Son illər Azərbaycan serial istehsalında fərqli mövzulara müraciət bizə sektorun inkişaf etməyə çalışdığını göstərmək istəyir. Məncə “Mikrorayon” serialı buna yaxşı nümunələrdən biri ola bilər. 12 bölümdən ibarət olan “Mikrorayon” serialı kriminal dram janrına müraciət etməsi və sosial problemləri ön plana çıxarması ilə diqqət çəkən layihələrdən biridir.
Layihənin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Gəray Həsən, baş prodüseri isə Sevinc Əliyevadır. Ekran işində Eltəkin Xan, Ülvi Haşım, Orxan İskəndərli, Məsmə Aslanqızı, Şövqi Hüseynov və digər tanınmış aktyorlar rol alırlar. Serial İctimai Televiziya və SFN Production-un birgə istehsalıdır.
Serialın hadisələri Mikrorayon mühitində cərəyan edir və müxtəlif həyat şəraitində böyüyən bir qrup uşaqlıq dostları, Adil, Fərid, Daşqın, Sabir, İdris və müxtəlif xarakterkərin taleyindən bəhs edir. Dostluq, ailə münasibətləri, seçimlərin insan həyatına təsiri və cinayət aləminə sürüklənməyin doğurduğu nəticələr ekran əsərinin əsas mövzularını təşkil edir. Hekayə yalnız kriminal hadisələri təqdim etməklə kifayətlənmir, eyni zamanda cəmiyyətin sosial problemlərinə də toxunur. pizza mizza
“Mikrorayon”un üstün cəhətlərindən biri personajların daxili dünyasının mərhələli şəkildə açılmasıdır. Hadisələrin inkişafı zamanı tamaşaçı hər bir obrazın keçmişi, ailə mühiti və verdiyi qərarlar arasında əlaqəni görür. Bu isə serialın dramatik təsir gücünü artırır.
Vizual həll, çəkiliş məkanlarının seçimi və atmosferin yaradılması serialın ümumi üslubunu tamamlayır. Kriminal dram janrına uyğun qurulan gərginlik hissi hadisələrin sonadək maraqla izlənilməsinə şərait yaradır. Bununla yanaşı, serial gənclərin yanlış seçimlərinin doğurduğu ağır nəticələri göstərərək müəyyən sosial mesaj da verir.
Bu serial mövzunun aktuallığı, aktyor heyətinin peşəkarlığı və sosial problemlərə toxunması ekran əsərini həm kriminal dram həvəskarları, həm də yerli istehsala maraq göstərən tamaşaçılar üçün diqqətəlayiq edir.
Bir çoxları bu serialı tamaşaçılara, xüsusilə də gənc yaşlılara mənfi nümunə kimi qiymətləndirir. Amma seriala diqqətlə baxanda görürük ki, kriminal mühitə təşviq yox, tənqid var. Bu mühitdə ən maraqlı və ən çox müzakirə olunan obrazlardan biri də Azikdir. Məncə, serialın ən mürəkkəb personajı məhz odur. O, ilk baxışdan kriminal aləmin nüfuz sahibi kimi görünür. Danışığı, davranışı və ətrafındakı insanların ona münasibəti belə bir təəssürat yaradır. Lakin hadisələr irəlilədikcə aydın olur ki, Azik cinayət aləmini romantikləşdirən obraz deyil. Əksinə, o, bu həyatın insanlardan nələr aldığını yaxşı anlayan şəxsdir.
Serial onun keçmişi haqqında çox məlumat verməsə də, bəzi detallar Azikin xarakterini anlamaq üçün kifayət edir. Atasının anasını qətlə yetirməsi faktı onun uşaqlıq travmasını açıq şəkildə göstərir. Bu hadisə insanın bütün həyatına təsir edə biləcək qədər ağırdır. Elə buna görə də Azik ətrafındakı gənclərdə öz keçmişinin izlərini gördükcə onları xəbərdar etməyə çalışır. Onun Adilə dediyi “Niyyətiniz düzdü, amma əməliniz səhvdir” fikri məncə serialın əsas ideyasını ifadə edir. Çünki ekran əsəri dəfələrlə göstərir ki, yaxşı məqsəd seçilən yanlış yolu haqq qazandıra bilməz.
Serial ailə faktorunun insan həyatında müəyyən bir rol oynadığını göstərir. Biz bunu o biri uşaqların həyatına baxanda da görürük. Fəridin atası işləmir, çox içir, evdə tez tez söh söhbətlər yaranır. Ata özü evdə ailə başçısı kimi güclü bir fiqur yaratmasa da oğlunu həmişə güclü görmək istəyir, hətta onu idman dərslərinə də göndərir. Düşünürəm Fərid də dostu Adillə “qara aləm”ə qoşularaq özünü bir növ sübut etmək istəyir. Yəni mən güclüyəm, burada da baş çıxardaram.
Fəridin xarakterində maraqlı cəhətlərdən biri də odur ki, o, dostluğa böyük dəyər verir. Bəzən səhv addımlar atsa da, dostlarının çətin vəziyyətdə qalmasına laqeyd yanaşmır. Xüsusilə Sabirin narkotik satışı ilə məşğul olduğunu öyrənəndə onun reaksiyası göstərir ki, hələ də vicdan hissini itirməyib. Bu, serialın personajları ağ və qara rənglərlə təqdim etmədiyini göstərən nümunələrdən biridir. Burada hər obrazın daxilində həm yaxşı, həm də pis tərəflər mövcuddur.
Hadisələrin mərkəzində isə Adil dayanır. O, dost çevrəsinin qeyri-rəsmi lideridir. Digərləri də əksər hallarda onun qərarlarına inanır və arxasınca gedirlər. Adil cəsur, sözünün üstündə duran və dostlarına bağlı biri kimi təqdim olunsa da, emosiyalarına tez qapılır. Məhz bu xüsusiyyət onu tez-tez riskli qərarlar verməyə məcbur edir. Maraqlıdır ki, serial Adili klassik qəhrəman obrazı kimi təqdim etmir. O, səhvlər edir, anasına söz verir ki bir daha evə problem gətirməyəcək, amma bəzən hadisələrin nəticəsini əvvəlcədən hesablaya bilmir və bunun ağır nəticələrini yaşayır. Bu xüsusiyyət Adili daha real obraza çevirir. Tamaşaçı onun yerinə qərar verməyə başlayır və düşünür ki, eyni vəziyyətdə özü necə davranardı.
Adilin ətrafında formalaşan dost çevrəsi də serialın əsas ideyasını açmağa kömək edir. Onların hər biri fərqli ailədə böyüsə də, eyni küçədə böyümələri talelərini bir nöqtədə birləşdirir. Məhəllə burada sadəcə fon deyil, obrazların xarakterini formalaşdıran əsas mühitdir. Burada yayılan bir söz, edilən bir hərəkət və ya verilən bir qərar qısa müddətdə hamının həyatına təsir göstərir.
Daşqının taleyi serialın ən faciəvi və eyni zamanda ən düşündürücü xətlərindən biridir. Burada da ailə anlayışı çox böyük rol oynayıb. 13 yaşında anasının xəyanətinə göz yumduğu üçün illərlə atası tərəfindən alçaldılıb. Hər şeyin günahını oğlunda görən atası onu dəfələrdə döyüb, illərlə sevgisiz buraxıb. Döyüldüyü səhnələrin birində Daşqının atasına dediyi “sən məni döyəndə mən çox sevinirəm, çünki mənə yalnız onda toxunursan” cümləsi insanın qəlbini paramparça edir və eyni zamanda Daşqının düşdüyü səhv yolun kökündəki səbəbləri açır. İlk baxışdan onun problemi qumar oynamağı kimi görünür. Lakin hadisələri izlədikcə məlum olur ki, qumar burada əsas səbəb yox, daha dərin bir boşluğun nəticəsidir. O, uduzduqca dayanmaq əvəzinə, itirdiklərini geri qaytara biləcəyinə inanır. Bu isə qumar asılılığının insan psixologiyasında yaratdığı ən təhlükəli illüziyadır. Hər məğlubiyyətdən sonra son bir dəfə oynamağın hər şeyi dəyişəcəyini düşünür, amma məhz həmin “son dəfə” onu daha böyük borcların içinə salır.
Borclar artdıqca Daşqın artıq seçim etmək imkanını itirir. Bu mərhələdə onun nənəsinin pensiyasını gizlicə götürməsi sadəcə oğurluq kimi qiymətləndirilə bilməz. Bu, çıxılmaz vəziyyətdə olan bir insanın mənəvi sərhədlərinin necə tədricən dağıldığını göstərən məqamdır. Ən ağrılı tərəfi isə odur ki, Daşqın bunu yad bir insana deyil, onu böyüdən və qayğısına qalan nənəsinə qarşı edir. Serial bununla göstərir ki, asılılıq təkcə insanın cibini yox, vicdanını da əlindən alır.
Mənə görə, Daşqının intiharı serialın ən təsirli səhnələrindən biridir. Bu hadisə qəfil qərar təsiri bağışlamır. Əksinə, ssenari həmin sonluğu əvvəlki epizodlardan etibarən addım-addım hazırlayır. Borcların artması, təhdidlər, çıxış yolunun qalmaması və ən əsası, yaşadığı utanc hissi onu psixoloji cəhətdən tamamilə çıxılmaz vəziyyətə gətirir. Daşqın ölümdən çox, ətrafındakı insanların gözündə alçalmağı və onların etibarını itirməyi qəbul edə bilmir. Elə buna görə də intihar onun üçün xilas yolu kimi görünür.
Bu obraz vasitəsilə müəllif təkcə bir gəncin faciəsini göstərmir. Əslində, qumarın ailələri necə dağıtdığını, insanların psixologiyasını necə dəyişdirdiyini və bir səhvin digər səhvləri necə doğurduğunu nümayiş etdirir. Daşqının ölümü serialda dönüş nöqtəsinə çevrilir. Çünki həmin andan sonra həm dostları, həm də tamaşaçı anlayır ki, yanlış seçimlərin nəticəsi həmişə həbs və ya cinayət olmur. Bəzən ən ağır cəza insanın özünü çıxılmaz vəziyyətdə hiss etməsi olur.
Sosial və psixoloji problemlərin qurbanı olan obrazlardan biri-Sabir də xüsusi diqqət çəkir. Onun hekayəsi kriminal aləmə maraq göstərən bir gəncin deyil, cəmiyyətin yanlış münasibətinin qurbanına çevrilən bir insanın hekayəsidir. Atası olmayan ailədə bütün yük anasının üzərinə düşür. Anası gecə-gündüz çalışaraq övladını dolandırmağa çalışsa da, məhəllədə insanlar onun zəhmətini deyil, işdən gec qayıtmasını görür və bunun ətrafında müxtəlif şayiələr yaymağa başlayırlar. Maraqlıdır ki, serial burada dedi-qodunun təkcə söz olaraq qalmadığını, insan taleyinə necə təsir etdiyini göstərir. Sabir insanların baxışları altında anasının hər gün alçaldıldığını hiss edir və vəziyyəti dəyişmək üçün ən radikal qərarı verir. O, anasının işləməsinə mane olur. İlk baxışdan bu qərar yanlış görünür. Lakin hadisəyə Sabirin baxış bucağından yanaşdıqda onun bunu anasının namusunu qorumaq məqsədilə etdiyini görmək mümkündür. Məncə buna görə Sabir obrazını yalnız səhv edən bir gənc kimi qiymətləndirmək düzgün olmaz. O, doğru niyyətlə yanlış qərar verən obrazdır.
Anasının işdən ayrılması isə yeni problemlərin başlanğıcı olur. Ailə gəlirsiz qalır və Sabir özünü ailənin yeganə dayağı hesab etməyə başlayır. Təhsilini yarımçıq qoyması da məhz bu məsuliyyət hissindən irəli gəlir. Əslində, bu məqam serialın çox ciddi sosial probleminə toxunur. Maddi çətinlik yaşayan gənclər bəzən təhsili gələcəyə investisiya kimi deyil, vaxt itkisi kimi görməyə başlayırlar. Sabir də qısa müddətdə pul qazanmaq istəyir və bu istək onu narkotik satışına qədər aparıb çıxarır.
Maraqlı məqamlarından biri Adil və Fəridin Sabirin bu işlə məşğul olduğunu öyrəndikləri səhnədir. Özləri də zaman-zaman yanlış qərarlar vermiş bu iki gənc Sabirin seçdiyi yolun digərlərindən daha təhlükəli olduğunu anlayırlar. Onlar Sabiri ittiham edir, onu inandırmağa çalışırlar ki, narkotik alverinin sonu heç vaxt yaxşı olmur. Bu dialoqlarda müəllifin əsas mesajlarından biri açıq hiss olunur. İnsan bəzən cinayətə təsadüfən düşə bilər, lakin narkotik ticarəti artıq təkcə öz taleyini deyil, başqalarının da həyatını məhv edən bir nöqtədir. Sabirin tərəddüdləri də göstərir ki, o, daxilən bu işin yanlış olduğunu anlayır, sadəcə özünü çıxılmaz vəziyyətdə hiss edir.
Serial boyunca diqqət çəkən başqa bir obraz isə İdrisdir. Digər dostlardan fərqli olaraq İdris daha təmkinli və müşahidəçi xarakterə malikdir. O, emosiyalarına qapılan insan deyil. Bir çox hadisələrdə əvvəlcə müşahidə edir, sonra qərar verir. Elə buna görə də İdris serialda vicdanın və sağlam düşüncənin simvolu kimi görünür. O, dostlarını tərk etmir, lakin onların hər addımını da təsdiqləmir. Müəyyən məqamlarda hadisələrə kənardan baxaraq vəziyyəti daha soyuqqanlı qiymətləndirə bilir. Məncə, müəllif İdris vasitəsilə göstərmək istəyir ki, eyni məhəllədə, eyni çətinliklər içində böyüyən hər kəs mütləq yanlış yol seçmir. İnsan yaşadığı mühitdən təsirlənsə də, son qərarı yenə özü verir.
Serialın ikinci plan obrazları da hadisələrin təsir gücünü artırır. Xüsusilə analar obrazı diqqəti cəlb edir. Demək olar ki, hər bir ana övladını qorumağa çalışır, lakin bunu müxtəlif yollarla edir. Sabirin anası bütün çətinliklərə baxmayaraq halal zəhmətlə övladını böyütmək istəyir. Fəridin anası ailədə yaranan gərginlik fonunda övladını qorumağa çalışsa da, həyat yoldaşının davranışları buna imkan vermir. Bu qadınların heç biri hadisələrin əsas qəhrəmanı olmasa da, onların yaşadıqları ağrı serialın emosional yükünü artırır. Əslində, övladların verdiyi hər yanlış qərarın ən ağır yükünü də məhz analar daşıyırlar.
Polis əməkdaşlarının təqdimatı da maraqlıdır. Onlar serialda sadəcə cinayətkarları təqib edən insanlar kimi göstərilmir. Əksinə, bəzi səhnələrdə polis əməkdaşlarının da hadisələrə insan kimi yanaşdığı hiss olunur. Bu yanaşma serialı “yaxşılar və pislər” qarşıdurmasından uzaqlaşdırır. Müəllif göstərməyə çalışır ki, cinayətlə mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil. Problemin kökü ailədə, küçədə, məktəbdə və bütövlükdə cəmiyyətdə formalaşır.
Məncə, “Mikrorayon”un ən böyük uğuru da məhz buradadır. Serial kriminal hadisələri məqsəd yox, vasitə kimi istifadə edir. Əsas məqsəd isə cinayətin özünü deyil, insanı həmin nöqtəyə gətirən səbəbləri araşdırmaqdır. Burada hər bir obraz cəmiyyətin müəyyən problemini təmsil edir. Fərid ailədaxili münasibətlərin, Adil emosional qərarların, Azik uşaqlıq travmalarının, Daşqın qumar asılılığının, Sabir isə cəmiyyətin təzyiqi və sosial ədalətsizliyin simvoluna çevrilir. Bu səbəbdən serialın əsas gücü atışma və ya kriminal hadisələrdə deyil, həmin hadisələrin arxasında dayanan insan talelərini göstərməsindədir. Elə buna görə də “Mikrorayon” təkcə kriminal dram deyil, müasir Azərbaycan cəmiyyətində mövcud olan problemləri müxtəlif talelər üzərindən təqdim edən sosial dram kimi də qiymətləndirilə bilər.
Nərminə Əzizi
Telegram kanalımız