Qardaş ölkədə dəhşətli fəlakət - Onlarla yaralı var +   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qardaş ölkədə dəhşətli fəlakət - Onlarla yaralı var + VİDEO

Dünya

04 May 2026 09:46 140


Türkiyənin Gaziantep şəhərində qəfil başlayan güclü yağış, dolu və fırtına həyatın axarını pozub, nəticədə çox sayda insan xəsarət alıb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan və güclü külək səbəbindən şəhərin müxtəlif yerlərində binaların dam örtükləri uçub, ağaclar kökündən qoparaq yollara aşıb.

Eyni zamanda bəzi ərazilərdə sel suları yollarda ciddi problemlər yaradıb.

Fırtınanın ən ciddi fəsadlarından biri Türkiyə Olimpiya Hazırlıq Mərkəzinin binasında qeydə alınıb. Mərkəzin dam örtüyünün uçması nəticəsində 5 nəfər yaralanıb. Bundan başqa, müxtəlif ünvanlarda uçan dam örtükləri, aşan konteynerlər və baş verən yol qəzaları nəticəsində ümumilikdə 23 nəfər xəsarət alıb.

Şəhərdə bəzi çay və kanallar daşıb, yollar su altında qalıb. Xüsusilə Perilikaya məhəlləsində suyun səviyyəsi yüksəlib və nəqliyyatın hərəkəti çətinləşib. Bəzi avtomobillər yolda qalıb, xilasedicilər və polis əməkdaşları sürücülərə kömək edib.

Güclü yağış zamanı küçədə qalan sakinlər sığınacaq axtararaq yanacaqdoldurma məntəqələrinə və ticarət mərkəzlərinə üz tutub.

Pis hava şəraiti səbəbindən Şehitkamil, Şahinbey və Nizip rayonlarında tədris dayandırılıb.

Kayacık Barajı ətrafında yaranan burulğanın təsiri ilə bir mikroavtobus yoldan çıxaraq aşıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, güclü fırtına mikroavtobusu sözün əsl mənasında sürüyərək yoldan çıxarıb. Hadisə zamanı yaralananların olduğu bildirilir və onlara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Şanlıurfa vilayətinin Birecik və Viranşehir rayonlarında da güclü yağış və fırtına nəticəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Həmin ərazilərdə də məktəblərdə dərslər 1 günlük dayandırılıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!