Cari ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanın xalis maliyyə aktivlərinin həcmi 109 milyard 880,7 milyon manat səviyyəsində qeydə alınıb. Bu göstərici Hesablama Palatasının “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə hazırladığı rəydə öz əksini tapıb.
“Yeni Sabah” xəbər verir ki, yekun rəqəm ölkənin ümumi maliyyə aktivləri (133 milyard 777 milyon manat) ilə maliyyə öhdəlikləri (23 milyard 896,3 milyon manat) arasındakı fərq əsasında hesablanıb. Ümumi maliyyə aktivlərinin 125 milyard 864,8 milyon manatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) payına düşür, 7 milyard 894,4 milyon manatı vahid xəzinə hesabının qalığını təşkil edir, qalan 17,8 milyon manatı isə dövlət müəssisələrinin büdcə öhdəliklərinə xidmət üzrə cari ilin payıdır.
Son bir il ərzində ölkənin xalis maliyyə aktivlərinin yüksəlməsində əsas rolu məhz ARDNF-in aktivlərinin artımı oynayıb. Fondun ehtiyatlarının böyüməsinə isə 2025-ci ilin dördüncü rübündə qızılın qiymətindəki artım, 2026-cı ilin martından etibarən xam neftin bir barelinin nəzərəçarpacaq dərəcədə bahalaşması, qurumun izlədiyi əsas səhm indekslərindəki yüksək gəlirlilik, eləcə də dövlət büdcəsinə edilən transfertlərin həcminin azaldılması kimi faktorlar təsir göstərib. Qeyd edilir ki, bu göstəricinin hesablanması zamanı bütün hallarda kassa metodundan istifadə olunmur. Onlayn mağaza
Bundan başqa, yeni “Büdcə zərfi” çərçivəsində “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilməsi planlaşdırılır. Layihəyə əsasən, xalis maliyyə aktivlərinin tərkib hissələrini müəyyən edən siyahıdan "vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri" ifadəsinin çıxarılması təklif olunur.
Telegram kanalımız