Polşadakı azərbaycanlılar müraciət yaydı
08 Apr 2020 17:56
316

Polşadakı azərbaycanlılar müraciət yaydı

"Biz , 150-dən çox azərbaycanlı tələbə və işçi kimi gələn vətəndaşlar Polşa dövlətində virusla əlaqədar çıxılmaz vəziyyətdə qalmışıq. İş yerləri bağlandığından əksər azərbaycanlılar çalışmır. Tələbələrin ailələri Azərbaycanda işlərin bağlanmasından dolayı övladlarına maddi yardım göndərə bilmirlər. Dərslərin 1 semester onlayn olması, maddi problemlər və virusun sürətlə yayılması, həmçinin ölənlərin hər gün sayının artması isə burada qalmağı günü-gündən çətinləşdirir".

“Yeni Sabah” xəbər verir ki, bunu Polşada yaşayan vətəndaşlarımız yazıb. Onların sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar  Azərbaycanın Polşadakı Səfirliyinə, Diaspora ilə İş üzrə Dövlət Komitəsinə və Xarici İşlər Nazirliyinə müraciət etsələr də, lazımı köməkliyi ala bilmətiblər:

"Aramızda ailəli şəxslər, qadınlar və sağlamlığında problem (virus yox, məsələn, mədəsi xəstə, əli kəsilmək təhlükəsi olan) olan azərbaycanlıların maddi və psixoloji vəziyyəti heç də ürəkaçan deyil. Qalacaq və qida üçün maliyyə çatışmazlığı olan şəxlər var. Biz Azərbaycan dövlətindən təxliyə üçün çarter reyslərinin təşkil olunmasını xahiş edirik".

Xatırladaq ki, bir neçə gün əvvəl 96 azərbaycanlını Polşadan təxliyə edən təyyarə Bakıya enmədən geri qayıdıb. Səbəb isə təyyarə havaya qalxdıqdan sonra Azərbaycan tərəfinin  təyyarəni ancaq Lənkəranda qəbul edə biləcəyini deməsi olub.

Oxşar xəbərlər