“Xasiyyətim belədir”, “Mən uşaqlıqdan belə olmuşam”, “Məni dəyişmək mümkün deyil” – gündəlik həyatda bu cümlələri tez-tez eşidirik. Bəziləri sakit, bəziləri tez əsəbiləşən, kimisi risk almağı sevən, kimisi isə hər şeyə ehtiyatla yanaşan olur. Bəs bütün bunlar doğulduğumuz andan müəyyənləşir, yoxsa insan illər keçdikcə xasiyyətini dəyişə bilər?
“Yeni Sabah” bu sualın cavabını araşdırıb.
Psixologiyada şəxsiyyət insanın düşüncə, hiss və davranışlarının nisbətən davamlı xüsusiyyətlərinin bütöv sistemi kimi izah olunur. Onun formalaşmasında irsi meyillərlə yanaşı, tərbiyə, sosial mühit, münasibətlər, mədəniyyət və həyat təcrübələri də rol oynayır. Dominos pizza
Yəni insan müəyyən temperament və meyllərlə doğula bilər. Məsələn, biri uşaqlıqdan daha sosial və ünsiyyətcil, digəri isə daha sakit və qapalı ola bilər. Lakin bu, həmin xüsusiyyətlərin ömür boyu eyni səviyyədə qalacağı anlamına gəlmir.
Şəxsiyyətin yaşla dəyişib-dəyişmədiyini araşdıran uzunmüddətli tədqiqatlar göstərir ki, insanın xarakter xüsusiyyətləri yetkinlik dövründə də inkişaf etməyə davam edir.
2006-cı ildə 92 tədqiqat nümunəsini birləşdirən geniş meta-analizdə sosial dominantlıq, məsuliyyətlilik və emosional sabitlik kimi xüsusiyyətlərin xüsusilə 20-40 yaş arasında artdığı müəyyən edilib.
Başqa bir araşdırmada isə insanlarda yaş artdıqca özünəinam, istilik, özünənəzarət və emosional sabitliyin yüksəlməsinin müşahidə olunduğu bildirilib. Tədqiqatçılar dəyişikliklərin yalnız gənclik dövrü ilə məhdudlaşmadığını, orta və yaşlılıq dövründə də şəxsiyyət xüsusiyyətlərinin dəyişə bildiyini vurğulayıblar.
Deməli, 20 yaşındakı insanın 40 yaşında tamamilə eyni emosional reaksiyalara və davranışlara sahib olması məcburi deyil.
Şəxsiyyət dəyişikliklərinin arxasında həyatın özü də dayanır. İş, evlilik, valideynlik, dostluqlar, məsuliyyətlər, uğursuzluqlar və digər mühüm həyat hadisələri insanın davranışlarına təsir göstərə bilər.
17-29 yaş arasındakı insanları izləyən uzunmüddətli araşdırmada şəxsiyyət dəyişikliklərinin həm genetik, həm də insanın yaşadığı fərdi mühitlə əlaqəli olduğu müəyyən edilib. Tədqiqatçılar yetkinliyə keçid dövründə müəyyən xüsusiyyətlərin daha sabit və yetkin istiqamətdə dəyişdiyini göstəriblər.
Bu baxımdan “həyat məni dəyişdi” ifadəsi sadəcə poetik söz deyil. İnsan yaşadığı hadisələrdən öyrənərək davranışlarını yenidən formalaşdıra bilər.
Tədqiqatlar şəxsiyyət xüsusiyyətlərində irsi komponentin əhəmiyyətli olduğunu göstərir. Lakin genlərin rolu insanın taleyini əvvəlcədən tam müəyyənləşdirmir.
2021-ci ildə müxtəlif ölkələrdən 7 mindən çox insanın daxil olduğu əkiz tədqiqatında şəxsiyyət xüsusiyyətlərində genetik və mühit təsirlərinin yaş boyunca dəyişdiyi, bir çox xüsusiyyət üzrə həyat təcrübələrinin rolunun yaş artdıqca daha əhəmiyyətli olduğu göstərilib.
Yəni “mən belə doğulmuşam” demək müəyyən meylləri izah edə bilər, amma hər davranış üçün bəraət qazandırmır.
Şəxsiyyət xüsusiyyətlərinin dəyişməsi ilə bağlı 207 araşdırmanı əhatə edən sistematik icmal göstərib ki, müxtəlif psixoloji müdaxilələr nəticəsində şəxsiyyət göstəricilərində nəzərəçarpan dəyişikliklər müşahidə olunub. Orta hesabla müdaxilələr təxminən 24 həftə ərzində dəyişikliklə əlaqələndirilib və bəzi nəticələr müdaxilədən sonra da davam edib.
Bu, insanın öz üzərində işləməsinin mənasız olmadığını göstərir. Əsəbi insan daha səbirli olmağı, məsuliyyətsiz insan planlı davranmağı, sosial münasibətlərdə çətinlik çəkən şəxs isə ünsiyyət bacarıqlarını inkişaf etdirməyi öyrənə bilər.
Əslində “mən belə doğulmuşam” fikrində həm həqiqət, həm də bəhanə var.
İnsan özünün təbii meyllərini tamamilə sıfırlaya bilməz. Lakin həmin meyllərin davranışa necə çevriləcəyini müəyyən qədər idarə edə bilər.
Araşdırmalar xüsusilə gənc yetkinlik dövrünün şəxsiyyət inkişafı baxımından əhəmiyyətli olduğunu göstərir. Lakin dəyişiklik üçün konkret yaş həddi yoxdur. İnsan orta və yaşlılıq dövründə də yeni təcrübələr, münasibətlər və həyat şəraiti fonunda dəyişə bilər.
Buna görə 30, 40 və ya 50 yaşında “mən artıq beləyəm, dəyişə bilmərəm” demək elmi baxımdan doğru deyil.
İnsan tamamilə başqa birinə çevrilməyə bilər, amma özünün daha yaxşı və ya daha pis versiyasına çevrilə bilər.
Xasiyyət müəyyən qədər sabitdir, lakin daş üzərində yazılmış hökm deyil. Genlər bizə müəyyən başlanğıc nöqtəsi verə bilər, həyat təcrübələri bizi formalaşdıra bilər, amma davranışlarımız üzərində işləmək üçün imkanımız qalır.
Ona görə “Mən belə doğulmuşam” cümləsinin daha doğru forması bəlkə də belədir:
“Mən belə başlamışam, amma necə davam edəcəyim dəyişə bilər.”
Aydan Hacı
Telegram kanalımız