə təbii artım 43 min nəfərdən çox olub. Bu səbəbdən hazırda əhalinin ümumi sayında azalma müşahidə edilmir. Məhz buna görə bəzi mütəxəssislər vəziyyətin hələlik kritik olmadığını bildirirlər”.

Onun sözlərinə görə, bu proses təkcə Azərbaycana xas deyil:

“Dünyanın əksər ölkələrində ailələr əvvəlki nəsillərlə müqayisədə daha az uşaq sahibi olurlar. Bunun bir neçə əsas səbəbi var. Səbəblərdən biri iqtisadi amillərdir. Belə ki, müasir dövrdə uşaq böyütmək əvvəlki illərlə müqayisədə daha böyük maliyyə yükü tələb edir. Təhsil, səhiyyə, mənzil, qidalanma və digər xərclər ailələrin qərarlarına təsir göstərir. Bir çox gənc ailə əvvəlcə mənzil sahibi olmaq, sabit iş tapmaq və maddi vəziyyətini yaxşılaşdırmaq istəyir, yalnız bundan sonra valideyn olmağı düşünür”.

Sosioloq digər səbəb olaraq  nikah yaşının artmasını göstərir:

“Son illərdə gənclər daha gec ailə qururlar. Təhsil müddətinin uzanması, karyera planları və sosial dəyişikliklər nikah yaşının yüksəlməsinə səbəb olur. Ailə qurma gecikdikcə ilk uşağın dünyaya gəlməsi də təxirə düşür və nəticədə ailələrin ümumi uşaq sayı azalır. Doğum göstəricilərinin azalmasına təsir edən amillərdən biri də həyat tərzinin dəyişməsidir. Əvvəllər çoxuşaqlı ailə modeli daha geniş yayılmışdı. Kənd təsərrüfatı cəmiyyətində çoxuşaqlılıq həm iqtisadi, həm də sosial üstünlük hesab edilirdi. Müasir şəhər həyatında isə ailələr daha çox keyfiyyətli təhsil və yüksək həyat səviyyəsinə üstünlük verirlər.Miqrasiya və urbanizasiya da bu prosesə təsir edən amillər sırasındadır”.

N.İsmayılovanın sözlərinə görə, kənd yerlərindən şəhərlərə köç, xüsusilə paytaxtda yaşayış xərclərinin yüksək olması ailələrin uşaq sayı ilə bağlı qərarlarına təsir göstərir:

 “Qeyd olunan amilləri nəzərə alaraq demək olar ki, hazırkı mərhələdə bu tendensiya əhali sayının azalması baxımından ciddi təhlükə yaratmır. Qısamüddətli perspektivdə Azərbaycan üçün demoqrafik böhran təhlükəsi görünmür. Əhali sayı artmaqda davam edir və təbii artım hələ də müsbətdir. Lakin uzunmüddətli perspektivdə vəziyyət fərqli ola bilər. Əgər doğum göstəriciləri uzun illər aşağı səviyyədə qalarsa, əhalinin orta yaşı artacaq, yaşlı insanların sayı çoxalacaq, əmək bazarında işçi qüvvəsi azalacaq, sosial müdafiə və pensiya sisteminə yük artacaq, iqtisadi inkişafın davamlılığını təmin etmək isə daha çətin olacaq. Bu gün bir çox Avropa və Asiya ölkələri məhz bu problemlərlə mübarizə aparır. Hətta yüksək inkişaf etmiş ölkələr doğum səviyyəsini artırmaq üçün xüsusi dövlət proqramları tətbiq edirlər”.

Sosioloqun fikrincə, daha effektiv nəticə əldə etmək üçün aşağıdakı tədbirlər kompleks şəkildə həyata keçirilməlidir:

“Uşaq müavinətlərinin artırılması, gənc ailələr üçün mənzil proqramlarının genişləndirilməsi, işləyən analar üçün dəstək mexanizmlərinin yaradılması, məktəbəqədər təhsil müəssisələrinin əlçatanlığının artırılması və valideyn məzuniyyətlərinin genişləndirilməsi. Azərbaycanda doğum sayının azalması hələlik ölkənin demoqrafik təhlükə ilə üz-üzə qalması anlamına gəlmir. Əhali artımı davam edir və təbii artım müsbət olaraq qalır. Lakin son onillikdə müşahidə olunan kəskin azalma gələcək üçün mühüm siqnal hesab oluna bilər. Məsələyə yalnız bugünkü statistika prizmasından deyil, 20–30 il sonranın reallıqları baxımından da yanaşmaq lazımdır. Çünki demoqrafik proseslərin nəticələri dərhal deyil, illər sonra özünü göstərir. Buna görə də doğum göstəricilərinin azalmasının səbəblərini araşdırmaq və ailələri dəstəkləyən uzunmüddətli siyasət həyata keçirmək Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!