“Hesab edirəm ki, “İştirak evi” QHT-sinin cəmiyyətdə qarşıdurma yaratmaq üçün nə gücü, nə də dəstəkçiləri var. Özləri kimi 3-4 nəfərlə də heç nə edə bilməzlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, məlum “no war”çı QHT-nin İkinci Qarabağ müharibəsində iştirak edənlərlə bağlı səsləndirdiyi fikirlərə toxunub.
Qeyd edək ki, həmin pasifist, LGBT-çi qurum Azərbaycanın haqq işini canilik kimi qiymətləndirərək müharibə iştirakçılarını və şəhid ailələrini təhqir edib onları “lom” adlandırıb.
Deputatın fikrincə, onlar haqqında hüquq-mühafizə orqanlarımız təcili olaraq çox ciddi tədbir görməlidir:
“Çünki bu, dövlətçiliyimizə və təhlükəsizliyimizə qarşı olan bir hərəkətdir. Bu, dövlət səviyyəsində araşdırılmalı, kimlikləri müəyyən olunmalı və Azərbaycan qanunları çərçivəsində bunlar haqqında çox ciddi ölçü götürülməlidir.
Bu adamların hərəkəti və fikirləri düşmənlərimizi sevindirir. Görün, onlar nəyə qarşı çıxır? Azərbaycan ordusu və xalqı torpaqlarını müharibə yolu ilə azad edib deyə onlar buna qarşı çıxırlar. Bunların hərəkəti dövləti cinayət hesab olunmalı və hüquq-mühafizə orqanları bunlar haqqında ciddi tədbir görməlidir.
Əgər onlar şəhid ailələrini təhqir edirlərsə, müharibədə iştirak edən igid oğlanlarımızın hərəkətlərinə qarşı çıxırlarsa, deməli, onların fikirlərindən belə çıxır ki, heç kim əlinə silah götürüb vətəni qorumamalıdır. Təkrar edirəm, hüquq-mühafizə orqanları yubanmadan təcili olaraq onların fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlər görməlidir”.
Ehtiyatda olan mayor Ədalət Verdiyev isə düşünür ki, “İştirak evi” kimi QHT-lər, adətən, ölkə hüdudlarından kənarda fəaliyyət göstərir və onların Azərbaycan, torpaq, vətən, namus, qeyrət, ləyaqət və şərəflə heç bir əlaqəsi yoxdur:
“Azərbaycan dövləti heç kimi məcburi şəkildə müharibəyə göndərməyib. Müharibənin aparılması sosial bir sifariş və ictimaiyyətin 30 illik arzusu idi.
Nəticə etibarilə, bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Hansı normal insan vətəninin bütövlüyünün təmin olunmasına qaşrı çıxa bilər?
Əgər belə biriləri varsa, onların azərbaycanlılıq, türklük və ən əsası insanlıq ilə heç bir əlaqəsi yoxdur. Bu açıqlamaların yaradacağı reaksiya yalnız o ola bilər ki, onlar layiq olduqları cavabı Azərbaycan icitmaiyyətindən alacaqlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız