Bir neçə gün əvvəl rayonda idim. Məni tanıyan amma mənim tanımadığım bir gənc yaxınlaşdı. Dedi ki, mən də sənin kimi jurnalistəm. Kim olduğunu soruşdum. Dedi, qonşu kənddənəm və atasının adını söylədi. Tanıdım.
- Bəs harda işləyirsən?
- “Dünya kriminal” qəzetində... Dominos pizza
Sözümü birbaşa dedim.
- Day de ki, reketəm də!..
- Hə bilirəm. Amma mən elə işlə məşğul olmuram. Bilirəm ki, indi reketlərin üstünə düşüblər. Mən hələ heç kimi şantaj etməmişəm. 4-5 aydır işləyirəm.
Mənə maraqlı gəldi ki, əgər bu adam heç kimi şantaj edib pul almırsa, o zaman hardan qazanır. Soruşdum ki, nə qədər maaş alırsan. Dedi bizdə maaş yoxdur. “Bəs işinin adı nədir, nə ilə yaşayırsan?” - sual etdim.
Bildirdi ki, əslində, ona maaş lazım deyil. Qazancı tamam başqa sahədəndir. Sadəcə ona jurnalist vəsiqəsi lazımdır ki, heç kim işinə mane olmasın. Deyir, əvvəllər çox problemi olurdu. Amma indi rayonda bütün dövlət qurumları onun “jurnalist” olduğunu bilir. Hörməti hörmət, düzüb-qoşmadığı iş də yoxdur: “Amma hələ heç bir məmur, iş adamından şantajla pul tələb etməmişəm”...
“Dünya kriminal” adlı qəzetlə bağlı Googlda axtarış verəndə haqqında heç bir məlumat çıxmır. Sadəcə, Mətbuat Şurasının “qara siyahı”sında olduğu barədə onlarla saytda materiala rast gəlmək olur.
Bir də “qəzet”in Azərbaycan Nəşriyyatında mənzilləndiyi bəlli olur.
Söhbət 3 gündür gündəm olan Nəşriyyatdan gedir. Reket yuvasından. Ağabəy Əsgərovun 9 mərtəbəli obyektindən. Mən 21 illik jurnalist həyatımda cəmi 2-3 dəfə bu “müqəddəs şeytan yuvası”nda olmuşam. Açıq deyim ki, heç bir təəssüratım olmayıb.
Amma zaman-zaman o qədər neqativ faktlar ortaya çıxıb ki, bu binadakı əməllərlə media sözü arasında heç bir bərabərlik işarəsi qoyula bilməz. Ağbəy Əsgərov bu obyektə rəhbərlik etdiyi 2005-ci ildən medianın üz qarası olan bütün adamları öz müştərisinə çevirib. İndi nəşriyyatda bir əlin barmaqlarının sayından da az normal media quruluşu qalıb. Nəşriyyat sözün əsl mənasında kriminal ocağına çevrilib. Bunu Baş Prokurorluğun son bir neçə ayda həbs etdiyi reket jurnalistlərin rəhbərlik etdiyi qurumlardan da görmək olar. Ərinməyib onların harada yerləşdiyi haqda kiçik araşdırma apardım. Bəlli olur ki, böyük əksəriyyəti Azərbaycan Nəşriyyatında “oturur”.
16 ildə Ağabəy bəy özü üçün böyük kriminal ordu yaradıb. Onların da işi-peşəsi məmurları, iş adamlarını şantaj edib 5-10 manat pul almaqdan ibarətdir. Bu rəzil orduya nəfəs verməkdə Əsgərovun az payı yoxdur.
Dünən AzTV-nin Nəşriyyatla bağlı bir süjetini izlədim. Bəlli olur ki, cənab Əsgərov Nəşriyyatın ərazisini kimə gəldi “arenda”ya verib. Xalça yuma, yağdəyişmə, avtomibil təmiri, taxta sexi, mebel sexi... Tam bir “xidmət” sahəsi yaradıb.
Hər il Azərbaycan Nəşriyyatı üçün dövlət büdcəsindən böyük maliyyə vəsaiti ayrılır. Amma bu vəsait hara xərclənir, nə iş görülür, Nəşriyyat niyə bu qədər rəzil gündədir, heç bir hesabatlılıq yoxdur. Ağabəy Əsgərov Nəşriyyatın ərazisini satdığı və ya pay verdiyi Əli Həsənovun taleyindən nə üçün dərs götürmür? Bəs qonşuluğundakı binadan qandalla aparılan Vüqar Səfərli ona dərs olmadımı?
Yeri gəlmişkən! Əsgərov 2011-ci ildə prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
2019-cu ildə isə Rusiya Prezidenti Vladimir Putin onu “Puşkin” medalı ilə təltif edib.
Nə olsun ki, bəyəm Əli Həsənovun, Vüqar Səfərlinin az orden-medalı vardı?!.
İndi Ağabəy müəllimə medaldan çox “pedal” lazımdır.
Yavaşlamaq üçün…
Elnur MƏMMƏDLİ
Telegram kanalımız