Azərbaycan şou-biznesində səhnə artıq təkcə səs və performansla ölçülmür. Məşhurların geyimi, taxdığı zinət əşyası, çantası, ayaqqabısı, hətta gündəlik obrazı belə bəzən mahnılarından çox danışılır.
“Yeni Sabah” xəbər verir ki, son illər yerli məşhurlar arasında lüks brendlərə maraq daha da artıb.
Bəzi sənətçilər bahalı geyimləri ilə səhnədə, bəziləri isə sosial şəbəkə paylaşımlarında gündəm olmağı bacarır. 2026-cı ildə də şou-biznesdə “kim nə geyindi, nə qədər xərclədi” sualı tamaşaçıların ən çox maraq göstərdiyi mövzulardan biri olaraq qalır.
Xalq artisti Aygün Kazımova illərdir səhnə obrazları və cəsarətli stili ilə seçilir. Pop diva “Dolce & Gabbana”, “Balenciaga” kimi lüks markalara üstünlük verməsi ilə tanınır. Onun həm konsert, həm də gündəlik görünüşlərində bahalı çanta, ayaqqabı və libas seçimləri tez-tez sosial şəbəkələrdə müzakirə olunur.
Xalq artisti Röya Ayxan da bahalı geyim və zinət əşyaları ilə gündəmdən düşməyən sənətçilərdəndir. Səhnə çıxışlarında seçdiyi libaslar, “Bulgari” kimi brendlərə məxsus aksesuarları onun lüks tərzini tamamlayan əsas detallardandır. Röyanın bir obrazının dəyərinin yüz minlərlə manata çatması bir müddət əvvəl geniş müzakirə yaratmışdı.
Xalq artisti Tünzalə Ağayeva daha çox zövqlü və klassik tərzi ilə tanınır. Onun səhnə geyimlərində “Versace”, “Saint Laurent” kimi bahalı markaların imzasına rast gəlinir. Müğənni sadə, amma bahalı görünüş yaratmağı bacaran sənətçilərdən hesab olunur.
Xalq artisti Zülfiyyə Xanbabayeva da illərdir özünəməxsus zərif imici ilə seçilir. Müğənninin qarderobunda “Christian Dior”, “Emporio Armani”, “Balmain”, “Lanvin” kimi brendlərin olduğu bildirilir. O, daha çox sakit, eleqant və bahalı tərzi ilə yadda qalır.
Türkiyədə yaşayan müğənni Günel Zeynalova da lüks geyim həvəskarı kimi tanınır. Onun “Gucci”, “Dior”, “Prada”, “Balmain” kimi markalara üstünlük verdiyi qeyd olunur. Günelin sosial şəbəkədə paylaşdığı obrazlar zaman-zaman izləyicilər arasında müzakirələrə səbəb olur.
Əməkdar artist Ədalət Şükürov kişi ifaçılar arasında bahalı aksesuarları ilə seçilir. Onun qol saatları, brend köynəkləri və idman ayaqqabıları tez-tez diqqət mərkəzinə düşür. Xüsusilə dəyəri minlərlə manat olan saatları müğənninin lüks zövqünü göstərən detallardandır.
Xalq artisti Faiq Ağayev səhnə geyimlərinə xüsusi önəm verən sənətçilərdəndir. Müğənninin kostyumları, paltoları və zinət əşyaları onun imicinin ayrılmaz hissəsinə çevrilib. O, bir müddət əvvəl bahalı qızıl üzüklərə marağı olduğunu da açıqlamışdı.
Müğənni Safura da premium brendlərə üstünlük verən tanınmış simalardandır. Onun “Moncler”, “Prada”, “Fendi”, “Valentino”, “Dolce & Gabbana” kimi markalara məxsus geyim və aksessuarları ilə gündəmə gəldiyi olub. Safura daha çox modern və bahalı casual obrazları ilə seçilir.
Müğənni Ayan Babakişiyeva bahalı libaslara çox pul xərcləmədiyini desə də, zinət əşyaları ilə müzakirə yaradıb. Onun bir məclisdə taxdığı qızıl qolbağın qiymətini 32 min avro olaraq açıqlaması uzun müddət gündəmdə qalmışdı.
Beləliklə, hələ də Azərbaycan şou-biznesində lüks təkcə səhnədə deyil, şəxsi imicin əsas göstəricilərindən biri kimi qalır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız