Həmişə məndən soruşurdular: "Verilişdə gördüklərimiz düzdür?"
Və həmişə də suala sualla cavab verirdim: "Siz nə görmüsünüz?"
Cavablar, adətən, oxşar olurdu: "Doğrudan, o qadının ürəyi getdi? Doğrudan, o kişi arvadının başına mikrofonu vurdu?" pizza mizza
Telekanallarla əməkdaşlıq etdiyim dövrdə bu suallarla tez-tez qarşılaşırdım. İnsanların inamsızlığı məni əsəbləşdirirdi. Bəzən tənəli, incik cavab verirdim: "Uzunbalaq tuman geyinən o arvad aktrisaya oxşayırdı? O yekəqarın kişidən aktyor olar? Əlbəttə, hamısı real adamlar, real hadisələrdir. Oğlunun ölüm xəbərini redaksiyada alan ananın ürəyinin getməsində təəccüblü, qeyri-adi nə var?!"
İnananlar da olurdu, inanmayanlar da. Azı yüz dəfə bu cür rekasiyaya ilə qarşılamışam: "Əşşi, indi reytinq xatirinə hər şey edirlər".
Düz demirlər?
Hamısı olmasa da, aparıcıların əksəriyyəti reytinq xatirinə ən ucuz şoulara əl atır. Reytinq insanı tədricən meymuna çevirir. Reytinq xatirinə efirdə min cür hoqqadan çıxan, sözün həqiqi mənasında meymunluq edən aparıcılarla hər gün qarşılaşırıq...
Aparıcı Rövşanə Ağasəfqızını "Space" TV-dəki işindən uzaqlaşdırıblar. Səbəbini bilmirəm. Heç Rövşanə xanımın özü də bilmir. Bu mövzuda cəmi iki kəlmə danışıb: "Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi".
Azərbaycanda vəzifəyə gələn adamın köhnələri "kürüyüb dənizə tökməsi" ciddi problemdir. Bu tendensiya həm dövlət, həm də özəl qurumlar üçün xarakterikdir. Təzə gələnlər özlərini elə aparırlar ki, sanki sahibləndikləri kürsü onlara Qobustan qayaları ətrafında yarıçılpaq rəqs edən ulu babalarından qalıb.
Sözümün canı başqadır. Rövşanə xanım bu gün yeni açıqlama verib. Üç nöqtələrlə zəngin olan mətndə bu cümlə diqqətimi cəlb etdi: ""Zatən işlədiyim mühitdə qalmaqaldan, söz-söhbətdən uzaq gəzən insanam... boğazımızdakı reytinq kəndiri ucbatından bəzi qalmaqallı verilişlərə müəlliflik etmək zorunda qalmağıma baxmayın... tələb belədir..."
Həmkarımızın xüsusi vurğuladığı reytinq kəndiri neçə vaxtdı jurnalistlərin, yazıb-yaradan adamların boğazındadır. Əksəriyyətimiz İP üçün özümüzü ipdən asmağa hazırıq. Bir neçə ay əvvəl yazmışdım ki, hamımız Rəqsanənin qızının ümidinə qalmışıq. İndi baxıram ki, həmin yazını 45 424 adam oxuyub. Yəqin ki, başlıqda Rəqsanənin adı olmasaydı, heç 4 min adam da oxumayacaqdı...
Rövşanə xanım istedadlı jurnalistdir. Zəngin mütaliəsi var, daim öz üzərində işləyir. Verilişinə həmişə savadlı, yenilikçi adamları dəvət edir. Bu ölkədə intellektual veriliş hazırlamaq iqtidarında olan 3-5 aparıcıdan biridir. Amma özünün də dediyi ki, "reytinq kəndiri" boğazındadır. Bu kəndiri onun və onun timsalında bütün aparıcıların, jurnalistlərin boğazına tamaşaçı keçirib. Nə qədər ki, tamaşaçı qalmaqal, ucuz şou, qeybət axtarır, bu kəndir boğazımızda qalacaq.
Biz də boğula-boğula qalacağıq...
Seymur VERDİZADƏ
Telegram kanalımız