Cənubi Koreyada iki "Michelin" ulduzuna sahib "Evett" adlı restoranın sahibi haqqında cinayət işi açılıb.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb restoranın müştərilərə qanunla icazə verilməyən qarışqalı desert təqdim etməsi olub. Məlumata görə, məsələ adi yoxlama zamanı deyil, sosial şəbəkələrdə paylaşılan görüntülər və bloq yazıları əsasında üzə çıxıb. Araşdırma zamanı restoranın turş dad vermək üçün sorbe desertinin üzərinə qurudulmuş qarışqa səpdiyi müəyyən edilib.
Cənubi Koreya qanunvericiliyinə əsasən, yalnız çəyirtkə, un qurdu və ipəkqurdu baraması kimi bəzi həşəratların qida məhsulu kimi istifadəsinə icazə verilir. Digər həşəratların qidada istifadəsi üçün isə əvvəlcədən xüsusi icazə alınmalıdır. Dördpendirli pizza
Prokurorluq iddia edir ki, restoran ABŞ və Taylanddan gətirilən qarışqalardan istifadə edərək dörd il ərzində minlərlə porsiya desert satıb və bu müddətdə on minlərlə qarışqadan istifadə olunub.
Məhkəmədə restoran rəhbərliyi ittihamları tam qəbul etməyib. Bildirilib ki, prokurorluğun açıqladığı rəqəmlər həqiqəti əks etdirmir və hər müştəriyə qarışqa əlavə olunmuş desert təqdim edilməyib. Şef Cozef Lidcervud isə ABŞ və Avropada işlədiyi dövrdə yeməklərə təbii turş dad vermək üçün qarışqadan istifadə etdiyini, bunun Cənubi Koreyada qadağan olunduğunu bilmədiyini deyib.
İttiham aktında restoran sahibinin bir il müddətinə azadlıqdan məhrum edilməsi, şirkətin isə iri məbləğdə cərimələnməsi tələb olunur. İş üzrə yekun qərarın payızda açıqlanacağı gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız