Qəzet oxumağı atamdan öyrənmişəm, o, həmişə topa-topa qəzet alardı. Aldığı qəzetləri əvvəl özü oxuyar, sonra da mən. Təxminən 2010-cu ilə qədər hər gün qəzet alardım, sonra gördüm ki, qəzetlər bahalaşır, içindəkilər uzuclaşır, qəzet almağı təgitdim. Çox keçmədi ki, oxumaq istədiyim və ya oxumaq istəmədiyim xəbər başlıqları telefonumun ekranında yanıb sönməyə başladı. Bildiyimiz elekton resurslar çoxaldı, xəbəri oxumaq üçün saytlara yönəldik.
Bu saytlar arasında ən çox oxuduğum “Yeni Sabah”dır. Üç gün öncə telefonumun ekranında “Yeni Sabah”da yayımlanmış “Cəmiyyətdə cinsi aclıq var... Bunu əsasən kasıblar edir” başlıqlı xəbəri göründü. “Xəbər” in içində “cinsi aclıq”, “kasıblar” və psixoloq sözləri diqqətimi cəlb etdi. İnsafən redaktor “xəbər”in oxunması üçün əlindən gələni etmişdi. Diqqətlə oxudum. Sən demə, məmləkətimizdə Gülnar Orucova adlı qlamur bir psixoloq var imiş və uzun illərdir mən binəva bundan xəbərsizəmmiş. Xanım psixoloq şəkildə gözəl görünürdü, kreslosu isə özündən də gözəl idi. Qarşısında zırpı bir kömpüter də var idi, saçları sarışın, çiyinlərinə tökülmüş, gözləri mavininmavisi, bilmirəm o mavi gözlər sözləri kimi süni idi, ya orjinal. Hər halda gördüyüm kimi idi. Oturduğu kabinetin zirzəmidə, yoxsa Alov qüllələrindəki ofisdə yerləşdiyini deyə bilmərəm, amma sözlərindən zirzəmi qoxusunun gəlməsi dəqiqdir. Gülnar xanımın görünüşünün, hansı kastaya aid olmasının şəxsimizə heç bir aidiyyatı olmasa da, cəmiyyətə sırımağa çalışdığı bəzi məntiqsiz ibarələrinin cavbalandırılması ehtiyacı duydum.
Hörmətli xanım Gülnar deyir ki, iki tip insan psixologiyası var, varlı və kasıb. Bunu hansı məntiqlə, hansı elmi mənbəyə söykənib izhar edir, onu bilmirəm, ölkəmizdə artıq iki kastanın varlı və kasıb kastalarının formalaşmasını dəqiq ifadə edibdir. Dördpendirli pizza
Tanıdığım bir ailə var, ali məktəb müəllimləridir. Aman-zaman bircə övladlarını bir neçə il bundan əvvəl Bakı Avropa məktəbinin 6-cı sinfinə qoymuşdular. Uşaq bilmədən sinifdə cibindən qəpik pul çıxarıb, bunu görən sinfin bütün uşaqları-püff sən qəpik gəzdirirsən, sən kasıbsan-deyə o uşağa salam verməkdən imtina etmişdilər, valideynləri də məcbur qalıb övladlarını məktəbdən çıxardılar. Əgər xanım Gülnar bu kimi faktlara əsaslanıb bizi varlı və kasıb kastalara bölürsə, razıyam.
Kriminal xəbərlərin, insanların şəxsi münasibətlərini, cinsi istək və arzularını ifadə edən informasiyaların təkcə kasıbları maraqlandırması fikri də xanım Gülnara məxsusdur. Kökündən yanlış, qərəzli və aşağılayıcı yanaşmadır. Bu cür informasiyalara maraq insanın maddi durumu ilə deyil, düşüncə tərzi, həyata baxışı, təhsili, bir az da təbiəti ilə bağlıdır.
Xanım Gülnarın varlı və kasıb təbəqədən olan insanlarımızın təsviri isə onun dar düşüncəli və bilgisizliyindən irəli gəlir.
Necə yəni, varlı təbəqənin başı hər zaman özünə qarışır?! Yəni, varlı təbəqə ancaq, pul qazanmaq haqqında düşünür?! Varlı adam üçün kasıb qohum, kasıb qonşu, kasıb müəllim, kasıb sürücü, kasıb xadimə, kasıb bağban anlayışları yoxdur?! “Onlar daim öz həyatlarını gözəlləşdirməyə çalışırlar”- deyəndə nəyi nəzərdə tutur, görəsən, xanım Gülnar?! Həyatı gözəlləşdirmək dedikdə, villa, son model xidməti maşın, bahalı geyimlər, Mayamidə tətil, dinimizin buyurduğu kimi 4 arvad saxlamaq və yağlı bozbaş başa düşülməlidir?! “Kasıblar həmişə özü ağa ola bilmədiyi problemlərdən danışıb, onları müzakirə etməyə çalışır”- deyən xanım nökər psixologiyasını unutmadığı üçün ağa anlayışını dərk edə bilmir. Xanım Gülnar bilmir ki, problemin ağası olmur, problemi yaradan və həll edən olur. Cəmiyyətdə mövcud min problemdən biri isə iki-üç təlim kursunda dinləyici olub, sponsor tapıb insanların psixologiyasını dəlik-deşik edən qondarma psixoloqlardır.
Sadə misalları bəsit ağlının məhsulu kimi bizə sırımağa çalışan xanım Gülnar unudur ki, varlının qapısında nökərləri, bank hesabında milyonlarla pulu var, villasında (oxu xarabasında) italyan divar kağızını hər mövsüm dəyişə, türk mərmərini hind mərməri ilə əvəz edə, lap istəsə, tikdirəndən sonra gedib görə bilmədiyi, yerini unutduğu villalardan birini xanım Gülnara bağışlaya bilər, (Necə qazanıb, necə oğurlayıb orasını qarışdırmayın.) kasıbın isə aldığı əmək haqqı onun bir aylıq qida, paltar, nəqliyyat xərcləri kimi təməl ehtiyaclarına sərf edilir. İndi kasıb nə etsin? Ölkədə minimum əmək haqqını qaldırmaq üçün etiraz etsin, yoxsa maaşım azdır deyib ərizəsini yazıb işdən çıxmaq haqqında düşünsün? Bəlkə, oğurlasın, və ya rüşvət almaq haqqında fikirləşsin? Axı sən də gözəl bilirsən ki, rüşvət alanda adamı həbs edir, işdən çıxarır, məhkəmədə bütün əmlakını əlindən alıb, daha sonra ölsən geri qaytarmırlar, Nə edək axı?! Aboyları qopan evimizi necə təmir edək?
Bir kasıb kimi heç vaxt düşünməmişəm siyasət nə yerdədir, hansı nazir nə qədər qazanır, hansı nazirin İngiltərədə neçə villasını əlindən alıblar; Zeynəb Xanlarova, Rübabə Muradova, Yalçın Rzayev kimi müğənnilərdən başqasını dinləmir, nə ilə məşğul olduğunu bilmirəm, bilmək də istəmirəm. Bildiyim odur ki, orta məktəblərimizə evdən ac gələn şagirdlərimiz var, dolablarında qoğal, şəkər tozu, isti çay saxlayıb ac qalmasınlar deyə həmin şagirdlərə bir stəkan şirinçay verən dərs hissə müdirlərimiz, müəllimlərimiz var, bunları bilirəm.
Başqasının işinə də qarışmıram. Məsələn, görsəm ki, yanımda biri rüşvət alır, görsəm ki, məktəb direktoru olan qonşumuzun arvadı bir, oğlu digər maşınla yanımdan vızzz eləyib keçir, qətiyyən səsimi çıxarmıram, mal kimi başımı aşağı salıb avtobusa doğru qaçıram....
Qızım gəlib deyəndə ki, ata, ayaqqabım su buraxır, ayağım islanır, köks ötürüb tez öz ayaqqabıma baxıram, deyirəm, qızım, mənim də ayaqqabım su buraxır, ayın sonuna qədər dözək ata, bala. Sonra da qırmızı rəngli bakalavr və magistr diplomlarıma, göy rəngli fəlsəfə doktoru diplomuma baxıb bunlara sərf etdiyim ömrə, gəncliyimə lənət oxumuram, gedib sosial şəbəkələrdə dedi-qodu eləmirəm.
Siz deyən kimi edirəm, öz işimlə məşğul oluram, amma irəliyə gedə bilmirəm, dönürəm, dolaşıram, irəlidəki ayda geridəki ayın borcunu verirəm, bir də məktəbdən qızıma tapşırılan məktəb fond pulunu, sinif fond pulunu. Axı qonşudakı məktəb direktorunun oğlunun maşını 3.5 mator mersedesdir. O bir az benzini çox işlədir axı.
Uğur qazanan, yəni məktəb direktoru olandan qısa bir müddət sonra yerişini, geyimini, rəngini, evini, aboyunu dəyişənlərə qarşı heç bir qıcıq hissi duymuram. Onları görəndə yolumu dəyişirəm ki, maşınla məni vurub qol-qıçımı sındırmasınlar. Qorxumdan başımı belə qaldırmıram, amma heç cür irəli gedə bilmirəm. Səbəb nədir, görəsən?
Beynimi gecə-gündüz yaxşı şeylərlə, müsbət fikirlərlə doldurmağa çalışıram, məsələn, yatanda gözüm yuxuya gedənə qədər təsəvvür edirəm ki, məni məktəb direktoru(nazir olmağın xəyalı belə mümkünsüz olduğu üçün məktəb direktoru kimi balaca xəyallar qururam) təyin ediblər, mən də müəllimlərin dərs yükünü böləndə, onlardan pul alıram, sinif rəhbərliyini pulla satıram, 30-40 nəfər 10-11-ci sinif şagirdini “aylığa” buaxıram, yaxın dostlardan, qohumlardan bir-ikisinin adını süpürgəçi, gecə gözətçisi yazdırıb, fond pullarını da toplayıb yeni tikilən binalarda balarıma mənzil, özümə, həyat yoldaşıma, salafan maşın, qızıma ayaqqabı alıram. Di gəl ki, yuxuya gedən kimi xəyallarım suya düşür və yenə də irəliyə gedə bilmirəm. Səhər oyanıb geriyə dərsə gedirəm...
İndi nə edək, qalaq sizin ağa, xan, bəy, oliqarx şəhərinizdə, yoxsa lap geriyə, gəldiyimiz kəndə gedək?!
İcazə verirsiniz kasıblar kastasının sizinlə qonşuluğunuzda yaşamasına, yoxsa hamımız toplu şəkildə çəkilək dağlara?
Bəhram Cəfəroğlu
Telegram kanalımız