Qəbul imtahanına qeydiyyat başa çatır

Qəbul imtahanına qeydiyyat başa çatır
İyun 12, 2019
Oxunma sayı: 32

Yay qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd edən abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda bu gün saat 23.59-dək qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

Buraxılış imtahanını vermiş, lakin 15 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

Qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar.

Dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmırlar.