Koronavirusun turizm sektoruna təsiri müzakirə olunub
06 May 2020 14:25
124

Koronavirusun turizm sektoruna təsiri müzakirə olunub

Mayın 5-də Azərbaycan və Çexiyanın turizm üzrə ixtisaslaşmış qurumları arasında “Azərbaycan və Çexiya: COVİD-19-dan sonra turizm sektoru” mövzusunda onlayn vebinar keçirilib. 

Dövlət Turizm Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadənin moderatorluğu ilə keçirilən vebinarda COVİD-19 pandemiyasının dünya turizminə təsirləri, turizmin gələcək inkişafı, yeni tendensiyalar, böhran şəraitində turizmə verilən dəstək paketləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. 

“ÇexTurizm”in Moskva nümayəndələyinin müdiri Alena Kudilkova turizm ölkəsi sayılan Çexiyada hazırda turizmi böhranlı vəziyyətdən çıxartmaq üçün rəqəmsal həllərin tətbiq olunduğunu, turistik məkanların onlayn olaraq fəaliyyət göstərdiyini, turizm sənayesinin mərhələli şəkildə karantin rejimindən çıxmaq planlarından bəhs edib, ölkədaxili turizmin əsas istiqamət olacağını vurğulayıb.  

Karlovi Vari kurortlarının Rusiyadakı nümayəndəsi Maksim Priymak müalicəvi turizmin Çexiyanın turizm sənayesində əsas yer tutduğunu, böhrandan sonrakı dövrdə də əvvəlki inkişaf tempinə sürətlə qayıda biləcək turizm növü kimi sağlamlıq turizminin əhəmiyyətindən danışıb. 

Azərbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Günay Sağlam Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilən SAHMAN proqramı haqqında məlumat verib, bunun unikal bir məhsul olaraq Azərbaycan modeli olduğunu qeyd edib.

Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar şöbəsinin müdiri Sevinc Zeynallı hədəf bazarlardan olan turizm agentlikləri və tur operatorlarla mütəmadi olaraq onlayn görüşlərin və vebinarların təşkil olunduğunu, onlayn platformada Azərbaycanın təbliğatının davam etdiyini, ölkəmizə marağın çox olduğunu bildirib. O həmçinin yenicə istifadəyə verilmiş beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın turizm imkanları barədə təlimlərin keçirildiyi “Azerbaijan 101: e-learning project powered by ATB” adlı onlayn təlim platforması haqqında məlumat verib. 

Azərbaycan Konqreslər Bürosunun müdiri Sevda Əliyeva isə Azərbaycanın işgüzar turizm imkanları, yeni şəraitdə işgüzar turizm sənayesinin yeni inkişaf istiqamətləri və s. haqqında iştirakçıları məlumatlandırıb. 

Oxşar xəbərlər