Maaş karta köçürülür, insan hesabına baxır və bir anda özünü əvvəlkindən daha rahat hiss edir. Bir neçə saat əvvəl “bunu gələn aya saxlayım” deyən adam isə maaşdan sonra alış-verişə, restorana, taksiyə və başqa xərclərə daha asan pul ayırmağa başlayır.
Bəs niyə maaş alan kimi xərcləmək istəyirik?
“Yeni Sabah” xəbər verir ki, iqtisadçıların və psixoloqların apardığı araşdırmalar insanların pul xərcləməsində yalnız gəlirin miqdarının deyil, pulun hesaba nə vaxt daxil olmasının da rol oynadığını göstərir. Bu davranış iqtisadiyyatda “maaş günü effekti” kimi araşdırılır. Müxtəlif ölkələrdə aparılan tədqiqatlarda maaşın alınmasından dərhal sonra istehlak xərclərinin artdığı, daha sonra isə tədricən azaldığı müşahidə olunub. Məsələ təkcə “çox pul gəldi, çox xərclədim” qədər sadə deyil. pizza mizza
Maaş gələndə beyin nə düşünür?
İnsan uzun müddət pul çatışmazlığı yaşadıqda diqqəti əsasən ən vacib ehtiyaclara yönəlir. Kirayə, kommunal ödənişlər, ərzaq, yolpulu və borclar kimi xərclər ön plana keçir. Maaş gününə yaxın isə maliyyə sıxıntısı daha güclü hiss oluna bilər. Elmi araşdırmalarda maliyyə çatışmazlığının insanın diqqət və qərarvermə prosesinə əlavə yük yaratdığı göstərilib. Pul hesaba daxil olduqdan sonra bu təzyiq müvəqqəti olaraq azalır. Nəticədə insanın beynində belə bir hiss yaranır: “Artıq pulum var”. Əslində isə həmin pulun böyük hissəsinin kirayə, kredit, ərzaq və digər xərclərə gedəcəyi əvvəlcədən məlumdur. Sadəcə həmin anda pulun mövcudluğu gələcək ödənişlərdən daha real görünür. Məhz burada psixologiyanın başqa bir xüsusiyyəti ortaya çıxır.
Pulun “öz yeri” yaranır
Davranış iqtisadiyyatında “mental accounting” yəni zehində maliyyə hesablarının ayrılması anlayışı var. İnsanlar bütün pullarını bir bütöv məbləğ kimi qəbul etməyə bilirlər. Maaş, bonus, hədiyyə, əlavə qazanc və ya geri qaytarılan borc zehində müxtəlif “hesablar”a çevrilə bilər.Məsələn, ay ərzində qənaət etməyə çalışan insan maaşından 100 manat xərcləməyə tərəddüd edə bilər. Amma əlavə 100 manat bonus aldıqda həmin məbləği daha rahat xərcləyir.
2026-cı ildə dərc olunan araşdırmada proqnozlaşdırılan gəlirin hesaba daxil olmasından sonra istehlak xərclərinin artdığı, hətta kifayət qədər likvid vəsaiti olan insanlarda belə gəlirin daxil olduğu tarix ətrafında xərclərin önə çəkildiyi göstərilib. Tədqiqat bunu “zehni hesablar”la izah edir. Yəni məsələ həmişə pulun həqiqətən çatıb-çatmaması deyil. İnsan pulun hansı “hesabdan” gəldiyini də nəzərə alır.
Maaşdan sonra niyə özümüzə nəsə almaq istəyirik?
Bunun başqa bir səbəbi də ay ərzində özünü məhdudlaşdırmaqdır. Ayın sonuna yaxın insan bəzi istəklərini təxirə salır. Yeni paltar almaq, restorana getmək, kosmetika və ya texnika almaq, dostlarla görüşmək kimi xərclər “maaşdan sonra”ya saxlanılır. Maaş gələndə isə insan həmin xərcləri həyata keçirmək üçün özündə daha çox icazə hiss edir. Bu, müəyyən mənada “mükafatlandırma” davranışına çevrilir: “Bir ay işlədim, indi özümə bunu alım”. Nəticədə maaşın ilk günlərində daha çox xərcləmək, sonrakı həftələrdə isə həmin xərcləri kompensasiya etmək üçün qənaət etmək məcburiyyəti yaranır.
2025-ci ildə böyük bir bankın məlumatları əsasında aparılan araşdırmada da maaşdan sonra istehlakın əvvəlcə artdığı, daha sonra azaldığı müəyyən edilib. Araşdırmanın müəllifləri bunu indiki ana üstünlük vermə meyli və insanların pulları zehində ayrıca büdcələrə bölməsi ilə əlaqələndiriblər.
“İndi alım, sonra baxarıq” düşüncəsi
İnsanların qərarlarında indiki an çox vaxt gələcəkdən daha güclü təsir göstərir. Məsələn, bu gün 50 manat xərcləmək xoş hiss yaradır, amma həmin 50 manatın ayın sonunda lazım olacağı uzaq görünür. Davranış iqtisadiyyatında bu, “present bias” – indiki ana üstünlük vermə meyli kimi tanınır. 2025-ci il araşdırmasında da maaşdan sonra xərclərin artması ilə bu meyl arasında əlaqə müəyyən edilib. Tədqiqatda maaşdan dərhal sonra baş verən əlavə xərclərin sonrakı həftələrdə istehlakın azalması ilə əlaqəli olduğu göstərilib. Başqa sözlə, maaşın ilk günlərində edilən əlavə xərclər ayın sonrakı hissəsində insanın büdcəsini sıxır.
Maaşın məbləği də vacibdir
Burada başqa bir məqam da var: maaş günü effekti hamıda eyni gücdə olmur. Gəlirin böyük hissəsi zəruri xərclərə gedən insan üçün maaşın hesaba daxil olması daha ciddi rahatlıq yaradır. Çünki ayın sonunda real maliyyə sıxıntısı yaşayan insan maaş gününə qədər gündəlik ehtiyaclarını məhdudlaşdırmaq məcburiyyətində qalır. Maliyyə çatışmazlığının qərarverməyə təsiri ilə bağlı araşdırmalarda maaşdan əvvəl və sonra insanların maliyyə vəziyyətində əhəmiyyətli fərqlər müşahidə olunub. Bu baxımdan maaş günü yalnız bank hesabındakı rəqəmin dəyişməsi deyil. İnsan üçün maliyyə vəziyyətinin psixoloji olaraq da dəyişdiyi gündür.
Əsmətxanım Rzazadə
Telegram kanalımız