Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə, yara bilməz…”
20 Sen 2021 23:25
28418

“Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə, yara bilməz…”

“Orada  hər daş, hər cığır 1-ci Qarabağ savaşındakı şəhidlərimizin bir tarixçəsini danışır…” 

“İşğal illəri boyu çalışırdıq, xəyal edirdik ki, İlahi, imkan ver, Murovdağ silsiləsinin hansısa zirvəsinə çıxaq və o üzə - Kəlbəcərə, Laçına sarı baxaq…”

“Hansı əsgərimin, döyüş yoldaşımın ayağı hara dəyibsə, sanki gözümün qabağında idi…”

Tanınmış Qarabağ qazisi Gəray Əsədov Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi düşmüş,  öncə  çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan döyüşlərin fəal iştirakçılarından biridir. O, həmin döyüşlərə keçmiş 701-ci moto-atıcı briqadanın tərkibində “Bərdə” taborunun komandiri kimi qatılıb... Bu günlərdə isə istefada olan mayora bir qrup veteran yoldaşıyla birgə artıq işğaldan azad olunmuş Kəlbəcər rayonunda döyüşdükləri məkanları ziyarət etmək qismət olub.  Moderator.az əməkdaşıyla söhbətində Gəray Əsədov maraqlı olduğu qədər də ağrılı səfər təəssüratlarından danışıb.

- Gəray bəy, bildiyimizə görə, bu günlərdə Kəlbəcərin 27-28 il öncə ağır döyüş yolları keçdiyiniz yollarından, sıldırımlı, qarlı dağlarından bu dəfə veteran döyüşçü kimi bir daha keçmək nəsibiniz olub... 

- Bəli. Səfərimizə Göygöl rayonunun Toğanalı kəndində başladıq və Koroğlu dağının yanından Ömər aşırımından, Yanşaq kəndindən keçib keçmiş döyüş yerlərimizi bir-bir gəzməyə çalışdıq…  

Öncə onu  deyim ki, bu saat dövlətimiz Kəlbəcərdə, Laçında böyük quruculuq işləri görür. Murovdağ silsiləsi boyu artıq geniş yollar çəkilir, yeni tunellər də qazılmağa başlanıb. Laçına yol çəkilir, Laçındakı gələcək hava limanına doğru da ayrıca yol çəkilir. Kəlbəcər şəhərinə, kəndlərə işıq çəkilir… Yaylaqlarda arıçılıq, qoyunçuluq təsərrüfatları fəaliyyət göstərir… Bunları gördükcə insanın qəlbini misli görünməyən bir fərəh hissi bürüyür…

- O vaxt gördüyünüz təbiət, kəndlər nə qədər dəyişilib?

- Təbiət, insan ayağı dəyməyən meşələr həddindən artıq vəhşiləşib. Hətta Meydançayın yatağında da meşələr o qədər sıxlaşıb ki,  keçilməz olub. Yanşaq, Zallar, Qasımbinəsi,  Qamışlı, Nadirxanlı, Qılınclı, Lev, Təkəqaya və s. kəndlərdə demək olar ki, bir ev də salamat qalmayıb. Kəlbəcər rayon mərkəzində 4 gecə qaldıq. Tam salamat yalnız 3 mərtəbəli məktəb binası var idi, orda gecələdik. Kəlbəcərin muzeyinin binasının quru divarları qalıb… Kəndlərin içindəki yolları da kol-kos basıb… Təsəvvür edin ki, Qəbələ və Zaqataladan 4 keçmiş döyüşçü də getmişdi bizimlə - onlar 1-ci Qarabağ savaşında, Kəlbəcərin işğalı zamanı Nadirxanlı kəndi yaxınlığındakı dağda şəhid olmuş əsgərlərinizin meyitlərini dəfn etmişdilər. Lakin 4 gün ərzində onlar həmin yeri tapa bilmədilər. Bizim tabordan 25 nəfər itkin düşmüşdü. Onlardan nəsə bir nişanə tapmağa çalışdıq. Amma heç nə alınmadı... Bilirsiz, artıq bir qərinə vaxt keçib, yerlərin səthi çox kəskin dəyişib…  - Ömər aşırımı istiqamətinə ayaq basanda öncə hansı döyüşünüzü xatırladınız?

- Ömər aşırımında olanda sağdakı Koroğlu dağı uğrundakı döyüşlərimiz yada düşüdü... O hissi ifadə etmək çox çətin və ağırdır. Aradan 28 il keçib. 28 ildən sonra bizimlə o döyüşlərdə iştirak edən oğulların bəziləri elə həmin vaxt, xeylisi isə 1-ci Qarabağ savaşından sonra dünyasını dəyişib. Baxırsan, deyirsən, Allah biz doğrudan da Murovdan, Ömər aşırımından o üzə aşa bilirik. İşğal illəri boyu çalışırdıq, xəyal edirdik ki, ilahi, imkan ver, Murovdağ silsiləsinin hansısa zirvəsinə çıxaq və o üzə - Kəlbəcərə, Laçına sarı baxaq... Amma indi o aşırımları qalxıb-enəndə sanki hər qarış, hər daş, hər qaya, hər cığır bir tarixçə danışır, şəhid olan və ya sağ qalan döyüş dostlarının, tabeliyində olmuş əsgərlərin simasını, fədakarlığını göz önündə canlandırır. Həm də elə bilirsən ki, o yerlərdə 28 il öncə yox, dünən olmusan...

- O vaxt üçün əsas hansı strateji döyüş məntəqələrində oldunuz?

- Köhnə tuneldən keçəndən sonra Mərcimək, Almalı kəndində olduq, Zülfüqarlının İstisuyu əvvəlki kimi qaynayır, dadı da eynidir. Amma salamat bir tikili qalmayıb. Sonra Laçın kəndində də olduq. Keçmiş baş prokuror Eldar Həsənovun atası Hümbət kişinin ermənilər tərəfindən viran qoyulmuş evini də gördük... 

Laçın kəndindən Ağqaya kəndinə yol çəkilir. Ancaq Ağqaya kəndində artıq təmas xəttidir. Orada Rusiya sülhməramlıları dayanır. Ağqayadan Sərsəng su anbarı da görünür... 

Sonra biz Zod istiqamətində Çopurlu, Çəpli kəndlərində də olduq. Daha sonra geri qayıdıb Yanşaq kəndinin yanından Kəlbəcərin Qaragölünə tərəf keçdik. Bağırlı dağı, Bağırlı kəndində olduq...  Neçə yerdə 2 min metrdən yuxarı qalxdıq. Artıq belə yüksəklıklərdə ağaclar bitmir, çılpaq dağlardı. Baxdım dəhşətə gəldim ki, ilahi,  biz 1993-1994-cü illərdə, qışın oğlan çağında Koroğlu dağından – 3500 metrə yaxın yüksəkliklərdən piyada keçib on kilometrlərlə yolu necə düşmənin üzərinə getmişik...  

Döyüşdüyümüz, neçə-neçə əsgərimizi, döyüş yoldaşımızı itirdiyimiz yerləri gəzdikcə ürəyimiz parçalanırdı...

Amma adam ayrıla bilmir Kəlbəcərin gözəlliyindən. Sanki təbii muzeydir... Allaha çox şükür ki, Allah qismət elədi, biz bir daha o yurdların gözəlliyini gördük... 

- Bayaq dediniz ki, o yerlərdən keçdikcə oralarda şəhid olmuş əsgərləriniz, döyüş yoldaşlarınız gözünüz önündən keçirdi... Hansı şəhid oğullarımızı xatırladınız?

- Elədir.... Murovu o üzə aşanda Murovdağ əməliyyatı zamanı Meydançay yaxınlığında ilk şəhidimiz Aydınov Rəfi Telman oğlunu xatırladım. Həmin vaxt biz ermənilərə pusqu qurmuşduq. Döyüş zamanı onların, demək olar ki, hamısını məhv etdik, bizim tabordan isə yalnız Rəfi şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Qızılqaya istiqamətində 2628 yüksəkliyində Qulam Qəbilovu, Xalid Soltan oğlu Bəylərovu, bundan başqa digər döyüşlərdən birində Cavanşir Məmmədovu itirdik. Buzluqda da ağır döyüşlər getdi. Orada Mübariz Pənahov (Bakıdan idi), Nurlan Kərimov (Bərdə), Mobil Həsənov və başqaları şəhid oldu. Təəssüf ki, düşmənin atəşi altında və relyef cəhətdən çox çətin yerdə olduğundan onların meyitlərini çıxara bilmədik... Buzluqdan o tərəfə artıq Ağdaban – rəhmətlik Aşıq Şəmşirin kəndi başlayır... 

2298 metr yüksəkliyindəki Bağırlı dağında Mehman Əsədulla oğlu Dadaşov,  Ələddin Firəddin oğlu Ələkbərov, Rəşadət Əli oğlu Piriyev (Bakı Dövlət Yol Polisi İdarəsinin hazırkı rəisi Rəşadət Piriyevin qardaşı) və digərləri şəhid oldu. Allah digər şəhidlərimiz kimi onlara da rəhmət eləsin!..  

2475 yüksəkliyinə də çıxdıq. Hansı əsgərimin, döyüş yoldaşımın ayağı hara dəyibsə, sanki gözümün qabağında idi. Məsələn, yadıma salırdım ki, bura ilə Ələkbərov Ələddin gedirdi, ora ilə isə Rəşadət Piriyev addımlayırdı... Eyni zamanda bu günlərdə Bərdənin Kətəlparaq kəndində dəfn etdiyimiz Xanlarov İlham Xanlar oğlunu xatırladım. Yadımdadır ki, mən 2668 yüksəkliyində dayanıb komanda verirdim, rəhmətlik İlham da rabitəçi idi. Bölük sağdan-soldan yüksəkliyi götürürdü. Həmin dağda 57 erməni meyiti qaldı, bir nəfər yaralı ermənini isə əsir götürdük. Ölmüş zabitlərdən birinin çantasından qiymətli xəritələr ələ keçirdik. İlham isə əlində rabitə aparatı zirvəyə sarı qalxanda düşmən onu vurdu, uçuruma yuvarlandı. Sonra onu biz oradan çıxardıq, yaraları sağaldı və bu günlərədək yaşadı... Rəhmətliyin qayadan yıxıldığı həmin anı sanki yenidən gördüm... Sanki 28 ildən sonra video-lenti geri çəkirsən və şəhid olanlar da, sağ qalanlar da bir-bir gözünün önündən keçir... Və o vaxt 23-24 yaşlarında şəhid olanlarımızın ruhu indi o dağlarda dolaşır və bizləri qarşılayır..

O vaxt sol istiqamətində Gamışdağın ətəyindən gəldik, 3054 yüksəkliyini azad edəndən sonra həmin zirvədən aşağı erməniləri üzü enişə qova-qova çıxardıq.  2918, 2668, 2475 yüksəklikıərini, sonra Bağırlı dağını azad etdik... Bələdçimiz isə Yanşaqdan İbrahim kişi idi. Hazırda Hacıkənddə yaşayır. Onunla sıldırım qayaların arasından iynə kimi dar bir qarlı cığırla getməyimiz indi də gözümüzün qarşısındadır. Həmin İbrahim kişinin Yanşaqdan aşağı enəndə Meydançaydan yuxarıda bir binəsi, yəni tənha bir koması var idi. O vaxt biz bir dəfə onunla birgə həmin komanın yanından keçəndə maşını saxlamağı xahiş etdi.  Başladı həmin kiçik evin başına flrlanıb daşlarını bir-bir öpüb ağlamağa... O zaman düzü, düşünürdüm ki, bu kişi bu komadan ötrü nə üçün ağlayır... İndi mənə çatır ki, İbrahim kişi ömrünün neçə ilini o evdə keçirib... Və komanın onun üçün nə qədər müqəddəs olduğunu yalnız indi dərindən dərk etdim... Bu dəfə gedəndə həmin kişini Hacıkənddə tapıb görüşdüm... 

Şükür Allaha, artıq Kəlbəcər rayonunun əksər hissəsinə Azərbaycan nəzarət edir.  Özü də Kəlbəcər şəhərindən xeyli irəlidə, Ermənistan istiqamətində bizim ordumuz dayanır.  Zoda, Basarkeçərədək tam nəzarət edirik.  Azərbaycan ordusu Kəlbəcərdə elə müdafiə rayonu qurub ki,  ermənilər  bundan sonra 1000 il də əlləşsə, o müdafiəni yara bilən deyil... Bizim hərbçilər onların gözünü elə qırıb ki, erməni əsgərlərini döyə-döyə qovurlar, heç silah işlətmirlər... 

Sovet dövründə biz elə bilirdik ki, Kəlbəcərdə görünən yaylaqların çoxu erməni yerləridir. Əslində onlar hamısı Azərbaycanın imiş... Hazırda Moskvada sovet ordusu baş qərargahının xəritələri saxlanılır. Və həmin xəritələrə uyğun olaraq Kəlbəcər, eləcə də Laçın və digər rayonlarla sərhəd müəyyən edilir.... 

Kəlbəcərin ərazisini maşınla 10 gün ərzində də gəzib qurtarmaq olmur. Həm də Kəlbəcərin gözəlliyi, füsunkarlığı tam başqadır... Çox doğma, çox əziz gəlir insana... 

Zülfüqarlı kəndindəki İsti suyun başında yadıma düşdü ki, 1993-cü ilin əvvəllərində rəhmətlik Əvəz Şükürovla rastlaşıb xeyli söhbət etmişik. Nəvəsi – 1990-cı ildə şəhid olmuş övladı şəhid Milli Qəhrəman Şahlar Şükürovun oğlu da hərbi geyimdə yanında idi...

- Gəray bəy, 27-28 il bundan öncə sizdən asılı olmayan hərbi və siyasi səbəblərdən məğlub kimi çıxdığınız Kəlbəcər dağlarına, yaylaqlarına yenidən müzəffər ordunun veteranları kimi qayıtmaq  sizdə hansı hissləri oyatdı?

- O hissləri yaşamaq da çətindir, onları təsvir etmək də... Təsəvvür edin ki, səhranın ortasında bir adam uzun müddət susuzluqdan yana, suya təşnə ola, onu tapmaq üçün əlindən gələni edə və sonda uzun axtarışlardan sonra bir bulaq  tapa... Kəlbəcərə doğru, Murov dağları ilə hər qarışı keçdikcə, hər addımı atdıqca sanki milyonlar qazanırdıq... 50-60 yaşlı veteranlar o dağları elə qalxırdıq ki, elə bil elə 28 il öncəki 25-30 yaşlı gənclər idik... İnsanda nə  qədər həvəs yaranar, nə qədər Allah ona güc verər?! Çox qeyri-adi bi hiss, bir enerji gəlmişdi bizə... Məsələn, mən istəyirdim ki, məhz Bağırlı dağının başına çıxım, orada Ələkbərov Ələddin düşmənə əsir düşməmək üçün özünü partladıb, o yeri bir də görüm... 

Amma 4 gün az oldu... İstərdik ki, 40 gün də o gözəl, həm də müqəddəs məkanları gəzək ki,  şəhid döyüş yoldaşlarımızın ruhlarıyla bir növ ünsiyyətdə olaq və onları dönə-dönə, doyunca anaq...

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər