Ukraynada gecə saatlarında bir sıra mühüm obyektlərə zərbələr endirilib. Rusiya tərəfi hücumların logistika mərkəzləri, limanlar və hərbi yüklərin daşındığı gəmilərə qarşı həyata keçirildiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərində müxtəlif hədəflərin vurulduğunu bildirib. Nazirliyin məlumatına görə, Kiyev vilayətinin Şastlivoye yaşayış məntəqəsində yerləşən “BDU Logistic” mərkəzinə zərbə endirilib. Bildirilib ki, mərkəzin anbarlarında hərbi məqsədlə istifadə olunan məhsullar saxlanılır və paylanılırdı.
Məlumata görə, Boyarka yaşayış məntəqəsində Ukraynanın hərbi sənaye müəssisələrini qazla təmin edən paylayıcı məntəqə də hədəfə alınıb. Toyuqlu pizza
Odessa vilayətində isə Odessa limanında Ukrayna ordusu üçün yük daşıyan quru yük gəmisinin vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında İzmail limanında hərbi yüklərin boşaldılması və saxlanılması üçün istifadə olunan liman infrastrukturunun da hədəfə alındığı qeyd olunub. Bundan başqa, Odessa limanına Ukrayna ordusu üçün yük aparan digər quru yük gəmisinin hərəkətdə olarkən vurulduğu açıqlanıb. Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə ərazisinə göndərilən Ukraynaya məxsus 244 pilotsuz uçuş aparatının məhv edildiyini də bildirib.
Qeyd edək ki, bunlar Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlardır. Qarşı tərəfin açıqlaması təqdim olunmayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız