Onlayn alış-veriş zamanı bəzi hallarda alıcı ödənişi etdikdən sonra satıcının məhsulu göndərmədiyi, daha sonra isə müştərini bloklayaraq əlaqəni kəsdiyi hallara rast gəlinir. Belə vəziyyətlərdə vətəndaş nə etməlidir?
Bu barədə "Yeni Sabah"a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və hüquqşünas Tağı Hüseynov açıqlama veriblər.
E.Hüseynov bildirib ki, onlayn ticarətin genişlənməsi ilə istehlakçıların qarşılaşdığı problemlərin formaları da müxtəlifləşib:
“Onlayn ticarətlə klassik ticarət ciddi rəqabətdədir. İnsanlar getdikcə onlayn ticarətə doğru gedirlər. Onlayn ticarətin də çox əcaib formaları meydana çıxır.Məsələn, keçən həftə bizə daxil olan iki şikayət eyni marketlə bağlı olub. Məlum olur ki, bir market bir sıra satış şəbəkələri ilə müqavilə bağlayıb. Özlərinin heç bir məhsulu yoxdur, sadəcə reklam kampaniyaları ilə istehlakçıları cəlb edirlər, başqa yerdən məhsulu gətirib çatdırırlar və bundan gəlir əldə edirlər. Problem yarananda isə bildirirlər ki, mal bizə məxsus deyil və istehlakçı həmin şirkətlə əlaqə saxlamalıdır.Mən keçən həftə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bir marketlə bağlı iki şikayət ərizəsi göndərmişəm. Bu məsələləri danışıq yolu ilə də həll etmək mümkün olmur. Satıcı bildirir ki, məhsul ona məxsus deyil.Halbuki İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunda birbaşa satıcının məsuliyyət daşıdığı qeyd olunur. Məhsulun mənbəyinin kimə məxsus olması istehlakçı üçün əsas deyil”.
Onun sözlərinə görə, onlayn ticarətdə pulu alıb məhsulu təqdim etməmək halları ilə bağlı Azad İstehlakçılar Birliyinə də şikayətlər daxil olur:
“Onlayn ticarətdə istehlakçıların aldadılması da geniş yayılır. O cümlədən pulu alıb malı verməmək barədə Azad İstehlakçılar Birliyinə telefon zəngləri şəklində şikayətlər daxil olur. Belə halda istehlakçı dövlət orqanına – Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və yaxud polisə müraciət edə bilər. Həmin dövlət qurumu məsələni araşdırmağa borcludur, çünki bu, onların işidir”.
Hüquqşünas Tağı Hüseynov isə bildirib ki, onlayn formada bağlanan alqı-satqı müqavilələri də hüquqi qüvvəyə malikdir və elektron alış-veriş edən şəxsin hüquqları ənənəvi mağazadan alış-veriş edən istehlakçının hüquqlarından aşağı deyil. Onun sözlərinə görə, alıcı məhsulun pulunu əvvəlcədən ödəyibsə, satıcı razılaşdırılmış şərtlərə uyğun olaraq məhsulu təqdim etməlidir:

“Satıcı məhsulu göndərmir və ya razılaşdırılmış şərtlərə əməl etmirsə, istehlakçı öz hüquqlarının müdafiəsini tələb edə bilər. Burada seçim alıcınındır. Əsas məqsəd ya məhsulun təqdim edilməsidir, ya da ödənilmiş vəsaitin geri qaytarılması və qanuni əsas olduqda dəymiş ziyanın ödənilməsidir”.
T.Hüseynov qeyd edib ki, istehlakçı pozulmuş hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, həmçinin məhkəməyə müraciət edə bilər. Hüquqşünasın sözlərinə görə, bəzi hallarda isə məsələ cinayət məsuliyyəti müstəvisinə keçə bilər:
“Satıcının müştərini bloklaması avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Bunun səbəbləri araşdırılmalı və dəqiqləşdirilməlidir. Lakin məhsulun göndərilməməsi, pulun qaytarılmaması və satıcının digər şəxslərdən də eyni üsulla pul alması birlikdə qiymətləndirilə bilər.Şəxsin əvvəlcədən məhsulu təqdim etmək niyyəti olmayıbsa, aldatma və ya etibardan sui-istifadə etməklə vətəndaşın pulunu ələ keçirmək niyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunarsa, Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə cinayət məsuliyyəti yarana bilər”.
O vurğulayıb ki, məhsulun sadəcə gecikdirilməsi və ya müəyyən səbəbdən göndərilməməsi avtomatik olaraq dələduzluq kimi qiymətləndirilə bilməz:
“Dələduzluq üçün əvvəlcədən başqa niyyətin olması lazımdır. Məsələn, məhsulu çatdıra bilməyiblərsə, məhsul gecikibsə və ya həmin anda əllərində məhsul olmayıbsa, bu halda dələduzluq tərkibi yaranmır”.
Tağı Hüseynov zərərçəkmiş şəxslərə isə bütün sübutları qorumağı tövsiyə edib:
“Onlayn məsələlərdə məhsulun elanının ekran görüntüsü mütləq saxlanılmalıdır. Bundan başqa, bütün yazışmalar – istər sosial şəbəkələrdə, istərsə də WhatsApp-da aparılan yazışmaların hamısı skrin edilməlidir.Həmçinin yazışılan telefon nömrələri, göndərilən səsli mesajlar, zənglərlə bağlı məlumatlar təqdim olunmalıdır. Ödəniş edilibsə, qəbzin şəkli, bank çıxarışı, məbləğ və ödənişin tarixi də saxlanılmalıdır. Satıcı tərəfindən bloklanma halı varsa, bununla bağlı ekran görüntüləri də sübut kimi təqdim edilməlidir”.
Hüquqşünasın fikrincə, belə hallarda vətəndaş həm Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, həm də Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edə bilər:
“İlkin olaraq Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmək daha məqsədəuyğundur. Çünki vətəndaş özü bilməyə bilər ki, ona qarşı dələduzluq edilib, yoxsa məsələ mülki qaydada həll olunmalıdır. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir”.
T.Hüseynov bildirib ki, araşdırma nəticəsində cinayət tərkibi müəyyən edilməzsə, vətəndaş məhkəməyə müraciət edərək ödədiyi pulun və ya məhsulun təqdim olunmasını tələb edə bilər:
“Əgər polis müəyyən etsə ki, dələduzluğun tərkibi yoxdur, yəni cinayət əməli baş verməyib, o halda vətəndaş məhkəməyə müraciət edib ödədiyi pulu və ya malı tələb edə bilər. Qanuni əsas olduqda ona dəymiş ziyanın ödənilməsini də tələb etmək mümkündür”.
Hüquqşünas əlavə edib ki, satıcının alıcı ilə əlaqəni kəsməsi, məhsulun göndərilməməsi və pulun geri qaytarılmaması kimi hallar birlikdə araşdırılmalıdır:
“Bloklama öz-özlüyündə dələduzluq demək deyil. Amma satıcı həm məhsulu göndərməyib, həm pulu qaytarmayıb, həm də alıcını bloklayıbsa və eyni üsulla başqa şəxslərdən də pul alıbsa, bu artıq dələduzluq əlamətlərinin olub-olmaması baxımından araşdırılmalıdır”.
Aytac Əliyeva
Telegram kanalımız