“Mediada çox az hallarda təhsil və elmin fundamental simasını, mahiyyətini görür, onun ali missiyasını özündə əks etdirən materiallarla tanış oluruq.
Elmi materiallar adı ilə yalnız AMEA ilə bağlı yazılan yazılarla məhdudlaşırıq. Təbii ki, bu istiqamətdə iş görən, elmin kütləviləşməsi, onun sağlam tərəfdən təbliği yönündə iş görən, müsahibələr, reportaj və araşdırmalaraparan media orqanlarımız var, amma onların sayı barmaqla sayılacaq qədərdir”.
Bunu Yenisabah.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib. pizza
Qeyd edək ki, 27 Mart 2018-ci ildən etibarən, Azərbaycanda Elm Günü kimi qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının şərəfinə bu tarix təqvimdə Elm Günü kimi fərqləndirilir.
Azərbaycan elminin indiki durumu, piarı və səmərəliliyi, dünyaya çıxış göstəriciləri ürəkaçacaq qədər olmasa da, E.Nuri açıqlamasında əsas səbəb kimi elm faktorunun cəmiyyətdə hələ də sevilə bilməməsi, gənclər tərəfindən diqqət çəkməməsini əsas problem kimi qabardıb. Onun fikrincə, elmin kütləviləşməsi, elmi-populyar ədəbiyyatların yazılması, bir sözlə, elmi ümumən cəmiyyət üçün sevdirəcək addımlar atılması bu gün üçün çox aktualdır:
“Elm mövzusu ilə bağlı tədqiqat və araşdırmalara söykənən, analitik təhlildən keçən materiallara onlayn və çap mediada nadir hallarda rast gəlinir;
Əksər hallarda, neqativ məzmunlu materialların yayımına üstünlük verilir. Bu materiallar birbaşa elm-təhsil hadisəsi yox, sosial davranış pozuntusu hesab olunsa da, məzmun birbaşa təhsil faktoruna aid edilir.
Sayt və qəzetlərdəki elmməzmunlu materiallar əsasən, neqativ və aqressiya yaradan başlıqlarla paylaşılır və media problem faktorununun qabardılmasına daha maraqlı olur. Doğrudur, bu gün Azərbaycan elminin problemləri kifayət qədərdir. Amma bu o demək deyil ki, biz cəmiyyətdə motivasiya yaratmaq, gəncləri elmə yönəltmək üçün heç bir iş görməyək. Elm ali dəyər, az qala, müqəddəs sayıla biləcək kateqoriyadır. Amma bir çox xəbər portalları və çap mediası üçün elmlə bağlı mövzuların təqdimi AMEA-da yaşanan uyğunsuz halların, neqativ məsələlərin tənqidindən o yana getmir.
Ölkənin ictimai rəyə təsir edən aparıcı online media orqanlarında elm və təhsil mövzularına göstərilən diqqət çox da qənaətbəxş deyildir. Xəbər portalları əksər hallarda sırf rəsmi (yaxud, qeyri-rəsmi) informasiyaları yayımlamaqla təhsil mövzuları istiqamətində işlərini bitmiş hesab edirlər. Aparıcı xəbər portallarının böyük əksəriyyətində elm və təhsillə bağlı ayrıca bölmənin belə ayrılmasına ehtiyac görülməyib. Biz elmin kütləviləşməsi istiqamətindən heç bir iş görmədiyimiz üçün onu cəmiyyətə çatdıra və sevdirə də bilməmişik”.
E.Nurinim sözlərinə görə, hazırda elmi göstəricilərimizin zəif olmasında, elmi insitutların fəaliyyətinin aşağı səviyyədə qalmasında təbii ki, medianın heç yanlışı yoxdur və bu, mümkün də deyil. Sadəcə, elmə olan belə laqeyd yanaşma çərçivəsində onu ayaqda saxlamaq üçün media da təkanverici rol oynaya bilər:
“Media resursları elmin kütləviləşməsi üçün xüsusi işlər görməlidirlər. Ümumiyyətlə, elmin piarı yüksək səviyyədə aparılmalıdır. Bunu isə daha yaxşı elm və təhsil istiqamətində ixtisaslaşmış jurnalistlər edə bilərlər. Onların sayı isə çox azdır. Çağdaş dünya elmində gedən prosesləri izləyən, öz ölkəsindəki elmi problemləri dərinliyinə qədər gəlib, müqayisə etmə qabiliyyətinə malik şəxslərin olmaması bu istiqamətdə ciddi boşluqlar yaradıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Elmi jurnalistika adlı ayrıca xüsusi kurs yaradılmalı və predmeti könüllü surətdə seçən gənclər bu yöndə ixtisaslaşmalıdırlar.
Bundan əlavə, bu gün elm mütləq məktəblərə yol tapmalıdır. Dünya təhsil sistemi çoxdan tədqiqatyönümlü təhsil prinsipləri əsasında işləsələr də, biz bu məsələdə çox geri qalırıq. Elm və təhsil arasında uzun müddət sədd qoyulduğundan elmin cəmiyyətdəki nüfuzunu da düzgün dəyərləndirmək mümkün olmayıb. Nə yaxşı ki, ötən ilin yayında bu iki ayrılmaz sahə birləşdirildi. Təəssüf ki, yenə də məktəblərimizdə elmi duya bilməyən şagird kontingenti yetişməkdədir.
İkinci təklifimiz o olardı ki, Elm və Təhsil Nazirliyi məktəblərdə elmin populyarlaşdırılması istiqamətində xüsusi proqram hazırlamalı və şagirdlər üçün xüsusi ədəbiyyatlar hazırlanmalıdır. Biz elmi bu gün məktəblərə daşıya bilməsək, gələcəkdə çox böyük itkilərlə üzləməli olacağıq”, - deyə, E.Nuri əlavə edib.
Telegram kanalımız