Marketlərdə alıcıları aldadırlar - “Qanun mütləq yenilənməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Marketlərdə alıcıları aldadırlar - “Qanun mütləq yenilənməlidir”

Sosial

01 Oktyabr 2026 14:14 343


“Təxminən, 10 ilə yaxındır Azərbaycanda marketlərdə rəflərdəki qiymətlə kassada çıxan qiymətin fərqli olması halları geniş yayılıb. Market şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, istehlakçı hüquqlarının rəqəmsal texnologiyalar vasitəsilə pozulması halları da sanki paralel olaraq artır. Bu, geniş yayılmış istehlakçı problemidir və süni qiymət artımı kimi qiymətləndirilə bilər”.

Bu sözləri “Yeni Sabah”a  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, bəzən alıcının götürmədiyi məhsullar da çekə yazılır: pizza mizza

“İstehlakçı belə hallarla qarşılaşdıqda kassada çekə diqqətlə baxmalıdır. Əgər məhsulun daha yüksək qiymətə satıldığını görərsə, dərhal marketə qayıtmalı, məhsulun rəfdəki qiymətinin şəklini çəkib göstərməlidir. Adətən, bu zaman “bağışlayın, bilməmişik” deyirlər və məhsulu endirimli, yəni rəfdə göstərilən qiymətə satırlar. İstehlakçı həmin kassa çekini mütləq saxlamalı və dövlət qurumuna müraciət etməlidir ki, məsələ ilə bağlı yoxlama aparılsın.

Bu, kifayət qədər geniş yayılmış istehlakçı problemidir. Bəzən istehlakçının almadığı məhsulların da kassa çekinə əlavə edilməsi hallarına rast gəlinir. Digər hallarda isə marketlərin meyvə-tərəvəz bölməsində bir məhsulun qiyməti əvəzinə başqa məhsulun qiyməti tətbiq olunur”.

AİB sədri özü də belə hallarla qarşılaşdığını bildirib:

“Mən şəxsən şəhərin mərkəzində yerləşən bir marketdə bir il ərzində 100 manatadək belə hallarla rastlaşmışam. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətləri ümumiləşdirsək, Azərbaycanda istehlakçılar bir il ərzində almadıqları məhsullara görə təxminən 500 milyon manat ödəyirlər. Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də istehlakçılar tələsmədən kassada aldıqları məhsulların qiymətini və çekdə qeyd olunan məlumatları yoxlamalıdırlar. Marketlərdə tətbiq olunan üsullardan biri də məhsulların skan edildikdən sonra kassanın sonuna qoyulmamasıdır. Məhsulların bir hissəsi, xüsusilə şokolad və digər kiçik məhsullar ayrıca saxlanılır. İstehlakçı da bütün məhsulların skan edildiyinə və çekdə düzgün qeyd olunduğuna diqqət etməlidir”.

O,  endirimlərlə bağlı problemlərin də geniş yayıldığını deyib:

“Qiymətlə bağlı hər hansı aldatma halı ilə qarşılaşan istehlakçılar 012-599-76-00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verə bilərlər. Endirimlərlə bağlı da istehlakçı hüquqlarının pozulması halları geniş yayılıb. Bəzən endirimdə olan və endirimdə olmayan məhsulları bir-birinin yanında yerləşdirirlər. Vətəndaş da həmin məhsulun endirimdə olduğunu düşünərək götürür. Kassada məhsul skan ediləndə isə ona endirim tətbiq olunmadığı bildirilir.

Bəzən, məsələn, konfetlərin üzərinə sarı rəngli “endirim” nişanı qoyulur, lakin məhsul kassada adi qiymətə hesablanır. Səbəb kimi isə “yadımızdan çıxıb” və digər izahlar verilir. Belə halların sayı kifayət qədər çoxdur”.

E.Hüseynov hesab edir ki, istehlakçı hüquqları ilə bağlı qanunvericilik də yenilənməlidir:

“Ərzaq məhsullarının qaytarılması ilə bağlı da müəyyən problemlər var. Ərzaq məhsulunun yararlılıq müddəti keçməyibsə və məhsul istifadə olunmayıbsa, onun geri qaytarılması mümkündür. Lakin istehlakçı məhsulu açmadan onun keyfiyyətsiz olduğunu müəyyən edə bilməz. Bu da qanunvericilikdə olan boşluqlardan biridir.

Ümumiyyətlə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildən qüvvədədir və həmin vaxtdan ciddi şəkildə yenilənməyib. Halbuki bazar dəyişib, yeni texnologiyalar və yeni satış üsulları yaranıb.

Azərbaycan tarixində ilk dəfə Milli Məclisdə deputat Əli Məsimli istehlakçı hüquqlarından danışaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yenilənməsini gündəmə gətirib. Bu, istehlakçı hüquqlarının parlament səviyyəsində müzakirəyə çıxarılması baxımından mühüm addımdır. Qanun mütləq yenilənməli və istehlakçılar bazarın əsas subyekti kimi tanınmalıdır”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!